“Hər il 25-30 milyard manat oğurlanır”
Xatırladaq ki, bir müddət əvvəl saytımızda Vergilər Nazirliyinin fəaliyyətiylə bağlı müxtəlif yazı getmişdi. Ədalət Partiyasının sədr müavini Heydər Oğuz ölkəmizin qeyri-neft sektorunun inkişafında yaradılan əngəllərdən danışmış və bu məsələdə əsasən Vergilər Nazirliyini günahlandırmışdı. Ona cavab verən DİPM İB –in həmsədri Elçin Qurbanov isə şair-publisisti qərəzlilikdə günahlandırmışdı.
Maraqlıdır ki, üzərindən xeyli keçməsinə baxmayaraq Elçin Qurbanovun bu yazısına da cavab verildi. Cavab verən isə keçmiş Müdafiə naziri Rəhim Qazıyevdir.
Redaksiyamıza zəng vuran Rəhim Qazıyev bildirdi ki, Azərbaycan dövləti başda Vergilər Nazirliyi olmaqla bütün iri məmurlar tərəfindən talanır və onda bunu sübut edəcək sənədlər mövcuddur. Bu barədə hətta ölkə Prezidentinə məktub yazan keçmiş nazır ildə ən azı 25-30 milyard manatlıq vəsaitin mənimsənildiyini düşünür.
Maraqlıdır ki, bu məktubun sorağı sonradan Vergilər Nazirliyindən gəlir. Məktub Prezident Administrasiyası tərəfindən araşdırılmaq məqsədilə Vergilər Nazirliyinə göndərilir. Nazirliyin Vergiödəyicilərinin Auditi Baş İdarəsi isə öz növbəsində Rəhimə Qaziyevə məktub yazaraq ondan vergi cinayətini sübut edən sənədləri istəyir. Keçmiş nazir də əlindəki bu sənədləri həmin idarəyə təqdim etsə də müsbət cavab ala bilmir:
“Vergilər Nazirliyindən aldığım cavab məktubunda təqdim etdiyim sənədlər üzrə araşdılma aparıldığı və qanunazidd heç bir faktın təsbit olunmadığı qeyd olunurdu. Belə çıxır ki, haqqında bəhs etdiyim cinayətlər Azərbaycan vergi sistemi üçün olduqca normalmış və nazirlik tərəfindən qanuni hal hesab olunurmuş. Halbuki həmin sənədlərdə vergi cinayəti tam mənasıyla sübuta yetirilirdi. ”
Bəs, Qəhim Qaziyevin vergi cinayəti hesab etdiyi hallar nədən ibarətdir?
Keçmiş Müdafiə nazirinin bildirdiyinə görə bir neçə il bundan əvvəl “Nissan” markalı avtomobil alıb. Avtomobilə 26 min 700 manat pul ödəyib və ona bunu təsdiq edən qəbz də verilib. Daha sonra maşını Dövlət Yol Polisində qeydiyyatdan keçirəndə məlum olub ki, rəsmi sənədlərdə onun qiyməti 9.600 manatdır. İndi Rəhim bəyin əlində hər iki hesab qaiməsi mövcuddur. Burdan belə nəticə çıxır ki, maşın satışıyla məşğul olan mağazalar iki vergi hesabı ilə işləyirlər. Hesablardan birində alıcıya satılan real qiymət yazılır. Digərində isə bu qiymət hardasa 3 dəfə az göstərilir.
Rəhim Qazıyev bu qədər aşkar olan bir cinayətin Nazirlik tərəfindən görülməməsini isə vergi məmurlarının maraqlarıyla əsaslandırır: “Necə mümkün ola bilər ki, eyni maşın müxtəlif qiymətlərlə sənədləşdirilir və Vergilər Nazirliyi bu faktı yox sayırlar. Görünür, Dövlət Yol Polisinə təqdim olunan sənədlər rəsmi büdcədən pul yayındırmaq üçün nəzərdə tutulur. Burdan o nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda ən azı büdcənin özü qədər vəsait mənimsənilir və bunun böyük hissəsi Vergilər Nazirliyinin payına düşür”.
Müsahibimiz özünün riyaziyyatçı olduğunu xatırladır və verilən rəsmi informasiyalarla qarşılaşdığı vəziyyəti müqayisə etdikdə yalnız təzə maşın ticarətindən ildə milyardlarla manatın mənimsəndiyini bildirir: “Bir neçə il bundan əvvəl ölkə rəhbərinin çıxışından eşitdim ki, ölkəyə hər il 70 mindən artıq təzə maşın gətirilir. Hesabladım ki, tək bu sahədən məmurlar hər il 2.5 milyard manat mənimsəyirlər. Əslində ölkə başçısına yazdığım məktub da bununla bağlı idi. Təəssüf ki, Prezidentin vergi sistemi qədər strateji önəm daşıyan nazirliyin əməkdaşları bu məktuba da barmaqarası baxdılar. Bu yaxınlarda yaxından tanıdığım bir adam da eyni vəziyyətlə qarşılaşıb. Onun 28 min manata aldığı maşın 10 min manata sənədləşdirilib. Qeyd etdiyim bu hadisə yalnız mənim başına gəlsəydi və Vergilər Nazirliyindən o məzmunda məktub almasaydım, hesab edərdim ki, bütün bunlar maşın satan mağazanın günahı ucbatından baş verir. Hətta ən ali siyasi şəxsiyyətin nəzarətində olan məsələyə bu cür qeyri-adekvat münasibət isə adamı fərqli düşüncələrə götürür”
Digər sahələrin bundan fərqli olmadığını bildirən eks-nazirə görə, gömrükdə, tikinti sektorunda, neft sənayesində mənimsənilən vəsaitləri də hesaba qatsaq ölkəmizin dəhşətli bir talana məruz qaldığını görə bilərik: “Ən böyük talançılıq tikinti sektorunda gedir. Bu gün Bakının müxtəlif yerlərində inşa olunan evlərin hər kvadrat metri 1500 manatdan-2500 manata qədər dəyişilir. Sənədləşdirmədə isə həmin rəqəmlər 350-500 manat kimi göstərilir. Bu, hardasa qiymətlərin 5 dəfə kiçik göstərilməsi deməkdir. Təbii ki, oğurlanan vəsaitlər kimlərinsə ciblərinə axır. Ölkənin belə talan olunmasında Vergilər Nazirliyi ilə yanaşı Dövlət Gömrük Komitəsinin, Respublika Prokrorluğunun, Daxili İşlər Nazirliyinin də günahı az deyil”.