İcra başçısı üç məktəb direktorunu və fermerləri döydü
Özbəkistanda rayon administrasiyalarından birinin başçısı (hokim) pambıq yığımı göstəricilərindən narazı qalaraq hamının gözü qarşısında fermerləri, yerli icmaların rəhbərlərini (məhəllə) və üç məktəb direktorunu döyüb.
Hadisə Yakkaboq pambıq qəbulu məntəqəsində baş verib.
Döyülən fermerlərdən biri adının açıqlanmaması şərtilə bildirib ki, hokim kimin nə qədər pambıq təhvil verdiyini yoxlayıb. Sonra o, “Şərq ulduzu” fermer ittifaqının üzvlərini ayağa qaldırıb, az pambıq təhvil verdiklərinə görə onları bir-birinin ardınca döyməyə başlayıb.
Hokim fermerləri necə gəldi vurub, onları ağır söyüşlərlə təhqir edib.
Ertəsi gün başqa toplantıda rayon rəhbəri iki məhəllə başçısını və üç məktəb direktorunu pambıq planını yerinə yetirmədiklərinə görə döyüb. Başçı direktorları pambıq yığımına kifayət qədər məktəbli göndərmədiyinə görə söyüb və onları hamının qarşısında döyüb.
“Bütün belə toplantılar hokim tərəfindən döyülmə və söyüşlə başa çatır. Heç kim etiraz edə bilmir, çünki hokimlə yanaşı həmişə milis rəisi və prokuror da olur” – deyə mənbə bildirib.