!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günnüt kəndində etibarlı müdafiə sistemi yaradılıb - FOTO

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələr üçün nümunəvi xidmət şəraiti yaradılıb. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Ordumuz tərəfindən nəzarət altına götürülən Günnüt kəndində də etibarlı müdafiə sistemi qurulub.

Yenicag.az xəbər verir ki, iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlayıb, Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə şəxsi heyəti təbrik edərək deyib: Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır”. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf etdikcə, ordumuzun da qüdrəti artır. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad da ordumuzun gücünün və qüdrətinin daha bir nümayişi oldu.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

Ali Məclisin Sədri bu əməliyyatların həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib: Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər işğaldan azad olunub. Şəxsi heyət əməliyyatlar keçirilən zaman rəşadət göstərərək böyük bir ərazini nəzarətə götürmüşdür. Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılmış, bu əməliyyatda xidməti olanlar təltif olunmuş və onların göstərdikləri qəhrəmanlıqlar yüksək qiymətləndirilmişdir. Kərəm Mustafayev təltif olunan, mükafat alan, əməyi dəyərləndirilən hər bir şəxs adından Ali Baş Komandana və Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulacaq hər bir tapşırığı uğurla yerinə yetirəcəklərini bildirib.

Zabit Rəşad Əliyev və gizir Hüseyn Vəliyev minnətdarlıq edərək deyiblər: Uzun illərdir işğal altında olan Günnüt kəndinin nəzarətə götürülməsi bizim döyüş ruhumuzu daha da artırıb. Biz fəxr edirik ki, bu əməliyyatda iştirak etmişik. Düşmənin yaşayış məntəqələri və mühüm strateji yolları nəzarətimiz altındadır. Şəxsi heyət istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Biz bu zəfəri Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal altında olan torpaqlarımızda da qeyd edəcəyik.

Əsgər Rasim Əhmədəliyev çıxış edərək deyib: Günnüt əməliyyatının uğurla başa çatdırılması ordumuzun qüdrətinin və peşəkarlığının nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda Ali Baş Komandan tərəfindən Günnüt əməliyyatının yüksək qiymətləndirilməsi bizim qələbə əzmimizi artırıb. Döyüş mövqelərində xidmətin nümunəvi təşkili üçün yaradılan şərait göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Şüarımız və amalımız birdir: “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün”.

Ali Məclisin Sədri Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Sonra Ali Məclisin Sədri Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.

Ali Məclisin Sədri hərbi əməliyyatların uğurla başa çatması münasibətilə şəxsi heyətə təşəkkürünü bildirərək deyib: Azərbaycan ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmişdir. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.

Ali Məclisin Sədri əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Sonra ön xətdə yerləşən digər postlarda şəxsi heyətlə görüşən Ali Məclisin Sədri göstərdikləri şücaətə görə əsgər və zabitləri təbrik edib, onlara təşəkkürünü bildirib.

Zabit Rəşad Məmmədov minnətdarlıq edərək deyib: Naxçıvan əməliyyatında şanlı Azərbaycan əsgəri düşmənə layiqli cavab verdi. Əməliyyatın çətinliklərinə baxmayaraq hər bir hərbi qulluqçu dövlətin və xalqın dəstəyini öz üzərində hiss edərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Fəxr edirik ki, bu torpaqların azad olunmasında iştirak etdik. Söz veririk ki, torpaqlarımızı bundan sonra da şərəflə qoruyacağıq. Bu əməliyyat bir daha düşmənə göstərdi ki, onun istənilən təxribatının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Şəxsi heyətimiz hər cür qayğı ilə əhatə olunub. Bu yaxınlarda hərbi qulluqçularımızın təltif olunması və onlara rütbələrin verilməsi bizi daha da ruhlandırdı. Növbəti döyüş əmri uğrunda əsgəri şücaətimizi göstərməyə hər an hazırıq.

Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub, ərazidə müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri dayaq məntəqələrində xidmət aparan hərbi qulluqçularla görüşüb, onları təbrik edərək deyib: Vaxtilə bu ərazilər ermənilər tərəfindən işğal olunmuş, Günnüt kəndində yaşayış yerləri dağıdılmışdır. Lakin uğurlu əməliyyatlardan sonra 10 min hektardan artıq əkinəyararlı torpaqlar nəzarət altına keçmişdir. Bu, Azərbaycan ordusunun gücünün və şəxsi heyət arasındakı ruh yüksəkliyinin göstəricisidir. O ordu güclü deyil ki, onun çoxlu silah-sursatı vardır. O ordu güclüdür ki, onun əsgərlərinin döyüş ruhu yüksəkdir. Keçirilən əməliyyatlar Azərbaycan ordusunun döyüş ruhunu göstərdi. İtki verilmədən torpaqlarımız geri alındı.

Daha sonra Ali Məclisin Sədri bölük mərkəzində şəxsi heyətlə görüşüb, onlara hədiyyələr təqdim edib.

Əsgər Turan Dövrüşov minnətdarlıq edərək deyib ki, təlimlərdə qazandığımız təcrübə bizim qələbəmizin əsasını təşkil edir. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Daim üzərimizdə qayğı hiss edirik. Bu dağlıq şəraitdə xidmətin təşkili üçün lazımi şərait yaradılır. Qarşımızda bir müqəddəs vəzifə dayanır. O da torpaqlarımızı qorumaqdan və verilən tapşırıqları uğurla icra etməkdən ibarətdir.

Məlumat verilib ki, ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır. Postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunur. Eyni zamanda ərazidə yeni yollar çəkilir, postlar arasında rahat əlaqə təmin edilir.

Ali Məclisin Sədri tikinti işlərini həyata keçirən heyətlə görüşüb, çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün yaratdıqları şəraitə görə onlara təşəkkür edib.

Ali Məclisin Sədri Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində olub, mövqelərimizin vəziyyəti ilə tanış olub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib.

Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhəddi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılıb.

Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

www.yenicag.az

2044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv