HƏMAS-dan şokedici gediş - İran xəttindən ayrılma hərəkata hansı manevr imkanları verəcək?
HƏMAS İran layihəsini tərk etməyi və “müqavimət-və mümanəat” (İranın regional oxu) xəttindən uzaqlaşmağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, ərəb mənbələri “HƏMAS”ın siyasi partiyaya çevrilmə təklifini nəzərdən keçirdiyini yazır.
Qeyd edilir ki, hərəkatın rəhbərlik səviyyəsi bu ideyanı müzakirə edir və təklifin içərisində Fələstin Azadlıq Təşkilatında (FAT) iştirak etmək məsələsi də var.
«HƏMAS» hərəkatına yaxın mənbələr təşkilatın Qəzza zolağı daxilində və xaricində olan bəzi rəhbər şəxslərinin 2023-cü ilin 7 oktyabr hücumundan sonra iki il davam edən İsrail müharibəsinin yaratdığı yeni reallıq fonunda hərəkatın siyasi gələcəyi ilə bağlı daxili müzakirə apardığını açıqlayıblar.
Silah və siyasətin bir arada olması
«Aş-Şərq əl-Əvsat» qəzetinin təklifi hazırlayan şəxslərdən birinə — hərəkatın xaricdə yaşayan rəhbərlərindən birinə — ünvanladığı “Bu istiqamət sizin silahların alınmasına razı olmağınızla, yaxud bundan qorxmağınızla bağlıdırmı?” sualına cavab olaraq həmin rəhbər belə deyib:
“Təklif atəşkəs razılaşmasından bir neçə gün sonra hərəkat daxilində nisbi siyasi sabitlik yaranandan sonra təqdim olunub”.
Rəhbər əlavə edib ki, təklif “əsas olaraq müqavimət silahının məsələsinə bağlı deyil; daha çox regiondakı siyasi dəyişikliklərə uyğunlaşmaq zərurəti ilə əlaqəlidir. Məqsəd İsrail hərbi maşınının bu məqsədə nail ola bilməməsindən sonra, hazırda bölgədə yürüdülən siyasi addımlar vasitəsilə “HƏMAS”ı böyük mübarizə yolu keçmiş fələstinli hərəkat kimi məhv edilməkdən qorumaqdır”.
Siyasi partiyaya çevrilmək və silahı qorumaq məsələsinin necə birləşdiriləcəyinə gəldikdə, mənbə belə deyib:
“Hərəkat öz silah məsələsinin müzakirəsinə açıqdır. Bu məsələ atəşkəsin başlanğıcından bu günə qədər Misir, Qətər, Türkiyə və hətta ABŞ-la qeyri-rəsmi şəkildə müzakirə olunur və yaxın dövrdə amerikalı rəsmilərlə gözlənilən görüşlərdə də təkrar gündəmə gələ bilər”.
Lakin mənbə vurğulayıb ki, bu məsələ
“yalnız fələstinli milli razılaşma çərçivəsində — müqavimət silahı ilə bağlı fələstinlilərin öz aralarında əldə edəcəkləri razılaşma əsasında — həyata keçirilə bilər. Burada İsrailin müdaxiləsinə və ya BMT Təhlükəsizlik Şurasının qərarında göstərilən beynəlxalq qüvvənin güc tətbiq edərək silahı almağa çalışmasına icazə verilməyəcək”.
O əlavə edib ki, belə bir addım “arzuolunmaz xaosa səbəb ola bilər və hərəkat bunu istəmir. Hərəkat çalışır ki, atəşkəs razılaşmasından sonrakı addımlar — həm milli səviyyədə, həm də vasitəçi ölkələrlə, ABŞ və beynəlxalq ictimaiyyətlə — razılaşdırılmış şəkildə həyata keçirilsin”.
Siyasi fəaliyyətə tədrici keçid
Mənbənin verdiyi məlumata görə, bəzi «HƏMAS» rəhbərlərinin təqdim etdiyi təklif, siyasi fəaliyyətə tədrici şəkildə keçidi hədəfləyir. Bu keçidin məqsədi, Qəzza müharibəsinin bitməsindən sonra bölgədə yaranan yeni reallığın diktə etdiyi dəyişikliklər fonunda fələstinlilərin öz prinsiplərini qorumasına imkan yaratmaqdır.
Mənbələr bildiriblər ki, «HƏMAS» son atəşkəs danışıqlarından sonra, hətta onu dəstəkləyən bəzi tərəflərin də təzyiqi ilə qarşılaşır. Bu təzyiqlər hərəkatın silahları təhvil verməsi, Qəzzadakı idarəçilikdən çəkilməsi və İsraillə açıq qarşıdurmanı bitirməsi ilə bağlıdır. Bütün bunlar bölgədə 1967-ci il sərhədləri əsasında fələstin dövlətinin qurulmasına aparacaq geniş siyasi razılaşma əldə etmək məqsədilə edilir — bunu bir çox fələstinli mənbə «Aş-Şərq əl-Əvsat»a təsdiqləyib.
“Müqavimət və mümanaət hərəkatı” nədir?
“Müqavimət və mümanaət ” ifadəsi Yaxın Şərqdə İranın rəhbərlik etdiyi siyasi-hərbi ittifaqa verilən addır. Bu oxda olan qüvvələr özlərini belə təqdim edirlər:
• İsrailə və ABŞ-a qarşı çıxan,
• Qərbin bölgədəki təsirini qəbul etməyən,
• “Müqavimət hərəkatlarını” (silahlı qrupları) dəstəkləyən bir blok.
Bu blokda kimlər var?
Adətən “müqavimət–mümanaə”na daxil sayılanlar:
1. İran
2. Hizbullah (Livan)
3. Suriya rejimi( Köhnə rejim)
4. İraq – Haşdi Şəbi qüvvələri
5. Fələstin – İslami Cihad
6. HƏMAS
Niyə “mümanaət” adlanır?
“Mümanaət” sözü “qarşı gəlmək, təzyiqi rədd etmək” deməkdir.
Burada nəzərdə tutulur:
• İsraillə siyasi anlaşmaları rədd etmək,
• ABŞ-la ittifaqı qəbul etməmək,
• Silahlı və siyasi müqavimət yolunu seçmək.
HƏMAS-ın İran layihəsini tərk etməsi nə deməkdir?
Əgər deyilsə ki, “HƏMAS İran blokundan uzaqlaşır”, bunun mənası budur:
• İranın siyasi–hərbi xəttindən uzaqlaşmaq
• İrandan gələn hərbi dəstəyin azalması
• Daha çox siyasi həllər və diplomatiya yoluna yönəlmək
• Ərəb ölkələri ilə yaxınlaşmaq
• HƏMAS-ın tamamilə silahlı qrup kimi deyil, siyasi aktor kimi çıxış etməsi
Bu niyə önəmlidir?
Çünki bu blokda olmaq və ya çıxmaq:
• Regional münasibətləri dəyişir
• Silah və maliyyə dəstəyini təsir edir
• Fələstin məsələsinin gedişatını dəyişir
• Ərəb və Qərb ölkələrinin mövqeyi dəyişir.
Amir Aqiloğlu












