“Hizbullah”dan “Həmas”a xəyanət ittihamı: “Şəhidlərin qanını satanlar...”
Livanın İranyönümlü “Hizbullah” qruplaşması “Həmas”ı xəyanətdə suçlayıb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Hizbullah”ın ikinci şəxsi hesab olunan Naim Qasım Fələstin dövlətinin 1967-ci sərhədləri çərçivəsində qurulması ilə razılaşan “Həmas”ı hədəfə alıb.
Məlumata görə, “Hizbullah” lideri Həsən Nəsrallahın müavini Naim Qasım fələstinli gənclərlə görüşündə “Hamas”ın yeni proqramını sərt tənqid edib:
O, “Həmas”ı İsrail ərazilərinin 3 dəfə genişlənməsi ilə nəticələnən “Altıgünlük müharibə”dən əvvəlki ərazilərdə qurulmasına razılıq verməsini xəyanət kimi qiymətləndirib.
Qasım “Həmas”ın Aralıq dənizindən İordan çayına qədər olan əraziləri azad etməli olduğunu deyib:
“Fələstini iki yerə ayıran fəaliyyətlə (“Həmas”la) üz-üzəyik. Mövqeyimiz torpaq əvəzində şəhidlərin qanını satan yanaşmadan fərqlidir”.
Qasım əlavə edib ki, fələstinlilər indiki İsrail ərazisində qalan evlərinə qayıtmalıdırlar.
Yeniçağ.Az