Azərbaycandakı bir çox məmur övladlarının cəmiyyətə meydan oxuyan davranışlarına son qoymaq üçün təkliflər irəli sürülür.
Yenicag.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin sabiq rəisi, general-mayor Novruzəli Orucovun oğlu Rüstəmin xuliqanlığı məmur övladlarının “ipinin yığılması” məsələsini aktuallaşdırıb.
Bundan bir gün sonra sabiq MTN generalı Akif Çovdarovun məhkəmədə Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun oğlu Ruslanın maşınla adam vurub öldürdüyünü, ancaq bu cinayətin ört-basdır edildiyini açıqlaması vəziyyətin ciddiliyini ən qabarıq formada ortaya qoydu.
Prezident İlham Əliyevin Saatlıda keçirtdiyi son müşavirədə məmurlara etdiyi xəbərdarlıqdan sonra cəmiyyətin bir sıra tanınmış simaları da vəzifəli şəxslərin qanunlara məhəl qoymayan övladları barəsində sərt ölçü götürülməsini tələb etməkdədirlər.
Bu barədə Yenicag.Az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, məmurların qudurğan övladlarının “ağılını başına gətirmək” üçün onları ön cəbhəyə göndərmək lazımdır:
“Vallah, bu hallar nə təsadüfi, nə də ki ayrı-ayrı istisnalardır. Hamı görür ki, Azərbaycandakı nazirlərin, məmurların əksəriyyətinin övladları sözün tam mənasında qudurublar.
Bu da ona görə belə olur ki, onların valideynləri milləti saya salmırlar, qanunları veclərinə almırlar. Belə olan halda onların uşaqları əlbəttə ki, harınlayaraq millətə meydan oxuyacaqlar.
Bir çox məmurların övladları hərbi xidmətdə olmayıb, onlar Vətən nədir, onu qorumaq nə deməkdir, bilmirlər. Bu üzdən də millətə, kasıb təbəqəyə həqarətlə yanaşırlar. Ancaq cənab Prezidentin də dediyi kimi buna imkan vermək olmaz.
İndiyə kimi nə olub-olub, ancaq artıq nazir-məmur övladlarını yaşından, vəziyyətindən asılı olmayaraq, hərbi xidmətə çağırmaq, onları ön cəbhəyə göndərmək lazımdır ki, bəlkə ağılları başlarına gələ. Orada da özlərini düzəltməsələr, daha sərt tədbirlər görülməlidir.
Ümumiyyətlə, ən doğrusu həmin övladlara tərbiyə verə bilməyən, ailəsini belə idarə etməyi bacarmayan məmurları işdən çıxartmaqdır. Hər halda, inanıram ki, cənab Prezident bu məsələləri yoluna qoyacaq”.
A.Zeynalov
Yenicag.Az
www.yenicag.az