Reklam: High Technic
hightechnic

Hüseyin Dəmirəl: "25 il ərzində Fətullahçı terror qruplaşması türk dünyasının gənclərini manqurtlaşdırdı"

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının bu il 25 ili tamam olur. 1992-ci ildə, mərhum Turan Yazqanın gərgin əməyi sayəsində açılan Bakı Atatürk Liseyi ötən 25 il ərzində çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətinə nəzər salmaq üçün təhsil ocağının müdiri Hüseyin Dəmirəllə görüşüb söhbətləşmək qərarına gəldik. “OLAYLAR”-a verdiyi müsahibədə Hüseyin Dəmirəl Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətini qiymətləndirib və bundan sonra qarşıda duran vəzifələr barədə danışıb.

-Hüseyin bəy, bu il Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının 25 ili tamam olur. 25 il öncə, Sovetlərin yeni dağıldığı bir dönəmdə Azərbaycanda belə bir məktəb açmaq nə qədər çətin idi və buna necə nail olundu?

-Öncəlliklə onu qeyd edim ki, mərhum Turan Hocamız 1980-ci illərdən bəri bu prosesə hazırlıqlı idi və Atatürk kimi Sovetlərin dağılacağını öncədən görmüşdü. Hətta həmin dönəmdə Turan Hocamız müxtəlif vasitələrlə türk dünyasının aydınları ilə işbirliyində idi, onlarla müntəzəm olaraq görüşür, müzakirələr aparırdı. Dərc etdiyi jurnalları həmin insanlara göndərir, türk dünyası aydınları arasında əlaqələri genişləndirirdi. Sovetlər dağıldıqdan sonra Turan Hocamızın ilk işi Azərbaycana gəlmək oldu və burada bir kitabxana açdı. Sonradan isə Bakıda, hazırda 25 ilini yaşadığımız Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyini açdı.

-Belə bir məktəblər, liseylər yaratmaqda əsas məqsəd nə idi?

-Əsas məqsəd türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirmək, mədəni və iqtisadi inteqrasiyaya nail olmaq idi. Həmçinin vətəni, millətini sevən, müstəqil, analitik düşünə bilən gənclər yetişdirmək idi. Bu məqsədlə Turan Yazqan Hocamız 1992-ci ildən etibarən fərqli türk dövlətlərində məktəblər açmağa başladı. İlk açdığı məktəb də məhz Bakı Atatürk Liseyi oldu. Turan Yazqanın açmış olduğu digər məktəblər sırasında Bakı Atatürk Liseyinin xüsusi bir yeri vardı. Səhhəti imkan verdiyi müddətcə O, hər il Bakıda keçirilən məzuniyyət törənlərində iştirak etdi. Bakı Atatürk Liseyi onun üçün bir göz bəbəyi idi. Təsadüfi deyil ki, Turan Hocamız müntəzəm olaraq “bu məktəb mənim göz bəbəyimdir” deyirdi.

-Siz də müxtəlif illərdə fərqli ölkələrdə Turan Yazqanın açmış olduğu liseylərdə çalışmısınız. Onunla ilk tanışlığınız necə baş verdi və Turan Yazqanla bağlı hansı xatirələriniz var?

-1982-ci ildə yenicə müəllimlik fəaliyyətimə başlamışdım. Həmin illərdə Turan Yazqan Türk dünyası tarix dərgisi adlı bir dərgi nəşr edirdi. Həmin dərgidə professor Faruk Sümerin bir neçə nömrə ard-arda “Oğuzlar” məqaləsi işıq üzü gördü. Mən də həmin yazıları çox maraqla izləyirdim. Beləcə 1980-ci illərdən qiyabi olaraq Turan Hocamızı tanımağa başladım. Əyani şəkildə tanışlığımız isə 2010-cu ilə təsadüf etdi. Məni İstanbula çağıraraq “Oğlum, get Qazaxıstanda müəllimlik et. Sizə güvənirik. Yolunuz açıq olsun” dedi. Beləliklə, 2010-cu ildə Qazaxıstanın Qızıl Orda şəhərindəki Qorqud Ata Universitetinin nəzdində 1992-ci ildə Turan Hoca tərəfindən açılmış Qazax Türk Liseyində müəllimliyə başladım. Bundan başqa həmin il sözügedən universitetin nəzdində Vəqfin Türk dili və ədəbiyyatı fakultəsi açılmışdı

-Beləliklə, daha sıx-sıx təmaslarınız oldu

-Bəli. Hər il Turan Hocayla İstanbulda keçirilən uşaq şənliklərində görüşürdük. Bizimlə söhbətlər edər, tövsiyyələrini verərdi. Tədbirlər keçirilən zaman Turan Hoca bir-bir bütün stollara baş çəkər, hər kəslə söhbətləşərdi. Tədbirlərdən birində bizim əyləşdiyimiz stola yaxınlaşdı və təbii ki, biz də sayğı olaraq ayağa qalxdıq və bir daha özümüzü təqdim etdik. Həmin vaxt Turan Hocanın səhhəti o qədər də ürəkaçan deyildi. Bizimlə bir daha tanışlıqdan sonra əlimi çiynimə qoyub, Vəqfin təhsil müdiri Metin Kösəyə müraciət edərək “Mətin, sən hər zaman Qızıl Ordaya yaraşıqlı insanları göndərirsən” dedi. Təbii ki, Turan Hocanın bu fikirləri məndə bir məmnunluq yaratdı.

-Artıq bir neçə ildir ki, Turan Yazqan aramızda yoxdur. Bəs, günümüzdə Turan Yazqanın idelları, amalı nə dərəcədə yaşadılır və davam etdirilir?

-Əlimizdən gəldiyi qədər Turan Hocamızın ideallarını davam etdirməyə çalışırıq. Məlumdur ki, Turan Hocamız İsmayıl Qaspıralının yolunu seçmiş, onun yolunu davam etdirmişdi. İsmayıl Qaspıralı da çox mükəmməl bir pedoqoq olmuş və ilk dəfə İslam, türk aləmində qarışıq bir təhsil sistemini, yəni qız və oğlanların birgə təhsil almasını təklif edən şəxsiyyət olub. Biz də Turan Yazqanın yolunu davam etdirərək, onun yolunun davamçısı olaraq bu qarışıq təhsil sistemini davam etdiririk. Bu təhsil sisteminin mənası, anlamı dinə qarşı olmaq deyil. Bunun əsas məqsədi müstəqil düşünən insanlar yetişdirməkdir. İsmayıl Qaspıralı 35 il dərc etdiyi “Tərcüman” qəzetini bütün Türk dünyası, Orta Asiya respublikalarına yaydı və nəticə etibarilə orada insanlar arasında bir milli ruh, oyanış baş verdi. Eyni işi Turan Hocamız da Türk Dünyası Tarix dərgisi ilə davam etdirdi. Bu gün türk dünyasında milli fəaliyyətlər varsa, bunda İsmayıl Qaspıralı və Turan Yazqanın xidmətləri böyükdür. Amma təssüflər olsun ki, günümüzdə bu cür aydınlar yetişmir ki, bunun da səbəbi fətillahçı şəbəkənin bizi manqurtlaşdırmasıdır. Türk dünyasının ən böyük təhlükəsi fətullahçı qruplaşmadır. Bütün bunlara rəğmən günümüzdə Türk Dünyası Araşdırmalar Vəqfi olaraq Türkiyədə bəlli fəaliyyətlərimiz var. Bundan başqa Azərbaycan və Qırğızıstanda fəaliyyətlərimiz davam edir. Hər ay Türk Dünyası tarix və mədəniyyət dərgisi işıq üzü görür. Həmçinin dünya miqyasında elmi səviyyədə öz yeri və rolu olan Türk Dünyası Araşdırmaları Dərgisi 3 aydan bir çap edilir. Bundan başqa məlum olduğu kimi Azərbaycandakı İqtisad Universitetinin nəzdində Türk dünyası iqtisad fakultəsi, Bakı Atatürk Liseyi fəaliyyət göstərir. Həmçinin Qırğızıstanın Cəlilabad şəhərində iqtisad fakultəmiz mövcuddur. Hər il Türk Dünyası Araşdırmalar Vəqfi olaraq Sosial Elmlər Konqresi təşkil edirik və məlum olduğu kimi sonuncu konqres keçən il Bakıda baş tutdu. Bu il isə növbəti konqresi Qazaxıstanın Qızıl Orda şəhərində keçirməyi nəzərdə tuturuq. Konqresin təxminən sentyabr və ya oktyabr aylarında keçirilməsi planlaşdırılıb.

-25 il arxaya baxdığınızda Bakı Atatürk Liseyinin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Bu illər ərzində çox məhdud imkanlarla fəaliyyət göstərsək də, amma hər il liseydən məzun olan şagirdlərimizin 99, hətta bəzən 100 faizi belə ali məktəb tələbəsi adını qazanır. Bir müddət əvvəl liseyin ilk məzunu olmuş dostlarımızın biri ilə söhbətləşərkən bildirdi ki, həmin il cəmi 8 nəfər məzun ali məktəb tələbəsi adını qazanmışdı. Həmin ilk 8 məzunlların bir qismi bu gün böyük şirkətlərin ceosu (ikinci rəhbər şəxsi) və ya böyük şirkətləri olan insanlardır. Yəni işsiz qalan yoxdur. Bu da nəticə etibarilə onu deməyə əsas verir ki, deməli liseydə gənclərimizə yaxşı bir təhsil vermişik.

-Elə bu yüksək göstəricilərin nəticəsidirmi ki, valideynlər övladlarının məhz Bakı Atatürk Liseyində təhsil almasına üstünlük verirlər?

-Yüksək nailiyyətlərdən əlavə olaraq, biz şagirdlərimizi müstəqil düşüncəli, vətənini, millətini sevən, insanlara, ətraf mühitə sayğılı, məsuliyyətli biri kimi yetişdiririk. Həmçinin onların da digər türk xalqlarını sevməsi, onlarla əlaqələri inkişaf etdirməyə maraqlı olmaları üçün çalışırıq. Bir sözlə dürüst, güvəncli, adil, etik dəyərlərə önəm verən bir gəncliyin yetişməsini istəyirik. Yəni, ən yaxşıların olmasına çalışırıq və inanıram ki, buna da nail olacağıq. Və beləliklə, daha da irəliyə, uğurlu fəaliyyətlərə doğru gedəcəyik.

-Bəs, bundan sonrakı illərdə qarşıdakı hədəflər nələrdir?

-Mərhum ümummilli lider Heydər Əliyev zamanında Azərbaycan və Türkiyə dostluq-qardaşlıq əlaqələri ilə bağlı çox müdrik bir kəlam söyləyib. “Biz bir millət, iki dövlətik”. Ümummilli lider Heydər Əliyevin zamanında söyləmiş olduğu həmin müdrik kəlam bu gün əməldə öz təsdiqini tapıb. Günümüzdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Hər iki ölkənin siyasi rəhbərliyinin, prezidentlərinin fəaliyyətləri ölkələr arasında əlaqələri daha da inkişaf etdirir. Ancaq onu da etiraf etmək lazımdır ki, bu gün Azərbaycanla Türkiyə arasında olan bu cür yüksək səviyyəli münasibətlər digər türk respublikalar arasında yoxdur. Məsələn, Azərbaycan Türkiyə qədər Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanla yaxın deyil. Məqsədimiz bu ölkələr arasında da yaxınlıq yaratmaq, əlaqələri daha da inkişaf etdirməkdir. Ümumən götürəndə isə dünya çapında tanınan intelektual beyinlər yetişdirmək istəyirik.

-Sizə elə gəlmirmi ki, bu gün Türk dünyasına daxil olan ölkələr arasında istədiyimiz səviyyədə əlaqələrin mövcud olmamasının bir səbəbi də türk gəncliyinin bəlli şəxslər, kişilər tərəfindən təsir altına salınması, onlardan təhsil adı altında müəyyən maraqlar üçün istifadə edilməsidir?

-Tamamilə doğrudur. 25 il ərzində Fətullahçı terror qruplaşması türk dünyasının gənclərini manqurtlaşdırdı, onlardan təhsil vermək adı ilə öz şəxsi maraqları naminə istifadə etdi. Məhz Fətullahçı terror qruplaşmasının fəaliyyətinin nəticəsidir ki, türk dünyasının intelektual bir cameəsi yoxdur. Əvvəllərdə olduğu kimi şairimiz, yazarımız, düşüncə adamımız yetişmir. Bu hər yerdə belədir. Əgər Fətullahçı terror qruplaşması olmasa və gənclərimizi manqurtlaşdırmasaydı, Azərbaycan və Türk dünyasının qədəri, gələcəyi fərqli olacaqdı. Təəsüüflər olsun ki, bu qruplaşma Türk dünyasının ən azı 50-100 ilini geri atdı. Bu gün türk aləmindən bir dənə dünyaca məşhur elm adamı çıxmır. Nədən? Çünki əsir olan beyin yeni bir şey öyrədə, yarada bilmir. Bizim fərqliliyimiz isə müstəqil düşünən insanlar yetişdirməkdir. Bizim maddi sıxıntılarımızın başlıca səbəblərindən biri də, Fətullahçı qruplaşmanın oyunlarıdır. Orta Asiya respublikalarındakı bir çox məktəblər məhz onların oyunlarının nəticəsi olaraq bağlandı. Türkiyə hökumətinin içərisinə daxil olmuş fətullahçılar gəlir qaynaqlarımızı əlimizdən aldılar. Şeytani bir örgüt olan bu qruplaşma bizə və Türk dünyasına böyük bir zərbə vurdu.

-Zaman-zaman liseylə bağlı müəyyən problemlər meydana çıxır, maddi sıxıntılar yaşanır. Hətta bəzən maddi sıxıntılar səbəbindən liseyin bağlanacağı da iddia edilir. Hazırda durum necədir və belə bir təhlükə gözlənilirmi?

-Azərbaycan və Türkiyə dövləti var olduqca bu məktəb bağlanmaz. Təbii ki, müəyyən sıxıntılarımız olacaq. Problemlər də bir qayda olaraq həll edilmək üçün ortaya çıxar. Hər kəsin, dəstəyi ilə meydana gələn irili-xırdalı problemlərin öhdəsindən gələcəyimizə inanıram. Bu arada fürsətdən istifadə edərək 25 il bizləri burada qonaq edən, bağrına basan Azərbaycan dövləti, xalqına, valideynlər, müəllimlər, şagirdlərimizə dərindən minnətdarlığımı ifadə edirəm.

-Bəs, Bakı Atatürk Liseyinin 25 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulurmu?

-25 illik yubiley ərəfəsində İsmayıl Qaspıralı və Turan Yazqanı anma məqsədli “Türk dünyasında dildə birlik” mövzusunda inşa yazı müsabiqəsi keçirməyi nəzərdə tuturuq. Müsabiqənin iki formada keçirilməsini hədəfləmişik. Yazılar həm Türkiyə, həm də Azərbaycan türkcəsi ilə təqdim ediləcək. Türkiyə türcəsi ilə olan yarışma Bakıdakı 3 türk okulu-Anadolu, Diyanət və Bakı Atatürk Lisesi şagirdləri arasında keçiriləcək. Azərbaycan türkcəsində olacaq yarışmada isə, bütün Azərbaycan məktəblərinin şagirdləri iştirak edə biləcək. Bunun üçün bütün məktəblərə yarışmada iştirak etmək üçün dəvət göndəriləcək. Müsabiqədə qalib olan 1, 2 və 3-cü yerlərin sahiblərinə mükafatlar veriləcək.

-Müsabiqəyə nə zaman start veriləcək?

-Biz müsabiqənin şərtlərini TİKA-ya təqdim etmişik. Onlar da öz növbəsində Ankaraya məlumat veriblər. Əgər təkliflərimiz dəstək görsə, aprelin ilk on günlüyündə müsabiqə barədə elan verəcəyik.

 

Yeniçağ.az

www.yenicag.az

104