Cavanşir Abbaslı: “Böyük dövlətlərin Ankaraya etimadı Türkiyənin diplomatik nüfuzunun göstəricisidir”
“NATO Zirvə toplantısının Ankarada keçirilməsi Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində artan rolunun növbəti dəfə təsdiqidir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Ağ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.

Analitik NATO zirvəsinin Ankarada keçirilməsinin əsas səbəbləri və Türkiyənin Yaxın Şərqdəki müharibələrdə vasitəçi rolunu oynaması ilə bağlantısını izah edib.
Cavanşir Abbaslı bildirib ki, NATO Zirvə toplantısının Ankarada keçirilməsi təsadüfi deyil:
“Türkiyə uzun illərdir ki, alyansın əsas dayaqlarından biridir. ABŞ-dən sonra NATO-nun ən böyük ordusuna malik olan ölkə kimi Türkiyə təkcə hərbi gücü ilə deyil, həm də diplomatik imkanları ilə fərqlənir. Qardaş dövlət son illərdə beynəlxalq münaqişələrin nizamlanması istiqamətində mühüm vasitəçilik missiyası yerinə yetirib. Bunun ən bariz nümunəsi Rusiya-Ukrayna müharibəsidir. Müharibənin dayandırılması, tərəflər arasında dialoqun qurulması və kompromisin əldə olunması üçün İstanbul və Ankarada keçirilən görüşlər Türkiyənin etibarlı vasitəçi kimi qəbul edildiyini göstərdi. Həm Moskvanın, həm də Kiyevin Türkiyəyə etimad göstərməsi Ankaranın diplomatik nüfuzunun göstəricisidir.
Eyni zamanda, ABŞ, Avropa dövlətləri və NATO müttəfiqlərinin də Türkiyənin vasitəçilik təşəbbüslərinə müsbət yanaşması diqqət çəkir. Keçirilən görüşlərdən sonra verilən açıqlamalar göstərir ki, Ankara tərəflərin dialoq masasına əyləşə biləcəyi nadir platformalardan biri hesab olunur. Diqqətçəkən başqa bir məqam ondan ibarətdir ki, beynəlxalq vasitəçilik üçün alternativ platformalar müzakirə olunarkən ən çox Türkiyənin, bəzi hallarda isə onun yaxın strateji müttəfiqi Pakistanın adı önə çıxır. Bu da göstərir ki, Ankara təkcə regional deyil, daha geniş geosiyasi məkanda etibarlı diplomatik mərkəz kimi qəbul edilir.
Məhz bu baxımdan NATO Zirvə toplantısının Ankarada keçirilməsi Türkiyənin beynəlxalq təhlükəsizlik sistemində artan rolunun növbəti dəfə təsdiqidir. Hesab edirəm ki, yaxın illərdə istər Rusiya-Ukrayna müharibəsinin nizamlanması, istərsə də Yaxın Şərq və digər regionlarda davam edən münaqişələrin həlli istiqamətində Türkiyənin vasitəçilik imkanları daha da genişlənəcək.
Ankara həm hərbi-siyasi çəkisinə, həm də müxtəlif tərəflərlə eyni vaxtda dialoq qura bilmək bacarığına görə münaqişələrin həllində açar dövlətlərdən biri olaraq qalacaq. Bu xüsusiyyət Türkiyəni gələcək dövrdə də beynəlxalq diplomatiyanın ən mühüm vasitəçilik mərkəzlərindən birinə çevirəcək”.
Nurlan Cəfəri













