Laçının işğalı nə qədər böyük faciə idisə, bir güllə atılmadan qaytarılması ondan daha böyük tarixi hadisə, müzəffər komandanın həm də böyük strateq və hərbi diplomatiya dühası olduğunun göstəricisidir.
Dağlıq Qarabağ münaqişəsinin həllinin ən çətin mərhələlərindən biri Laçın rayonunun işğaldan azad olunması idi. Çünki Laçının həm ərazisi çox genişdir, həm də çətin relyefdə yerləşir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Laçının bir güllə atılmadan işğaldan azad olunması tarixi hadisə və Azərbaycan hərbi diplomatiyasının böyük qələbəsidir.
Laçın Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən 77 gün sonra – mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində – 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan “erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından”, “digər rayonlardan geri çəkilməsi” tələbi birbaşa Laçına aid idi. Amma Ermənistan rəhbərliyi bu qətnamələrə məhəl qoymurdu. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Şuşa bizim hərb tariximizin ən böyük Zəfəridirsə, bir güllə atmadan Laçının qaytarılması dövlətçiliyimizin siyasi-hərbi tarixinin parlaq qələbəsidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Laçın rayonunun işğaldan azad olunması çox böyük tarixi hadisədi.
Düşmən 28 il 6 ay Laçını işğal altında saxlayıb. Orada olan bütün evlər, sosial obyektlər, dövlət qurumlarının inzibati binaları dağıdılıb, yerlə yeksan edilib. Rayonun təbiətinə böyük ziyan vurulub. Ermənilər işğal etdikləri digər rayonlar kimi Laçında da barbarlıq ediblər. Bu da səbəbsiz deyildi. Çünki yaxşı bilirdilər ki, Laçın onlara məxsus deyil, gec-tez əsl sahibləri gəlib oranı azad edəcək. Və o an yetişdi və Laçın artıq azaddır və ora bir daha düşmən ayağı dəyməyəcək.
Bu gün Azərbaycan dövləti işğaldan azad olunan ərazilərin bərpası üçün böyük layihələr həyata keçirir, işğaldan azad olunan digər rayonlar kimi, Laçın da yenidən qurulur, abadlaşdırılır, laçınlılar öz doğma yerlərinə qayıdır və orada həyat yenidən qaynayır.
Laçının işğaldan azad olunması ölkəmizin iqtisadiyyatına da böyük töhfə verməkdədir. Çünki bu rayonumuz zəngin təbii ehtiyatlara, resurslara malikdir. Burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Həm dövlətin imkanları, həm də rayonun öz resursları səfərbər edilməklə böyük inkişafa nail olunacaq.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür.
Qısacası, Qarabağın gül baxçası olan Laçın yenidən çiçəklənməkdədir. Düşmən yeli üzərindən çəkiləndən sonra üzərinə günəş doğub Laçının.
Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin üzvü
www.yenicag.az