Erməni mediası Azərbaycanın Gürcüstanla quru sərhədinin bağlı olması ilə əlaqədar gürcü politoloqdan müsahibə alıb.
Yenicag.az xəbər verir ki, gürcü politoloq Gela Vasadze ilə müsahibə “Hraparak” qəzetində dərc olunub.
“Azərbaycan 4 ildir ki, quru sərhədini bağlı saxlayır. Tbilisi Bakıya görə 1,5 milyon turist itirib və milyonlarla dollar ziyana düşüb. Tbilisinin reaksiyası göz qabağındadır. Bəs siz buna nə deyirsiniz?” sualına politoloq belə cavab verib:
“Quru sərhədinin bağlanması deyirsiniz. Bu məsələ hər bir dövlətin suveren hüququdur.
Mən hesab edirəm ki, bu hüququ kiməsə mənfi təsir kontekstində müzakirə etmək düzgün deyil.
Bakının nədənsə ehtiyat etməsinə gəlincə, mən belə fərziyyələrə inanmıram”.
Erməni jurnalistin təxribatçı suallarından biri də belə olub ki, “Gürcüstanda və Azərbaycanda insanlar yaxınlarına baş çəkmək imkanından məhrumdur və ya bunun üçün təyyarədən istifadə etməli olurlar, bu yaxşıdırmı?”.
“Təbii ki, bu normal hal deyil. Amma bunun iki xalqla heç bir əlaqəsi yoxdur”, – Vasadze deyib.
“Hraparak”ın müxbirinin nifaq salmaq niyyəti ilə verdiyi “Nə baş verir, Azərbaycan Gürcüstanla turizm əlaqələrinin inkişafının əleyhinədirmi?” sualını da Vasadze “optimist” cavablandırıb.
“Mən optimistəm. Hər şey yaxşı olacaq. Həmişə bir yol tapılır”, – gürcü siyasətçi qeyd edib.
Vasadze erməni jurnalistin Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvilinin “400 milyon dollar ziyan”la bağlı sözlərini sitat gətirərək təxribat xarakterli sualını da ağzında qoyub.
“Mən məmurumuza məsləhət görərdim ki, kiminsə qonşu ölkədən maşınla gəlməməsindən olan itkiləri saymaqdansa, Gürcüstanın özündə turizm problemlərinə diqqət yetirsin. Hazırda bizə gələnlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”, – politoloq bildirib.
Daha sonra erməni müxbir “Tbilisi ilə Bakı arasında sərhəd problemi”nin olduğunu deyib və “David Qareci” orta əsr monastır kompleksinin kimə məxsus olduğunu soruşub.
“Bu məsələnin çox sadə həlli var: Ümumi tarix-mədəniyyət qoruğunun yaradılması ilə.
Yeri gəlmişkən, həm Azərbaycana, həm də Ermənistana aid digər mübahisəli məsələlər də eyni şəkildə həll ediləcək.
Nəhayət, bizim hamımızın ortaq bir tarix var ki, onunla mübahisə etmək olmaz”, – deyə jurnalisti susdurub.
Erməni jurnalistin “Siz çox sülhsevər və nikbinsiniz, qoy hər şey siz deyən kimi müsbət olsun”, deməkdən başqa çarəsi qalmır.
Vasadze isə sadəcə “Görəcəksiniz” deyərək gülümsəyir.
Xuraman Etibarlı
www.yenicag.az