!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məsuliyyəti də özləri daşısınlar...” – “Dəyirmi masa”ya qatılmayan siyasətçilərdən REAKSİYA

!Reklam – Yazi

Sərdar Cəlaloğlu: “Sən öncə öz trollarına başa sal ki, söyüş söymək olmaz, sonra gəl, birlikdən, bərabarəlikdən danış”.

Əli Əliyev: “İnsanlar bu “dəyirmi masa”nı daha çox hakimiyyətdən vurulmuş oliqarxlara qiyabi müttəfiqlik təklifi kimi də qiymətləndirirlər”.

Natiq Cəfərli: “Həm format, həm iştirakçılar, həm müzakirə olunacaq məsələlər, həm də prosesin gələcəyi ilə bağlı ciddi suallar var”.

Tural Abbaslı: “Azərbaycanda elə siyasətçilər var ki, onların orada olmaması həmin “dəyirmi masa”nın gələcəkdə ciddi nəticələr verəcəyinə şübhə yaradır”.

Dünən Müsavat Partiyasının qərargahında bu təşkilatın lideri İsa Qəmbər və başqanı Arif Hacılı, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, keçmiş səhiyyə naziri Əli İnsanov, həmçinin Hikmət Hacızadə və Mehman Əliyevin iştirakı ilə keçirilmiş “dəyirmi masa” müxalifətin bu tədbirə qatılmayan kəsimində müəyyən reaksiya doğurub.

Yenicag.az ötən gün təşkil olunan “dəyirmi masa”da iştirak etməyən partiya rəhbərlərinin həmin tədbirlə bağlı mövqelərini öyrənib.

Dünən keçirilmiş “dəyirmi masa” haqqında Yenicag.az-a danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmin tədbirin onda skeptik təəssüratlar yaratdığını bildirib:

“Belə çıxır ki, mən müxalifətçi deyiləm. Hikmət Hacızadə və Mehman Əliyev keçmiş müsavatçılardır, ona görə o toplantıya dəvət alıblar. “Dəyirmi masa”da 4 müsavatçı, bir cəbhəçi olub. Orada yeganə kənar şəxs Əli İnsanov idi. Pənah Hüseyn isə yarı müsavatçıdır, yarı da cəbhəçi. İqtidardan ayrılıb müxalifətə keçmək istəyən insanların qarşısında qırmızı işıq yandırmamalıyıq.

Lalə Şövkət və Rəsul Quliyev vaxtilə istefa verib, müxalifətə keçdilər. Təcrübəmiz göstərir ki, iqtidardan istefa verib müxalifətə keçən siyasətçilər müxalifəti gücləndirirlər. Düşünürlər ki, Əli İnsanov da Lalə Şövkət və Rəsul Quliyevin etdiklərini edə bilər. Şəxsən buna inanmıram. Müsavat partiyası “qeyri-adi, uzaqgörən partiyadır”, “Arif Hacılı Azərbaycanın “bir nömrəli siyasətçisidir” – (kinayə – red.). O, düşünür ki, Əli İnsanov da böyük işlər görə bilər.

Bu şəxslərin bir araya yığışmasına qısqanclıqla yanaşmaq olmaz. Digər müxalifət liderləri bu məsələyə qarışmamalıdırlar. İmkan vermək lazımdır ki, onlar müxalifətin avanqardlığını öz üzərlərinə götürsünlər, baş verənlərlə bağlı məsuliyyət də onların çiyninə düşsün. Sabah xalqa da hesabı məhz onlar versinlər. Birinci iclasdan dedilər ki, “dəyirmi masa”nı genişləndirək. İkinci iclasa daha bir neçə nəfəri də dəvət edəcəklər, ola bilsin, məni də çağırsınlar. Sonra özlərinin yarıtmaz fəaliyyətinin məsuliyyətini yıxacaqlar üçüncü adamların boynuna. Deyəcəklər, guya anonim “şpionlar” və hökümətə işləyənlər var”.

ADP sədri sözügedən “dəyirmi masa” iştirakçılarının davranışlarına da münasibət bildirib:

“Dünən iclasın birinci hissəsini izlədim. O liderlərin tərəfdarları müxtəlif rəylər yazırdılar. Əli Kərimlinin tərəfdarları “Əli Kərimli yek liderdir, İsa Qəmbər satqındır”, İsa Qəmbərin tərəfdarları isə “İsa Qəmbər yek liderdir, Əli Kərimli satqındır”, – deyə yazırdılar. Hökümətin adamları isə bunların hamısını söyür.

Əli Kərimlinin tərəfdarları liderlərini müdafiə edir, yerdə qalanları söyür, İsa Qəmbərin tərəfdarları da öz liderlərini müdafiə edir, yerdə qalanları söyür. Sizcə, bu nə dərəcədə real işdir ki, sənin elektoratın iclasın gedişində, birlik şüarlarının səsləndirildiyi vaxtda yanında oturanları ana-bacı söyüşünə qədər söyürlər, öz liderlərini isə göylərə qaldırırlar.

Sən öncə öz elektoratını birləşdir, onlara siyasi mədəniyyət öyrət, trollarına başa sal ki, söyüş söymək olmaz, sonra gəl, birlikdən, bərabərlikdən danış. Dünən o rəylərə baxanda, xəcalət çəkdim. Əli Kərimlinin tərəfdarları İsa Qəmbəri, İsa Qəmbərin adamları Əli Kərimlini təhqir edirdilər, hökümətin adamları da bundan istifadə edib hər ikisini söyürdülər. Sizcə, bu, birlikdir?

Sabah birləşəndə də birliyin daxilində bu proses gedəcək, birlik zəifləyəcək. Bir iş görə bilməyəndə də deyəcəklər ki, birləşmək mümkün olmadı. Onlar zatən, ayrılmaq üçün birləşirlər. Bu təşkilatlar 30 ildir, bir araya yığışırlar, ancaq onların bir arada olmaları cəmi 6-7 ay sürür”.

Sərdar Cəlaloğlu ona təkif gələcəyi təqdirdə, növbəti “dəyirmi masa”ya qatılmayacağını deyib:

“Məni hökümətin adamı sayaraq, dəvət etmirlər. Dəvət etsələr də, bəri başdan deyirəm ki, gedən deyiləm. Ona görə ki, prosesi özləri pozacaq, bunun üçün məsuliyyəti kiminsə çiyninə qoymaq lazım gələcək. İmkan vermək lazımdır ki, bu adamlar belə “dəyirmi masa”lar keçirsinlər. Şəxsən mən və ADP onların qərarlarının əleyhinə çıxsaq, ən pis adamlarıq”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yenicag.az-a açıqlamasında dünənki tədbiri belə dəyərləndirib:

“Əvvəla, “dəyirmi masa”nın təqdimatı yalnışdır. Dünən o görüşə müxalifət yox, müxalifətin bir hissəsi – hakimiyyətlə düşmənçilik xətti yürüdən hissəsi toplaşmışdı. Düşmənçilik yolunda onlara uğurlar arzulayıram. Görək, bu müstəvidə hansı nəticəyə nail olacaqlar. Hər halda, onların 26 ildir, apardıqları düşmənçilik siyasəti ölkədə heç nəyi dəyişməyib.

Oradakı masa ətrafına yığılan şəxslərin seçilmə prinsipləri də anlaşılmır. Siyasi müstəvidə olan istənilən proseslər prinsipə söykənərək, həyata keçirilməlidir. Orada nə partiya prinsipi, nə ictimai nüfuz məsələsi, nə də təmsilçilik prinsipi nəzərə alınıb. Məsələn, dünən icazəsiz mitinqlərə çağıran, bu hakimiyyəti bütün məsələlərdə lənətləyən Əli Kərimli ilə hakimiyyətə təkliflər paketi, islahatlar paketi hazırlayan Pənah Hüseynin bir masa arxasında əyləşməsini başa düşə bilmirəm.

Özünü “möhtəşəm 100 illik partiya” adlandıran Müsavatın lideri İsa Qəmbərlə heç kimi təmsil etməyən Hikmət Hacızadənin bir masa ətrafında əyləşməsini başa düşmürəm. Eyni zamanda, heç bir siyasi təşkilatı olmayan keçmiş YAP-çı Əli İnsanovla, qatı müxalifətçi kimi özünü cəmiyyətə təqdim edən Arif Hacılı arasında heç bir bağlılıq görmürəm.

Mətbuat nümayəndəsi, daha çox rasional yanaşmaları ilə diqqət çəkən Mehman Əliyevi çox prinsipial və dəyişməz mövqedə duran Əli Kərimli ilə bir masa ətrafında əyləşməsini başa düşmürəm. Düzü, o “dəyirmi masa”da bir bağlılıq tapa bilmədim. Orada yalnız bir bağlılıq müşahidə edildi – hakimiyyətə qəzəbli olan, hakimiyyətdən qisas almaq eşqi ilə alışıb-yanan bir heyəti gördüm. Əli İnsanovu kənara qoysaq, orada Elçibəy komandasının nüvəsi əyləşmişdi”.

Əli İnsanovun müxalifət lideri qismində toplantıya qatılmasına gəldikdə isə Əli Əliyev bildirib ki, o, müəyyən kəsim üçün müxalifət təmsilçisi sayıla bilər:

“Belə başa düşdüm ki, Əli İnsanovun liderliyi ilə bir müxalifət mərkəzinin yaradılması istənilir. Hər halda, Müsavat başqanı bu təklifi səsləndirən zaman açıqlamanı belə vermişdi. Dünənki tədbirdən anlaşılır ki, hələlik liderlik məsələsi açıq qalıb. Bu prosesin nəticə verəcəyinə inanmıram.

Düzdür, bəyanatları mütəvazi idi, müxalifət partiyaları arasında münasibətlərin tənzinlənməsi ilə bağlı təkliflər irəli sürülürdü. Ancaq məsələyə bu cür yanaşmaq və həmin qrupu tam müxalifət kimi təqdim etəmək doğru deyil. Mənə bir şey maraqlıdır. Sual verirəm, Pənah Hüseyn növbəti “dəyirmi masa”ya başqa formatda əməkdaşlıq etdiyi BAXCP-ni dəvət edəcək? Maraqlıdır, Pənah Hüseyn o islahatlar paketini “dəyirmi masa”ya təqdim edəcək, ya yox?

Dünəndən sosial şəbəkələrdə insanlar bu “dəyirmi masa”nı daha çox hakimiyyətdən vurulmuş oliqarxlara “biz mübarizə apara bilərik” mesajı, qiyabi müttəfiqlik təklifi kimi də qiymətləndirirlər. Guya o siyasətçilər daha əvvəldən bilmirdilər ki, müxalifətin kordinasiyası lazımdır?.

Öz tərəfimdən deyə bilərəm ki, belə münasibətlərin qurulmasının tərəfdarıyam. O baxımdan ki, müxalifət qüvvələri nə qədər çox təmərküzləşə bilsələr, nəticə də o qədər səmərəli olar”.

ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə Yenicag.az-a açıqlamasında bildirib ki, onları həmin “dəyirmi masa”ya dəvət etsələr də, bəzi səbəblərdən orada iştirakı məqbul saymayıblar:

“İlqar Məmmədovla “dəyirmi masa”dan əvvəl görüşlər keçirildi. İlqar Məmmədov da bir sənəd təklif etdi ki, müzakirələr o sənəd ətrafında aparılsın, seçkilərə hesablanmış bir toplantı olsun. Bu təklifə konkret cavab verməsələr də, dedilər ki, müzakirə olunacaq.

İkinci səbəb isə o idi ki, İlqar Məmmədov hazırda Fransadadır. Avropa Şurasının dəvəti ilə konfransa qatılıb. Ona görə də, “dəyirmi masa”da iştirak etmədi. İlqar Məmmədov Bakıda olsaydı belə, o sənədlə bağlı cavabını gözləyərdi. Yığışıb ümumi məsələləri müzakirə etmək olar. Bunun özünün də müəyyən faydaları var. Ancaq konkret sənədlər üzrə, addımlar üzrə, “yol xəritəsi” üzrə müzakirələrin aparılması daha məqsədəuyğundur. Biz həmişə bu yolun tərəfdarı olmuşuq”.

“Dəyirmi masa”nın nəticəsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib:

“Əslində, görüşlərin təşkili, müzakirələrin aparılması özlüyündə pis bir şey deyil. Biz həmişə belə təkliflərə açıq olmuşuq. Hətta hakim partiya ilə də müzakirələrin aparılması mümkündür. Həm format, həm iştirakçılar, həm müzakirə olunacaq məsələlər, həm də prosesin gələcəyi ilə bağlı ciddi suallar var. Müəyyən “yol xəritəsi” üzrə danışıqların olması daha məntiqlidir. Dünənki tədbir isə “dəyirmi masa”dan çox ictimai-siyasi dinləmələr idi”.

Ağ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, müxalifət daxilində toparlanmanın, bir araya gəlmənin istənilən formasını müsbət qiymətləndirir:

“Pərakandəlik müsbət nəticə vermir. Proses nə vaxtsa səmimi şəkikdə müsbət nəticələnərsə, daha faydalı olar. Dünənki “dəyirmi masa”ya gəldikdə isə təşkilatçı Müsavat başqanı Arif Hacılı idi. Onun özünün bu məsələ ilə bağlı bəzi fikirləri var imiş deyə, həmin kontingenti dəvət edib. Bu da onun seçimidir. Bu barədə ona heç kim heç nə deyə bilməz. Sabah mən də “dəyirmi masa” təşkil etsəm, oraya dəvət olunacaqları da özüm seçəcəm.

Ümumi götürəndə, səmimi, geniş birlik ideyası olan yerdə təbii ki, daha geniş tərkib olmalıdır. Azərbaycan siyasi reallığında olan şəxslər, partiyalar var ki, onlar bir araya gəlsə, müxalifətdə sözün həqiqi mənasında birlik nümunəsi yaranar, cəmiyyətə də ciddi mesaj verilər. Dünənki tədbir dar çərçivənin toplantısı olsa da, öz-özlüyündə faydalı idi, ancaq buna ümumi müxalifət toplantısı demək doğru deyil.

Azərbaycanda elə siyasətçilər var ki, onların orada olmaması, həmin “dəyirmi masa”nın gələcəkdə ciddi nəticələr verəcəyinə şübhə yaradır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, ortada bölünməli hakimiyyət, vəzifələr yoxdursa, belə məsələlərdə daha geniş tərkib seçilsin. Bəzən siyasilərin şəxsi xarakterləri, münasibətləri əsas götürülür. Biz hələ də siyasəti şəxsi hiss və emosiyalarımızdan ayırmağı bacarmırıq. Təəssüf ki, müxalifətin böyük əksəriyyəti bu haldadır. Ona görə də, uzun illərdir, müxalifətdəyik”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1630
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv