Göyçayda ölülərdən su pulu yığılır
Göyçaydan növbəti analoqu olmayan maraqlı xəbər daxil olub. Sakinlərin bildirdiyi xəbərə görə, Göyçay Şəhər Su və Kanalizasiya idarəsi su pulu yığmaq üçün yeni qaydalar tətbiq edib. Qaydalara əsasən ölülərdən də su pulu yığılır.
Yeni “Smart kart” sayğac sistemi tətbiq olunana qədər 10 min abonentin hər birindən ailə üzvləri nəzərə alınmadan standart olarq 5 manat pul yığılırmış. Yeni su sistemi quraşdırıldıqdan sonra isə əsasız olaraq sakinlərin üzərinə əlavə borclar da hesablanıb və onların borc kimi kartlarına yazılıb. Üzərinə borc yazılan sakinlərin arasında ölmüş sakinlər də var.
Ölmüş sakinlərdən birinin adına isə 186 manat borc yazılıb. Halbuki, həmin adam 8 il bundan əvvəl dünyasını dəyişib.
Sakinlər əlavə olaraq qeyd edirlər ki, borc yazılması hətta 3-4 il bundan əvvəl evinin qapısına qıfıl vuraraq Rusiyaya və digər bölgələrə köçmüş şəxslərə də şamil edilib və onların istifadə etmədiyi su üçün pullar qohumlarından tələb olunur. Bu cür vətəndaşlardan birinin üzərinə isə nə az, nə də çox- düz 400 manat borc yazılıb. Şahidlər deyir ki, bu siyahını istənilən qədər uzatmaq da olar. Bu isə vətəndaşlar arasında ciddi narazılıq yaradır.
İdarədən isə narazılıq edən vətəndaşlara borcları hissə-hissə ödəməyi məsləhət görüblər(moderator.az).