“Hər şeydə koronavirus axtarmayın və onu kabus kimi görməyin” – Adil Qeybulla

“Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə yaşanan koronavirus ajiotajına münasibət bildirən professor Adil Qeybulla deyib.

Adil Qeybullanın sözlərinə görə, hazırda ölkənin bütün həkimləri tam səfərbər ediliblər və Tibb Universitetinin Tədris-cərrahiyyə korpusu müasir havalandırma sisteminə rəğmən, karantin statuslu xəstəxana kimi fəaliyyət göstərir:

“Həkimlərin bu işə cəlb olunmasının mexanizmi bu gün inkişaf etmiş dünya ölkələrində olduğu kimi, effektiv və rasional olmalıdır. Bu mexanizm izafi xərcləri azaltmaq, təhlükəsizliyi təmin etmək baxımından çox önəmlidir. Belə ki, xəstəxanaya ilk növbədə intensiv müalicəyə ehtiyacı olanlar gətirilməlidir. Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər. Onlara xüsusi ayrılmış həkimlər (məsələn, maaşları artırılmaqla, poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidəni davam etdirər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürülər. Biz niyə Fransa, Almaniya təcrübəsindən yararlanmamalıyıq?!”

Professor qeyd edib ki, COVİD 19-un spesifik, patoqnomonik simptomları yoxdur. Bu, bir atipik respirator virus infeksiyasıdır:

“Özünüzdə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi, özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin.

Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin”.

Qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəliklərinin COVİD-19-dan daha ağır gedişə malik ola bildiyini deyən professor, vətəndaşları aşağıdakı qaydalara riayət etməyə çağırıb:

“Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın. Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın. Bol maye (ilıq şəkildə su) için. Su bir tərəfdən burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır. Beləliklə, virusun miqdarını artmağa qoymur.

Digər tərəfdən isə intoksikasiya zamanı bədəndə su sərfi artdığından, homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu, virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır. Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, “Parasetamol” həblərindən (500 mg gündə 2 dəfə) istifadə edin. Sink (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin.

Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin. Yağda qızardılmış yeməkləri azaldın, nativ kərə yağı daha məsləhətdir. Meyvə-tərəvəzə üstünlük verin. Xəstəliyiniz rejimə ciddi əməl etsəniz, tədricən keçəcək. Əgər davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın”.

Gülşən Şərif

COP29