“Heç bir müctəhid bu məsuliyyəti üzərinə götürə bilməz” - POLİTOLOQ
“Heç bir müctəhid bu məsələ ilə bağlı məsuliyyət götürərək cihad fətvası verə bilməz”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

O, İranda ABŞ və İsrailə qarşı müharibədə cihad elan edilməsi ilə bağlı yayılan xəbərlər barədə münasibət bildirib.
S. Soltan bildirib ki, İsrail və ABŞ qüvvələrinə qarşı müharibə aparılması ilə bağlı nə İranda, nə də İraqda hər hansı bir müctəhid tərəfindən cihad elan edilməsi barədə rəsmi məlumat yoxdur:
“Son günlər bu mövzuda müxtəlif ehtimallar və iddialar səsləndirilirdi. Məsələn, ötən həftə Nəcəf hövzəsinin, yəni dini mərkəzin lideri Ayətullah Üzma Sistaninin guya cihad elan edəcəyi barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, əgər ABŞ və İsrail İrana hücum edərsə, Ayətullah Sistani də cihad elan edəcək. Lakin çox keçmədən, artıq ertəsi gün Sistaninin dəftərxanası rəsmi açıqlama yayaraq bu xəbərin doğru olmadığını bildirdi.
Digər tərəfdən, cihad anlayışı dini baxımdan din uğrunda və Allah yolunda aparılan savaşla bağlıdır. Hazırkı münaqişə isə dini və ilahi xarakter daşımır. Buna görə də heç bir müctəhid bu məsələ ilə bağlı məsuliyyət götürərək cihad fətvası verə bilməz.
Bundan əlavə, müharibəni rəsmi dövlət qurumları aparır. Cihad adətən o zaman elan olunur ki, müharibə aparmaq üçün nizami ordu və silahlı qüvvələr olmasın və insanları səfərbər etmək zərurəti yaransın. Burada isə İran hakimiyyətinin ordusu, silahlı qüvvələri və rəhbərliyi İsrail və ABŞ hücumlarına qarşı müqavimət göstərir. Mövcud olan nizami ordu şəraitində hansı müctəhidin çağırışı ilə bundan daha güclü hərbi qüvvə toplamaq mümkündür?
Bu baxımdan yayılan məlumatlar və səsləndirilən fikirlər daha çox şayiə xarakteri daşıyır. İran İslam Respublikasıdır deyə avtomatik şəkildə cihad elan olunacağı qənaəti doğru deyil. Müharibə rəsmi şəkildə dövlətlər və ordular arasında aparılır və İsrail-ABŞ qüvvələrinə qarşı əməliyyatları da rəsmi ordu həyata keçirir. Ona görə də bu kontekstdə cihad məsələsinin gündəmə gətirilməsi yersiz görünür”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













