“Ermənistan, Gürcüstan, Azərbaycan fərqli siyasi oriyentasiyada olacaqsa, Qafqazda uzunmüddətli konflikt mühiti olacaq”.
Bu sözləri Gürcüstanda siyasi proseslərin qızışması, gərginliyin artmasını Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, Gürcüstanda Qərblə Rusiyanın toqquşması açıq müstəviyə keçir.
“Gürcüstan çox uğurlu, bizim də təqdir etdiyimiz Avropa İttifaqına inteqrasiya yolu idi. Bununla da Gürcüstan dünyanın mütərəqqi qüvvələrinin dəstəyini qazanmışdı. Sonrakı dönəmlərdə bu yoldan hansısa səbəbdən geri addım atdılar. Konkret xarici donorların qadağan olunması ilə bağlı qanun qəbul olundu. Hakimiyyət daxilində prezident institutu ilə hökumət arasında gərginlik yarandı. Buna siyasi böhran deyə bilərik. İndiki halda, Avropa İttifaqında qətnamələr qəbul olunur. Gürcüstana maliyyə yardımlarının tamamilə dayandırılması prosesi gedir. Demokratiya yönündə problemlərlə bağlı iradlar tutulur”, – deyə o qeyd edib.
O əlavə edib ki, Rusiya ilə Qərbin savaş meydanından biri də Gürcüstandır.
“Hökumət hakimiyyətdə qalmaq üçün addımlar atır. Məsələ Gürcüstanın milli maraqlarının qorunması məsələsi deyil. Gürcüstan cəmiyyəti də yarıya bölünüb. Dinamik elektorat Avropaya inteqrasiyanın tərəfdarıdır.
Qafqaz respubilkaları siyasi oriyentasiyada eyni pltatformanı seçməlidir. Ermənistan, Gürcüstan, Azərbaycan fərqli siyasi oriyentasiyada olacaqsa, Qafqazda uzunmüddətli konflikt mühiti olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az