“Ölkə daxilində qarışıqlıq yaratmağa çalışanlar istəklərinə nail ola bilməyəcəklər”.
Bu fikirləri ölkə müxalifətinin radikal cinahının prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərini boykot etmək qərarını dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, onun özü elə radikalların əlində bəhanə verməmək üçün seçkilərə qatılmamağı qərara alıb:
“Çünki onlar iddia edirdilər ki, guya dövlət mənə imkan yaradacaq, mən də onları “dəyirmi masa”larda söyəcəm.
Ona görə də radikallara bəhanə verməmək üçün namizədliyimi irəli sürmədim. Ancaq buna baxmayaraq, onlar boykot yolunu tutdular.
Hakimiyyətin içində o radikallara “qorxma, qorxma” deyənlər var. Lakin ölkə daxilində qarışıqlıq yaratmağa çalışanlar istəklərinə nail ola bilməyəcəklər.
Hamı bilir ki, prezident İlham Əliyevin yenidən prezident seçilməsi zaman məsələsidir. Çünki ona rəqib ola biləcək heç kim yoxdur. Onun qələbəsinin qarşısında 5 min imza toplaya bilməyən Əlilər, Vəlilər, Məmmədqulular dayana bilməzlər.
Yaxşı olardı ki onlar da elə birinci debatda öz namizədliklərini prezident İlham Əliyevin lehinə geri götürsünlər. Prezident İlham Əliyevin ətrafında sıx birləşib dövlətimizin inkişafı üçün əlimizdən gələni etməliyik”.
Nəsimi Ələsgərli
www.yenicag.az