“Prezident demək istəyirdi ki, yeni kadrların təyinatında yanılmayıb və bu xətti davam etdirəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin bu ilin doqquz aylıq sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Partiya sədrinin sözlərinə görə, müşavirədə açıqlanan rəqəmlərlə real vəziyyət arasında ciddi fərqlər mövcuddur:
“Müşavirədə ancaq əlverişli rəqəmlər və hesabatların nəticələri önə çəkildi. Fikirimcə, belə olmamalıdır. Çünki dünyada iqtisadi fəaliyyətə, ölkələrin vəziyyətinə sadəcə Davos Forumu əsasında qiymət vermək doğru deyil. Hər halda, dünya miqyasında daha ciddi qurumlar hesab edilən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa qurumların müvafiqq hesabatlarında Azərbaycan autsayderlər qrupunda yer alır.
Dövlət borcu ilə bağlı prezidentin səsləndirdiyi rəqəm ciddi müzakirə mövzusudur. Müşavirədə Azərbaycanın xarici borcunun 15 milyard manat, başqa sözlə, Ümumi Daxili Məhsulun 18 faizi həddində olduğu bildirildi. Hesab edirəm ki, burada yalnış hesablama var. Azərbaycanda hökümətin dövlətin adına olan borclardan savayı, şirkətlərin dövlət zəmanəti ilə aldıqları borclar da var ki, onlar da zamanı gələndə, dövlət tərəfindən ödənilməli olur.
Məsələn, yalnız Neft Şirkətinin 15 milyard manat borcu var. Eyni zamanda, bu şirkət 2019-cu ilin dövlət büdcəsindən 450 milyon manat dotasiya alıb. Bu, açıq göstərir ki, dövlət şirkətlərinin aldıqları borcu yenə də dövlət ödəyir. Ona görə də, Azərbaycanın xarici borcu 15 milyard yox, 37 milyard manat götürülməlidir. O məbləğin də sadəcə, 15 milyardı birbaşa dövlət borcu, 22 milyardı isə müxtəlif dövlət şirkətlərinə aiddir. Bu, həm də o deməkdir ki, Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulun 18 yox, 40 faizini təşkil edir. Bu isə təhlükəli həddir.
Müşavirədə qeyri-neft sektoru ilə bağlı rəqəmlər də səsləndirildi. Bu gün Azərbaycanın ixracatında neftin payı 91 faizdir. Kənd təsərrüfatında 7 faiz artımından danışdılar. Biz bilirik ki, baş nazirin müavini yayın ortasında bazarda olan vaxt pomidorun qiyməti 2,5 manat idi. Kartofun qiyməti 1 manatdan aşağı düşməyib. Digər kənd təsərrüfatı məhsulları da eynən… Belə olduğu halda, hansı artımdan söhbət gedə bilər? Kənd təsərrüfatı sektoruna bu illər ərzində 4 proqram çərçivəsində 100 milyard dollar pul xərclənib. O məbləğin qarşılığı bu “inkişaf” olmamalıdır. Əslində, həmin pullar “yuyulub”, yeyilib. Prezident İlham Əliyev də bu məsələyə diqqəti yönəltdi”.
Prezidentin kadr islahatının zəruriliyi haqda fikirlərinə isə VİP sədri belə münasibət bildirib:
“Hökümətin daxilində hansısa dəyişikliklər olacaq. Sahil Babayevin, Mikayıl Cabbarovun fəaliyyəti ön plana çəkildi. Prezident demək istəyirdi ki, yeni kadrların təyinatında yanılmayıb və bu xətti davam etdirəcək. Ancaq həmin şəxslərin rəhbərlik etdikləri nazirliklərin işində yeni detala rast gəlmirəm.
Vergilər Nazirliyi ilə Gömrük komitəsinin büdcəyə 700 milyon manat vəsait cəlb etdikləri bildirildi. Əslində, o vəsait məmurların, monopolislərin şirkətlərindən ötən dövrlərdə tutulmayan vergilər və gömürk rüsumlarının artıq tutulmasının nəticəsidir.
Pensiyaların qaldırılmasından danışırlar. Yaşadığımız il pensiyaların orta məbləği 220 manatdır. Bu, gülünc məbləğdir. 220 manata Azərbaycanda insan yaşaya bilər?”
Əli Əliyev hesab edir ki, prezidentin işiində nöqsanlara yol verən yüksək məmurları cəzalandırmaqla bağlı xəbərdarlığı nəhayət, reallığa çevrilməlidir:
“Hər dəfə prezident vurğulayır ki, ümumi xəttə ziyan vuran, özünü adekvat aparmayan məmurlar cəzalandırılacaq. Ancaq hələ ki ortada ciddi cəzalandırma faktı yoxdur. Fikrimcə, prezident cəzaya layiq məmurları gerçəkdən cəzalandırmalıdır. Cəmiyyət də bunu gözləyir.
Prezident açıq şəkildə bəyan etdi ki, hökumət üzvlərindən bəziləri bir-birilərinə şantaj edirlər. Bu barədə məlumatlar onsuz da yenilik deyildi, cəmiyyət bunu bilirdi. Hətta Siyavuş Novrozovun məlum müsahibəsində də bu barədə bəhs olunmuşdu. Prezident də təsdiq etdi ki, Azərbaycan iqtidarının daxilində ciddi ideoloji ziddiyyətlər var. Gözləyək, görək, bu bəyanatlar öz qarşılığını necə tapacaq?”
Səxavət Məmməd
www.yenicag.az