Ağdam rayonu ərazisində yerləşən Quzanlı-1 qəsəbəsi uzun zamandır ki, yol problemi ilə üz-üzə qalıb.
Yenicag.az xəbər verir ki, qəsəbə sakinləri dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə və digər müfafiq qurumlara şikayət etsələr də, heç bir nəticə verməyib.
Qəsəbə sakinləri deyirlər ki, yolun bərbad gündə olmasına görə, təcili tibbi yardım da qəsəbəyə gəlməkdən imtina edir. Onlar bildirir ki, qəsəbənin öz maşınlarından başqa heç bir taksi Quzanlı-1-ə gəlmir. Quzanlı-1 qəsəbəsində avtomobili olanlar gileylənirlər ki, hər ay ən azı bir dəfə maşınlarını usta yanına aparmalı olurlar.
Adının çəkilməsini istəməyən qəsəbə sakininin sözlərinə görə, qazanclarının yarısından çoxunu maşınlarının yolunda qoyurlar:
“Hər ay maşını təmirə aparmalı oluruq. Yollar bərbad gündədir. Yağış olmayanda yenə zülmlə də olsa hərəkət edə bilirik. Yağış oldu, çalaları su örtür, həmin gün bir neçə maşın yolda qalır”.
Qəsəbə sakinləri artıq əllərini Rayon İcra Hakimiyyətindən üzüb. Çünki RİH qəsəbə sakinlərinin şikayətini ya dinləmir, dinləyəndə də yola verir. Sonuncu dəfə icra başçısının göstərişi ilə qəsəbənin yolundakı çalaları doldurmaq üçün tapşırıq verilib. Əraziyə baxan yol idarəsi çınqıl daş əvəzinə çalalara böyük daşlar töküb və gedib, bununla da problemin üzərinə əlavə problem gəlib.
Qəsəbəyə gedərkən yolda diqqətimizi bir şey cəlb etdi. Yolun solunda rayondakı məmurlardan biri bağ yeri götürüb və oranı “setkalayıb”. Qəsəbə sakinləri deyir ki, həmin bağda meyvə ağacları əkilib. Kiminsə bağı haqqında yazmaq kimi niyyətimiz yoxdur, ancaq bağa dönən yerə qədər Quzanlı-1 qəsəbəsinin asfaltına yamaq vurulub. O bağın yolundan sonra isə əsl cəhənnəm başlayır. Quzanlı-1 qəsəbəsinin sakinləri iddia edir ki, yolsuzluqdan təcili tibbi yardım gəlmədiyi üçün özləri maşına qoyub xəstəxanaya apardıqları bir nəfər yolda dünyasını dəyişib.
Ralf Uold Emerson deyir ki, yol sizi hara aparırsa, ora getməyin; yol olmayan yerdən gedin ki, iz buraxın. Quzanlı-1 qəsəbəsənin sakinləri sözün həqiqi mənasında hər dəfə qəsəbədən çıxanda və geri qayıdanda yol olmadığı üçün iz buraxırlar…
Səxavət Məmməd
www.yenicag.az