“Beş yüz min azərbaycanlını Gürcüstanda siyasi faktora çevirməyincə, biz belə vəziyyətlərlə üzləşməli olacağıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Gürcüstanın Azərbaycana yönəlik aqressiv davranışlarına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyevin sözlərinə görə, Gürcüstanın Azərbaycan qarşı bu şəkildə baş qaldırması həm də rəsmi Bakının Tiflisə münasibətdə buraxdığı səhvlərin nəticəsidir:
“Bu, Gürcüstanın yeni siyasi rəhbərliyinin seçdiyi xətdir. Bilirik ki, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili həm də Fransa vətəndaşıdır, erməni bağlılığı ola bilər. O, İrəvana səfəri zamanı qondarma “soyqırımı” abidəsini ziyarət etməklə, “erməni məsələsi”nə münasibətini göstərib.
Eyni zamanda, unutmaq olmaz ki, Gürcüstanın mövcud hakimiyyəti Moskvaya bağlılığı olan bir siyasi komandadan ibarətdir. O baxımdan, Gürcüstanın Azərbaycana qarşı müəyyən iddialar irəli sürməsi, həddini aşan davranışa yol verilməsi həmin mərkəzlərdən gələn siyasi xətt kimi də dəyərləndirilə bilər.
Hər kəsə məlumdur ki, Gürcüstan iqtisadi baxımdan Azərbaycandan asılı olan bir ölkədir, bizim buraxdığımız “oksigen”lə nəfəs alırlar. Gürcüstanı bizim irimiqyaslı və onlar üçün həyati əhəmiyyət daşıyan iqtisadi layihələrdən kənarda saxlamaq Azərbaycan üçün çətin deyil. Bu ölkə məhz Azərbaycanın hesabına iqtisadi mövcudluğunu saxlaya bilir.
Azərbaycan son baş verənlərdən sonra istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə öz qəti mövqeyini ortaya qoymalıdır. Üzləşdiyimiz vəziyyət həm də Azərbaycan hökumətinin yol verdiyi yanlışlıqdır ki, Gürcüstanda yaşayan beş yüz min azərbaycanlı başsız qalıb. Xatırladım ki, Zurabişvili Azərbaycana səfəri çərçivəsində bir-iki kənddə məskunlaşan gürcülərlə görüşmək üçün Zaqatala və Qax rayonlarına səfər etdi.
Azərbaycan hökuməti isə Gürcüstandakı beş yüz min azərbaycanlını taleyin ümidinə buraxıb onlarla maraqlanmır. Bilməliyik ki, beş yüz min azərbaycanlını Gürcüstanda siyasi faktora çevirməyincə, biz belə vəziyyətlərlə üzləşməli olacağıq. Azərbaycan bu məsələdə milli siyasətə keçərək, qətiyyətlə davranmalıdır.
Hökumət artıq öz siyasətini və fəlsəfəsini dəyişməli, nəhayət ki, milli məsələlərlə məşğul olmalıdır.
Təsəvvür edin, altmış milyonluq Fransadakı yarım milyon erməni o ölkənin Ermənistana münasibətini müəyyənləşdirir. Gürcüstandakı beş yüz min azərbaycanlı da oradakı istənilən iqtidarın taleyini həll edə bilər.
Bizdən asılı olan Gürcüstan indi üstümüzə diş qıcayır. Ona görə də, Gürcüstanın bizə qıcanan dişlərini əzib qarnına tökmək lazımdır”.
A.Zeynalov