Hərbi çevrilişin qarşısı alındı
Burundidə hərbi çevrilişə cəhdin qarşısı alınıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Burundi ordusuna rəhbərlik edən general Prim Niyonqabo bildirib ki, prezidentə sadiq qüvvələr bütün strateji obyektlərə nəzarət edir.
Burundi prezidenti Pyer Nkurunziza isə sosial şəbəkələr vasitəsi ilə ölkə əhalisinə müraciət edərək vətəndaşları sakitliyə riayət etməyə çağırıb.
Qeyd edək ki, ölkə prezidenti hazırda Tanzaniyada keçirilən Afrika sammitində iştirak edir.
Lakin buna baxmayaraq, Burundi paytaxtının sakinləri şəhərdə atəş səslərinin eşidildiyi bildirirlər. Üsyançıların lideri, general Qodfrua Niyombare isə iddia edir ki, ona sadiq qüvvələr şəhərin böyük hissəsinə nəzarət edirlər.