“İcra Hakimiyyəti” ADLI SƏHNƏ: Aktyorlar eyni, tamaşa dəyişmir

media-hightechnic-468x90

 

Azərbaycanda idarəetmə deyəndə ilk ağla gələn strukturlardan biri icra hakimiyyətləridir. Bu qurumlar uzun illərdir özlərini elə təqdim edirlər ki, guya xalqın dərdinə məlhəm, probleminə çarə, yoluna işıqdırlar. Amma reallıqda bu strukturlar daha çox dərd, problem və qaranlıq yaradırlar.

İcra başçıları rayona təyin olunanda sanki bir tanrının nümayəndəsi kimi qəbul edilir: camaat ayağa qalxır, gözəgörünməz layihələrə ümidlər doğur, mediada şablon təbriklər yağış kimi tökülür. Amma işin məğzi başa düşüləndə gec olur – təzə başçı köhnə oyunu oynayır, ssenari eynidir, dəyişən yalnız aktyorun adı və kimin adamı olmasıdır.

Gəlin, açıq danışaq: Azərbaycanın əksər rayonlarında icra hakimiyyətləri yerli əhalinin problemlərini həll etmək üçün yox, öz ciblərini doldurmaq üçün fəaliyyət göstərir. Rayon sakinləri illərlə “Torpağımı niyə sənədsiz satıblar?”, “İcra başçısının müavini qohumuna niyə filan obyekt tikdirib?”, “Niyə suyum, işığım, yolum yoxdur?” suallarını verir. Cavab? Cavab yoxdur. Çünki cavab vermək üçün gərək orada məsuliyyət hiss edən adamlar olsun.

Bir çox rayonlarda idarəetmənin özü korrupsiya ilə yoğurulub desək, yanılmarıq. Hansı ki, həbs olunan icra başçıları buna nümunə olublar. Əgər bir kəndin içməli su problemi illərlə həll olunmursa, amma icra başçısının ailəsi şəhərdə villa tikdirirsə, bu artıq təkcə qeyri-peşəkarlıq deyil, əksinə, bu xalqa qarşı hörmətsizlikdir. Əgər icra başçısının “köməkçisi” sabahına maşın dəyişirsə, kənd müəllimi isə üç ayın maaşını gözləyirsə, burada artıq “dövlət qulluqçusu” anlayışı tərsinə çevrilib.

Ən acınacaqlısı budur ki, icra hakimiyyətləri heç bir halda özlərində islahat etmək istəmirlər. Çünki islahat üçün gərək içində bir vicdan olsun, bir ehtiyac hissi olsun. İcra strukturlarının çoxu isə bu gün də 90-cı illərin təfəkkürü ilə idarə olunur: “mərkəz göstəriş versə, tərpənərik”, “kameralar gələndə asfalt çəkərik”. Yəni burada təşəbbüs, məsuliyyət və dövlətçilik yox, yalnız qorxu var – kreslosunu itirmək qorxusu.

Bu yaxınlarda Sumqayıtdakı məhəllələrdən birində adını çəkmədiyimiz bir deputat və Sumqayıt şəhər İcra Hakimiyyətinin “təşəbbüs”ü ilə söhbətgah tikdirilib. Maraqlısı budur ki, məhəllə sakinləri də küçələrə tökülüşüb başlayıblar zooparkdakı qəfəsi xatırladan söhbətgahın tikintisinə görə icranın və deputatın şəninə təriflər oxumağa. Yaxşı ki, böyük iş filan görməyiblər, yoxsa bu vicdan yükünün altından necə çıxardıq?

Bundan başqa, son 1 həftə ərzində Sumqayıtdan gələn hər 2 şikayət də məhz şəhərdə dağılıb-sökülən yataqxanalara icra hakimiyyətinin laqeyd münasibəti ilə bağlı olub. Dəfələrlə əməkdaşlarımız icranın özünə, eləcə də mətbuat xidmətinə telefon zəngləri etsə də, nə suallarımıza cavab verən oldu, nə də o biçarə şikayətçilərin dərdinə bir əncam çəkən. Doğrudur, daha sonra adıçəkilən qurumla birtəhər əlaqə saxlasaq da, yenə də köhnə hamam, köhnə tas… Beton divarları dağınıq, armaturları əyilmiş, nəmişlik, hər an çökməyə hazır olan binada yaşayan adamları vecinə almayan bir qurum üçün görünür, “besetka” tikmək daha ülvi və məqsədəuyğundur.

Əslində isə icra strukturları ölkədə dövlətin ən üzdə görünən nümayəndələridir. Onların fəaliyyəti xalqın dövlətə olan inamını ya möhkəmləndirməlidir. Ki dövlət nə qədər məmurların xalqa xidmət etmələrini təlqin etsə də, bugünkü icra idarələri xalqla dövlət arasında körpü deyil, təəssüf ki, uçurum yaradır. Xalqın içində gəzməyə qorxan, şikayət edən vətəndaşı isə “təxribatçı” sayan bəzi icra hakimlərinin uzunömürlü olması inandırıcı görünmür. Gec-tez vətəni öz şəxsi təsərrüfatı bilən məmurlar bu səhnədən çıxarılacaq.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600