Elşad Mahmudov: “…100 qram araq içməyə görə, cəhənnəmə gediləcəksə, onda ruslardan heç cənnətə gedən olmayacaq”
Seyid Camal: “Bu cür çıxış Azərbaycan dövlətçiliyinə, din dövlət münasibətlərinə böyük, sarsıdıcı zərbədir”
Xəbər verildiyi kimi, Modern.az-a açıqlamasında sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanın Belorusdakı sabiq səfiri Əli Nağıyev dini mövzuda suallara cavabında Qurani-kərimi və İslam dinindəki müqəddəsləri müəyyən dərəcədə aşağılayan fikirlərə yer verib.
Onun bu fikirləri cəmiyyətdə əsasən narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Əli Nağıyevin dinlə bağlı söylədiyi bir sıra məsələlərdə yanlışlığa yol verdiyini bildirdi: “İnsanlar bu kimi məsələlərə hissiyatla yanaşır. Məsələyə hissiyatla yanaşıldığı zaman da onun obyektiv və subyektiv tərəfləri ortadan qalxmış olur. Məsələyə tarixi, ictimai, sosial aspektdən baxdığımız zaman Kərbala hadisəsi Azərbaycanda hələ tam olaraq öyrənilməyib. Bunun da səbəbi məsələyə hissi nöqteyi-nəzərdən baxılmasıdır. Məsələyə tarixi, ictimai, sosial baxımdan baxılsa, onun kökündə nə dayandığı hərtərəfli öyrənilsə orada cəmiyyətimizin bilmədiyi bir çox suallar ortaya çıxar. Bu sualları insan tədqiq etdiyi zaman gerçəkliklər də ortaya çıxır. Amma bu tarixi məsələləri ortaya qoyduğumuz zaman diqqətli olmalıyıq ki, insanların inanclarına toxunulmasın. Kərbala hadisəsinin Azərbaycanda tarixi nöqteyi-nəzərdən hərtərəfli olaraq tam təqdid olunmadığı, onun cəmiyyətə tam çatdırılmasının mümkünsüzlüyü qənaətindəyəm. Tam tədqiq olunub cəmiyyətə çatdırılan zaman cəmiyyətdəki steoreotiplər dağılır ki, insanlar da buna hazır deyil. Bizdə bu məsələlərə inanc və məzhəb prizmasından yanaşıldığından, onu tam araşdırıb cəmiyyətə çatdırmaq çətindir. İslam tarixində baş vermiş hadisələrin əqidələşdirilməsi qəbuledilməzdir. Kərbala hadisəsi tamamilə siyasi, tarixi fonda meydana gələn bir hadisədir. Bunun daha sonradan əqidələşdirilməsi, etiqadlaşdırılması uyğun görünmür. Qurani-Kərim hər zamana və hər dövrə, hər şəraitə xitab edən bir kitabdır və bütün bəşəriyyətə nazil olub. Ona görə də Qurani-Kərimi ciddiyə almaq lazımdır. Onun cənnət və cəhənnəmlə əlaqəli xəbərlərinə imam gətirmək də İslamın əsas şərtlərindən biridir. Yəni bu kitab sadəcə bir çöl ərəbinə gələn kitab deyil, bütün bəşəriyyətə gəlib və öz ruhunu hələ də qoruyub saxlayır, qiyamətə qədər də qoruyub saxlayacaq. Əli müəllim deyir ki, 100 qram araq içməyə görə, cəhənnəmə gediləcəksə, onda ruslardan heç cənnətə gedən olmayacaq. Bu cavab da yersizdir. Müqəddəs kitabda kimin cənnətə, kimin cəhənnəmə gedəcəyi barədə geniş məlumat var. Qurani-Kərimi oxumaq kifayətdir ki, gözəl işlər görən, imam gətirən, əməli saleh insanlar Allahın arzusu ilə cənnətə girəcəklər. Allaha imam gətirməyənlər, pak olmayanları isə Qurani-Kərimin ifadələrilə bir cəza gözləyir. Nəticədə kimin cənnətə və ya cəhənnəmə gedib-getməyəcəyini Allahın əlindədir. Ona görə burada bir millətin də adını çəkməyə ehtiyac yoxdur. Müqəddəs kitab daha çox Allaha yaxınlıq dərəcəsinə görə insanları dəyərləndirir. Əli müəllim Həcc məsələsini də sanki ora gedənlər aktyorluq edir səviyyəsində verməyə çalışıb. Həcc İslamın şərtlərindən biridir. İbadətlərdə səmimiyyət olmalıdır. Amma bu o demək deyil ki, Həccə gedənlərin hamısı aktyorluqla məşğuldur. Din və ibadət Allah rizası üçündür. İmam Hüseyn məsələsinə gəlincə, Əli müəllimin dediklərində tarixi faktlar da var. Onun dediklərini tamamən təkzib etmək niyyətində deyilik. Lakin bu deyilənləri daha dolğun, gözəl üslubda versəydi, dedikləri ajiotaj yaratmaqdan daha çox, maarifləndirici xarakter daşıyardı. Yer üzündə kamil və mükəmməl olan bir varlıq var ki, o da Allahdır. Allah xaricində insanlar bəşərdirlər. Bəşərin də xəta və səhv etmə xüsusiyyəti vardır. Peyğəmbərlər xaricində hər kəsin səhv və xəta etmə ehtimalı vardır. Qəbul etsək ki, insanlar, İmam Hüseyn daxil səhv və xəta etməyib, biz onları tanrılaşdırırıq. İnsanlar, bəşər isə heç bir şəkildə tanrılaşdırıla bilməz. Bu kimi məsələlərin intelektual səviyyəli azərbaycanlı ilahiyyatçı alimlər arasında müzakirə edilməsi daha məqsədəuyğundur. Təəssüf ki, ölkəmizdə yüksək səviyyəli, elmi dərəcəli din alimləri yoxdur. Ona görə də bu məsələlər mediaya çıxarılan zaman məscid imam və axundları səviyyəsində münasibət bildirilir ki, bu da nəticədə insanların bir-birinə qarşı ittihamlarına, qeyri-etik münaqsilərinə səbəb olur. Əlbəttə hər kəs mediada məsələlərə münasibət bildirməkdə azaddır. Amma yaxşı olar ki, bu kimi məsələlərin müzakirəsi intelektual səviyyədə, elm adamları tərəfindən aparılsın ki, belə qalmaqallar da meydana gəlməsin. Bu hadisə də onu göstərir ki, Azərbaycanda hələ də məsələni intelektual səviyyədə müzakirə edəcək, araşdıracaq elmi mərkəzlər və elm adamları yoxdur. Əli müəllim ilahiyyat alimi, teoloq deyil və onun bu şəkildə məsələyə münasibət bildirməsi, həmin sahəyə aid olmayan digərlərinin də münasibət sərgiləməsinə gətirib çıxaracaq ki, nəticədə cəmiyyətdə qalmaqal yarana bilər”.
Şərqşünas Seyid Camal Əzimbəyli isə Əli Nağıyevi vəhhabi təriqətinin düşüncə tərzinə uyğun tərzdə çıxış etməkdə suçladı: “Bu gün Azərbaycanın dini ümhitində həssas proseslər baş verməkdədir. Hətta deyərdim ki, Azərbaycanda tolerantlıq heç bir ölkədə olmayacaq qədər inkişaf edib. Amma tolerantlıqdan yararlanaraq ölkə daxilində sui-istifadə halları da çoxalır. Təəssüf edirəm ki, Azərbaycanın ən yüksək nazir postunda çalışan, ölkəmizi başqa dövlətdə səfir statusunda təmsil edən adam İslamın ən ali saydığı məqam sahibləri haqqında bu cür bölücü hədyanlar söyləyir. Bu qətiyyən yolverilməzdir. Bir araşdırmaçı kimi tam məsuliyyətlə deyirəm ki, Əli Nağıyevin belə mövqeyi milli dönük vəhhabi təkbirçi şüurunda çıxış edənlərdən heç bir halda fərqlənmir. Bu cür çıxış Azərbaycan dövlətçiliyinə, din dövlət münasibətlərinə böyük, sarsıdıcı zərbədir. Mətbuat səhifələrində onun genişləndirilməsi böyük təfriqələrə yol aça bilər. Azərbaycanda məzhəblərarası münasibətlərin dözümlüyündə həmişə əhli-beyit önəmli rol oynayıb. Bu gün ölkəmizdə birlik və bərabərliyin qorunması üçün o əhli-beytə borcluyuq. Azərbaycan dövlətinin başçısı Gəncə və Bərdədə İmamzadə kompleksini himayə edirsə, dövlət adamı olan digər bir şəxsin belə çıxışı etməsi anormaldır. Azərbaycan xalqının birlik və bərabərliyinin pozulmasına qarşı hansısa məkrli bir planın tərkib hissəsi olaraq bəldə də bilməyərəkdən belə bir çıxışa yol verib”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək cəhdlərimiz isə alınmadı. Belə ki, dəfələrlə bu qurumlarla əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən tapılmadı.
ELÇİN
www.yenicag.az