Hakimiyyəti devirmək planı, yoxsa "El Menço" nun QİSASI? – Hər öldürülən polis üçün 1200 dollar verilir
“Hər öldürülən polis üçün 1200 dollar mükafat vəd edilib.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Meksikanın ən böyük kartel rəhbərlərindən biri olan “El Menço”nun zərərsizləşdirilməsindən sonra ölkədə yaranan gərgin vəziyyətdən danışıb:
“Başda Meksika olmaqla, Latın Amerikası ölkələrində kartellər olduqca güclü və böyük nüfuza sahibdirlər. Bir çox hallarda onlar hətta siyasətçiləri hakimiyyətə gətirəcək və ya devirəcək qədər güclü olurlar. Son illərdə Amerika qitəsində kartellərə qarşı mübarizə intensivləşib. Bu mübarizənin ən önəmli cəbhəsi isə Meksikadır. Burada kartellərlə mübarizə çərçivəsində artıq yüzlərlə şəxs saxlanılıb. Son olaraq ‘Xalisko Yeni Nəsil’ (CJNG) kartelinin lideri ‘El Menço’ ləqəbi ilə tanınan şəxsin öldürülməsi fonunda iğtişaşlar daha da genişlənib. Kartellərin əlində ciddi maliyyə resursu var. Xüsusilə narkotik, silah qaçaqmalçılığı və insan alverindən əldə edilən milyardlarla dollar onlara böyük imkanlar yaradır. Bəzən bu qruplaşmaların maliyyə dövriyyəsi bir çox dövlət büdcəsindən daha artıq olur.”
Politoloq qeyd edib ki, hazırda ABŞ-ın özündə də böyük kartellər mövcuddur və Vaşinqton öz ərazisindəki qruplaşmalara kənardan dəstək verilməməsi üçün Meksikanın bu cinayətkar şəbəkələrdən təmizlənməsində maraqlıdır:
“Hazırda kartellərlə mübarizə təkcə Meksikada deyil, bütün Latın Amerikasında ciddi planlar üzrə aparılır. ABŞ-ın Meksika ilə bağlı müəyyən problemləri var və bu problemlər fonunda hadisələrin qızışmasında ‘Amerika faktoru’nun olması barədə iddialar yayılıb. Lakin indiki məqamda Vaşinqtonun kartellər üzərindən Meksikaya qarşı hər hansı bir addım atacağını düşünmürəm. Çünki həmin bu kartellər ABŞ-da da fəaliyyət göstərir. Bu gün Vaşinqtonun onlara dəstək verməsi gələcəkdə daxildəki kartellərin də kənardan dəstəklənməsi demək olar ki, bu da ABŞ-ın maraqlarına ziddir.”
T. Rzayev hazırda Meksika şəhərlərində polislərin öldürülməsi üçün vətəndaşlara pul mükafatı vəd edildiyini vurğulayıb:
“Vəziyyət kifayət qədər ciddidir. Artıq 3 ştatda şiddətli atışmalar gedir və kartel vətəndaşlara hər bir polis əməkdaşının öldürülməsinə görə 1200 dollar mükafat vəd edib. Zamanla bu məbləğin artacağı da güman edilir. Belə hallar Amerika qitəsində tez-tez baş versə də, Meksikada uzun illərdir bu miqyasda qarşıdurma görünməmişdi. Hər halda, Meksika kiçik dövlət deyil; kartellərlə bağlı məsələ qısa müddətli olmasa da, gec-tez öz həllini tapacaq. Ən pis ssenari odur ki, Meksikada hakimiyyəti devirib yerinə öz dəstəklədikləri şəxsi gətirə bilərlər. Lakin mövcud iqtidar kartellərlə mübarizəni dövlət proqramına daxil edib və bu yoldan geri addım atmayacaq.”
Nurlan Cəfəri













