“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin “Xarici agentlər haqqında” qanun layihəsi ilə bağlı geri addım atmasının səbəbi bundan ibarətdir ki, gürcülərin təxminən 80 faizi ölkələrinin Avropa institutlarına, eləcə də Avroatlantik məkana inteqrasiyasının tərəfdarıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri Azər Qasımlı deyib.
O, Gürcüstan hökuməti tərəfindən parlamentə təqdim edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən sonra ölkədə baş verən etiraz aksiyaları fonunda hakim “Gürcü arzusu” fraksiyasının geri addım atmasından söz açıb.
A.Qasımlının sözlərinə görə, son 10 ildə “Gürcü arzusu” partiyası Gürcüstanın Avroatlantik məkana inteqrasiyası kursuna dəstək verdiklərini bəyan ediblər:
“İndi də onlar bu kursdan geri çəkilə bilmirlər. Çünki geri addım atsalar, sözügedən kursa dəstək verən elektoratların bir qismini itirəcəklər. Bildiyimiz kimi, oktyabr ayında Gürcüstanda parlament seçkiləri olacaq ki, bu da Gürcüstan tarixində ilk dəfə proporsional seçki sistemi üzrə keçiriləcək. Qısacası, Kobaxizde başda olmaqla, “Gürcü arzusu” fraksiyası səslərin itirilməsi problemi ilə üz-üzə qala bilərlər”.
Onun fikrincə, digər tərəfdən, Qərbdən Tbilisi administrasiyasına ciddi təzyiq var:
“Ona görə ki qərbli rəsmilər onlara diplomatik mesajlarını çatdırıblar ki, əgər belə bir qanun qəbul edilsə, Gürcüstana verilən Aİ-yə namizədlik statusunu ləğv edə bilərlər. Fikirləşirəm ki, Gürcüstan hökuməti bu qanunu qəbul etsə, Aİ rəsmiləri fikirlərini açıq şəkildə ifadə edəcəklər. Bu isə o deməkdir ki, Gürcüstanın daxilində yeni qalmaqal başlayacaq. Çünki həm digər siyasi təşkilatlar, müxalifət, o cümlədən də əhali bu məsələdə Avrointeqrasiyadan yanadır”.
A.Qasımlının qənaətinə görə, Gürcüstan hakimiyyəti artıq tam geriyə çəkilə bilmədiyi üçün bu şəkildə açıqlama vermək məcburiyyətində qaldı ki, guya onlar qanunu geri çəkmirlər, amma xırda dəyişikliklər ilə razıdırlar:
“Deyə bilmərəm ki, qanun layihəsində hansı dəyişikliklər ediləcək, lakin mənə elə gəlir ki, bu, çox ciddi olacaq. Ona görə ki prinsipial dəyişikliklər olmasa, bu, nə müxalifəti, nə sivil toplumu, nə də əhalini qane etməyəcək. Düşünürəm ki, bütün bunlara baxmayaraq, müxalifət doğru-düzgün şəkildə koalisiya formatında seçkilərə qatılsa, hakim “Gürcü arzusu”nun qalib gəlməmək ehtimalı yüksəkdir”.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” qalmaqallı qanunla bağlı Qərb tərəfdaşları ilə mövqeləri uzlaşdıra və xırda güzəştlərə getməyə hazır olduqlarını işarə edib.
Rafi Müslümov
www.yenicag.az