Hədəfdə niyə Prezidentdir? – “Yuxarı”dan gələn sifarişlə işləyən şantaj çətəsinin ƏSL HƏDƏFİ
Müasir Azərbaycanın yol xəritəsini cızan Ulu Öndər Heydər Əliyevin tarixi bir kəlamı var: “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”.
Bəli, dünyanın bütün demokratik sistemlərində müxalifət institutunun mövcudluğu qəbul olunmuş bir reallıqdır. Müxalifət dövlətin zəifləməsi üçün deyil, əksinə, onun daha güclü və dayanıqlı olması üçün fəaliyyət göstərən mühüm mexanizmdir. Sağlam siyasi müxalifət sosial təminat, iqtisadi inkişaf, təhsil, səhiyyə və idarəetmə ilə bağlı konkret proqramlar təqdim edir, qanunvericilik təşəbbüslərinə alternativlər irəli sürür və cəmiyyətin maraqlarını dolğun ifadə edir.
Lakin Azərbaycan reallığında müşahidə olunan mənzərə tamamilə fərqli istiqamət alıb.
Bu gün özünü müxalifət kimi təqdim edən bəzi daxili və xarici qrupların fəaliyyətinə baxdıqda aydın görünür ki, onların əsas hədəfi dövlət siyasəti və ya idarəetmə qərarları deyil. Hədəf birbaşa Prezident və onun ailəsidir. Özünü müxalifətdən çox şantaj çətəsi kimi aparan bu qaragüruhun “ağsaqqal”larının da etiraf etdiyi kimi, nəyi nə qədər deyəcəkləri məhz “yuxarı” adlandırdıqları xarici xüsusi xidmət orqanlarının icazəsindən asılıdır.
Bu yanaşma artıq siyasi mübarizə deyil, xarici kəşfiyyat orqanlarının maşasına çevrilmiş bir dəstənin çirkab ixracıdır. Ulu Öndərin də buyurduğu kimi, burada siyasi baxışdan çox, vətənə və dövlətə qarşı birbaşa düşmənçilik hiss olunur.
Sual yaranır: Əgər bu qüvvələr sifariş əsasında ölkəni hədəf seçmirsə, niyə yalnız dövlət başçısı hədəfə çevrilir? Niyə idarəçilikdə rəsmi rolu olmayan, sadəcə sosial aksiyalarla vətəndaşlarla birbaşa təmas quran, xalqın içində olan ailə üzvləri belə əxlaqsızcasına hücuma məruz qalır? Normalda təqdir olunmalı addımlar niyə süngü ilə qarşılanır? Prezident və ailəsinin xalqla iç-içə olması bəzi dairələri niyə bu qədər qəzəbləndirir?
Çünki Azərbaycanın son onilliklərdə keçdiyi yol regionun siyasi tarixində mühüm dönüş nöqtəsidir. Uzun illər davam edən Qarabağ münaqişəsinin zəfərlə yekunlaşması və ərazi bütövlüyünün təmin olunması dövlətin gücünü və sarsılmaz siyasi iradəsini nümayiş etdirən əsas faktordur.
Bu uğur təkcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı hərbi qələbə deyil, həm də onun dərin diplomatik və siyasi təcrübəsinin məntiqi nəticəsidir. Bu siyasət nəticəsində Azərbaycan artıq regional deyil, qlobal siyasi proseslərdə əsas söz sahibi olan aktora çevrilib.
Avropa İttifaqı ilə tərəfdaşlıq, ABŞ və digər Qərb dövlətləri ilə balanslı əməkdaşlıq, Türkiyə və türk dünyası ölkələri ilə strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığı ölkənin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycan təkcə Qafqazın lider dövləti deyil, həm də beynəlxalq müstəvidə öz sözünü deyən müstəqil gücdür.
Eyni zamanda, sosial sahədə həyata keçirilən islahatlar, müdafiə mexanizmlərinin genişləndirilməsi və nəhəng infrastruktur layihələri daxili sabitliyin sütunlarına çevrilib. Prezident və ailəsinin xalqla birbaşa təması da məhz bu sarsılmaz birliyin mühüm elementidir.
Belə bir fonda sual yenidən aktuallaşır: Strateji nəticələrin əldə olunduğu bir dövrdə niyə tənqid konkret qərarlar üzərində deyil, birbaşa dövlət başçısının üzərində qurulur? Niyə Prezidentin ailəsinə qarşı çirkin kampaniya aparılır?
Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi, regional güc balansında öz mövqeyini qoruması və heç bir geosiyasi mərkəzdən asılı olmadan qətiyyətli addımlar atması bəzi xarici qüvvələrin maraqları ilə ziddiyyət təşkil edir. Onlar regionun lider dövlətini deyil, köhnə, zəif, vətəndaşını xilas etmək üçün bir helikopteri belə tapılmayan aciz Azərbaycanı görmək istəyirlər.
Bu səbəbdən informasiya müharibəsində əsas hədəf dövlət institutları deyil, dövlətin simvolu olan Prezident seçilir.
Siyasi sistemin legitimliyi və sabitliyi liderlik institutunun nüfuzundan birbaşa asılıdır. Ona görə də liderə hücum etməklə dövlətin özünü zəiflətmək cəhdi göstərilir.
Sağlam müxalifət dövlətin inkişafını dayandırmaq yox, sürətləndirmək üçün alternativ ideyalar və faktlara söykənən təkliflər təqdim etməlidir. Əks halda müxalifət institutu funksiyasını itirir və siyasi təsisatdan çox xarici kəşfiyyat orqanlarının əlində oyuncağa çevrilir.
Necə ki, bu gün xaricdə fəaliyyət göstərən “söyüş şəbəkələri” məhz bu çirkin funksiyanı yerinə yetirir. Dünən bir gücün sifarişini icra edənlər, bu gün başqa bir mərkəzin “zakaz”ı ilə hərəkət edirlər. Onlar ideya və proqram deyil, “yuxarıdan basılan düymə” ilə dövlətinə və Qarabağı azad edən Liderinə qarşı icazə verilən həddə hücum istehsal edirlər.
Ancaq xalq da, dövlət də bu oyunun fərqindədir. Vaxtilə torpaqları işğal altında olan, qaçqın düşərgələrinə məhkum edilmiş ölkəni Qafqazın liderinə çevirən və dünyada söz sahibi edən Liderin niyə hədəf seçildiyini cəmiyyət aydın görür və öz rəhbərinə arxa çıxır.
Çünki bu gün hər kəs əmindir: Prezident İlham Əliyev nəyi, necə və nə zaman edəcəyini dəqiq bilir.
Bu hücumların arxasında dayanan güc mərkəzlərinin cavab verəcəyi gün uzaqda deyil. Söhbət təkcə “peşka”lardan deyil, onların ipini əlində tutan əsl ağalarından gedir.
Aqil Ələsgər













