“Rus ayı”sının bitməz-tükənməz İMPERİYA AMBİSİYALARI – Kremlin AZARI NƏDİR?

media-hightechnic-468x90

“Azərbaycan hər zaman qonşuları ilə bərabərhüquqlu və mehriban qonşuluq münasibətlərində maraqlı olub. Bu, istər Rusiya, istər İran, istər Türkiyə, istərsə də Gürcüstanla münasibətlərdə özünü göstərir. Ermənistan məsələsində isə vəziyyət fərqlidir. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarına təcavüz etmiş və bunun cavabını 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ildə keçirilən antiterror əməliyyatlarında almışdır. Hazırkı mərhələdə Ermənistanın sülh yolunu seçməkdən başqa alternativi qalmamışdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-470173193_589975663540487_726334968187510744_n

Siyasi təhlilçi son günlər Rusiya və Azərbaycan arasında gərginləşən münasibətləri, eləcə də rəsmi Moskvanın Bakı ilə münasibətlərində müttəfiqlik anlayışından kənar hərəkətlər göstərməsini şərh edib.

Müsahibimizin sözlərinə görə, bəzən qonşu ölkələrdə Azərbaycan və azərbaycanlılara qarşı atılan bəzi addımlar ciddi narahatlıq doğurur:

“Bu baxımdan, xüsusilə Rusiyada baş verən hadisələr diqqət çəkir. Rusiya mediasında, xüsusilə də Vladimir Solovyov kimi fiqurlar tərəfindən Azərbaycanı hədəf alan tezislər və eyni zamanda bəzi hüquq-mühafizə tədbirləri zamanı azərbaycanlılara qarşı kobud davranış hallarının baş verməsi təəssüf doğurur. Son dövrlərdə “Ruskaya obşina” adlı qurumun yaranması və onun miqrantlara, o cümlədən azərbaycanlılara qarşı sərt ritorikası və davranışları, qarşılıqlı münasibətlərə mənfi təsir göstərən məqamlardan biridir”.

“Xüsusi olaraq qeyd etmək lazımdır ki, azərbaycanlılar Rusiya üçün “gəlmə xalq” deyil. Bu xalq əsrlərdir Rusiya ərazisində, xüsusilə də Dağıstanın Dərbənd şəhərində yaşayır. Dərbəndin əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edir və onlar bu ərazidə hələ Rusiya imperiyasının mövcudluğundan əvvəl yaşamışlar. Ona görə də bu insanları miqrant və ya gəlmə kimi təqdim etmək tarixi reallıqlara ziddir.

Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya vətəndaşı olan və ya vətəndaşlığı yeni qəbul etmiş çox sayda azərbaycanlı hərbi xidmətə cəlb olunmuş və onların bir qismi məhz Rusiya maraqları uğrunda həyatını itirmişdir. Belə bir fonda azərbaycanlılara qarşı kobud davranışların baş verməsi, həm insani, həm də siyasi baxımdan qəbuledilməzdir”, – deyə o, əlavə edib.

Az. Hüseynov onu da diqqətə çatdırıb ki, Ermənistanda isə anti-Azərbaycan və anti-Türk əhval-ruhiyyəsinin arxasında duran dairələrin, bəzi siyasi çevrələrin, kilsə nümayəndələrinin və iş adamlarının Rusiya ilə yaxın əlaqələrə malik olduqları məlumdur:

“Hətta bəzən Ermənistan tərəfindən edilən bəzi hərəkətlərə görə Rusiya öz narahatlığını da ifadə etmişdir. Odur ki, Rusiya dövlətində məsul şəxslər daha diqqətli və həssas olmalıdırlar ki, bu cür neqativ halların Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməsinin qarşısı alınsın. Azərbaycan və Rusiya qonşudur və bu münasibətlərin qarşılıqlı hörmət və real əməkdaşlıq ruhunda davam etməsi hər iki tərəfin maraqlarına uyğundur. Ümid edirik ki, Rusiyada bəzi dairələrdə müşahidə olunan anti-Azərbaycan fəaliyyətinin qarşısı dövlət səviyyəsində alınacaqdır. Əks halda, bu hallar uzunmüddətli perspektivdə qarşılıqlı münasibətlərə ciddi zərər vura bilər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600