“Mövcud vəziyyətin nə qədər davam edəcəyi isə bəlli deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin üstünlük əldə etməsinin mövcud vəziyyətə təsirindən danışan politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər mövqe döyüşləri gedirdisə, hazırda həqiqətən də hərbi əməliyyatlar Kremlin xeyrinə dəyişməkdədir.
“Çünki əvvəlki dövrlərdə də nisbi mövqe üstünlükləri ilə müşayiət olunan hərbi əməliyyatların şahidi olmuşuq. Ancaq Qərb sona qədər Rusiyanın üstünlük əldə etməsi ilə barışmayacaq. Nəticə etibarilə beynəlxalq siyasi müstəvidə Rusiyanı zəiflətmək strategiyası ilə addım atan Qərb üçün hazırkı durumun davam etməsi məqsədəuyğun deyil. Belə olan təqdirdə isə Ukraynaya yardımların gücləndiriləcəyi gözlənilir”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, yaxın perspektivdə müharibənin sonlandırılacağı görünmür:
“Hələ yeni mərhələlər qarşıdadır. İndi üstünlük Rusiyadadırsa, sabah Ukraynada ola bilər. Qərb ölkələrinin istər NATO, istər digər vasitələrin xətti ilə Ukraynaya yardımlarının artacağı görünür. Çünki Rusiyanın Ukrayna üzərində qələbəsi bütün dünyada Qərbin nüfuzdan düşməsi deməkdir. Bir sözlə, bu münaqişə hələ də son mərhələsinə çatmayıb. Hələ qarşıda daha qızğın proseslərin olacağı ehtimalı yüksəkdir”.
Nəsimi Ələsgərli
www.yenicag.az