Zelenski Trampın tələsini rədd etdi – Qərb koalisiyası ilə münasibətlər TƏHLÜKƏ ALTINDA
“Ukrayna hər keçən gün 9 kv km ərazi itirir.”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

Politoloq Zelenskinin bu ilin son günü istefa verəcəyi ilə bağlı Ukrayna mediasında gəzən söz-söhbətlərə münasibət bildirib:
“Zelenskinin hal-hazırda çətin vəziyyətdə olduğunu hamımız bilirik. O, özü də xalqa son müraciətində “Ya soyuq qış, ya da münasibətlərin Qərblə pozulması” mövzusundan bəhs etdi. İlk öncə onu qeyd etmək vacibdir ki, Zelenski heç bir halda Trampın sülh müqaviləsini imzalamaq istəmir. Ona görə ki, o, düşünür ki, bu sülh müqaviləsi deyil, kapitulyasiya aktıdır və ona sadəcə elə deyildiyi üçün sülh müqaviləsi sayıla bilməz. Biz maddələrə baxdığımızda həqiqətən də çox ağır bəndlərin olduğunu görürük. Ukrayna 3 ildir aralıqsız şəkildə müharibə aparır və yüzminlərlə Ukrayna vətəndaşı cəbhədə həlak olub. Bu qədər itkilərdən sonra 3 il aramsız döyüşlərin getdiyi, şəhərlərin bombalandığı bu dövrdə Zelenski bütün bu zəhmətləri heçə sayaraq kapitulyasiya aktını imzalaması məncə də gözlənilən deyil. İstefa verməsinə qalanda isə, xatırlayırıq ki, müharibə başladığı ilk dövrlərdə də onun istefa verəcəyi, ölkədən qaçacağı ilə bağlı iddialar gündəmə gəlmişdi, amma bu proqnozların heç biri özünü doğrultmadı.”
Kazım Kazımov hansı halda Zelenskinin istefa verə biləcəyini izah edib:
“İstefa ehtimalı doğrudur, var; birincisi, atəşkəs məsələsində Zelenski çıxılmaz vəziyyətə qaldı. İkincisi, Ukrayna hökumətinin daxilində korrupsiya faktları üzə çıxıb və Ukrayna prezidentinin ofis rəhbəri bir neçə gün öncə vəzifəsindən azad edildi, orduda da müəyyən narazılıqlar olduğunu bilirik. Belə olan təqdirdə Zelenskinin hökumətinin və özünün imicinə zərbə dəydi. Digər tərəfdən isə Ukrayna ordusu bütün cəbhələrdə geriləmə yaşayır. Ortalama hesablamalara görə, hər gün Ukrayna 9 kv km ərazi itirir. Bu da gələcəkdə Ukraynanın Şərq cəbhəsində daha çətinliklər yaşayacağı anlamına gəlir. Bütün bunlara baxmayaraq, Zelenski hələ ki, istefa ilə bağlı hər hansı açıqlama verməyib və təslimçi siyasət həyata keçirtmir. Sülh müqaviləsinin maddələrinin yüngülləşdirilməsi və dəyişdirilməsi, eləcə də Ukraynaya təhlükəsizlik qarantiyası verilməsi, torpaqların Rusiyaya təhvil verilməsi kimi maddələrin çıxarılmasını istəyir. Hesab edirəm ki, bu, Ukrayna xalqının, həm də özünün fikridir. Yüzminlərlə itki verən bir xalq heç də belə bir təslimçi müqaviləyə razı olmaz.”
Politoloq rəsmi Moskvanın müqaviləyə olan münasibətini belə izah edib:
“Moskva isə bu müqaviləyə razıdır. Çünki bu müqavilə sonrası Moskva həm torpaq qazanır, həm istədiyinə (Ukraynanın Qərb koalisiyasına qoşulmaması) nail olur və Rusiya beynəlxalq arenaya yenidən qayıdır və ona qarşı olan təcrid qalxır. Bu müqavilə Rusiyanın işinə gələn maddələrdən ibarətdir, amma nəzərə alaq ki, Ukrayna xalqı hələ bununla razı deyil.”
Nurlan Cəfəri












