Gürcüstanın baş naziri İrakli Kobaxidze hesab edir ki, Gürcüstan hakimiyyəti “Xarici təsirin şəffaflığı haqqında” qalmaqallı qanunla bağlı Qərb tərəfdaşları ilə “mövqeləri uzlaşdıra” və xırda güzəştlərə getməyə hazır olduqlarına işarə edib.
Yenicag.az xəbər verir ki, Kobaxidze son görüşlərdən sonra Qərb tərəfdaşları ilə dialoqda “pozitiv dəyişikliklər gördüyünü” deyib.
“Məndə belə bir təəssürat yaranıb ki, indi qanun normalarını müzakirə etməyə hazırıq”, – baş nazir elan edib.
Onun sözlərinə görə, kompromis təklifləri prezident Salome Zurabişvilinin qanunun gələn həftə baş tutması gözlənilən yekun üçüncü oxunuşda qəbul edildikdən sonra tətbiq edəcəyini vəd etdiyi prezidentin veto proseduru vasitəsilə verilə bilər.
“Burada bizim tərəfdaşlarımız konkret şərhlər verməli və bunları prezidentin vetosunda əks etdirməli olacaqlar, bilirsiniz ki, veto parlamentə gələndə o, konkret qanun layihəsi şəklində formalaşdırılmalıdır”, – Kobaxidze bildirib.
Onun sözlərinə görə, o vaxta qədər hakimiyyət “müzakirələrə hazır olacaq”. Eyni zamanda, Kobaxidze açıq şəkildə bildirib ki, “Gürcü arzusu” qanunun adının dəyişdirilməsi və ya donor maliyyələşməsində əhəmiyyətli paya malik olan təşkilatlar üçün xüsusi statusun tətbiqindən imtina kimi fundamental dəyişikliklərə razı olmayacaq və yalnız bu məsələyə bəzi texniki detallarına yenidən baxmağa hazırdır.
Xatırladaq ki, bu həftə Gürcüstanda “xarici agentlər” haqqında qanuna etiraz aksiyalarının iştirakçılarına hədə-qorxu ilə çağırışlar başlayıb və bir neçə dəfə müxalifət siyasətçilərinə və fəallarına qarşı ciddi hücumlar olub.
Eyni zamanda, hakimiyyət qanunun qəbuluna etirazlar kontekstində “zorakılığa təhrik”də ittiham etdikləri şəxslərin “ictimai siyahı” yaratmaq niyyətlərini açıqlayıb.
Qərb tərəfdaşlarının Gürcüstan hakimiyyətinə təzyiqləri artıb. Avropa İttifaqı (Aİ) səfirləri mübahisəli layihənin qəbulunun Gürcüstanın Avropaya inteqrasiyasına necə təsir göstərə biləcəyini müzakirə ediblər. Aİ qanunun qəbul ediləcəyi təqdirdə, Gürcüstanı vizasız rejimdən məhrum edə biləcəklərini istisna etmir.
Şimali və Baltikyanı ölkələr birgə bəyanat yayaraq, Gürcüstan hakimiyyətinin Gürcüstanın Avropa gələcəyini məhv edən narahatedici trayektoriya seçdiyi barədə xəbərdarlıq ediblər.
Əlavə xəbərdarlıqlar ABŞ-dan gəlib.
Mayın 11-də Tbilisidə qanunun qəbuluna qarşı böyük etiraz aksiyası keçiriləcək.
www.yenicag.az