Tramp “İxvan”ı niyə düşmən elan elədi? - Hərəkat milli dövlət üçün niyə təhdid hesab olunur? - ARAŞDIRMA

media-hightechnic-468x90

Ərəb dünyasında milli dövlət, yaranışından etibarən, varlığına rəqib olan və ondan xalqın sədaqətini almağa çalışan ümumbəşəri ideoloji cərəyanlarla mübarizə aparır.

“İxvanul-Müslimin” isə sərhədləri aşan bir hərəkatdır və fikri baxımdan, həm də məqsədləri etibarilə regiondakı dövlətlərin əksəriyyəti ilə toqquşur  hətta ona bəzi parlament və hökumət yerləri verən ölkələrlə belə.

Yenicag.az xəbər verir ki, bu, məşhur ərəb qəzeti “Şərqül Əvsət”in ABŞ prezidenti Donald Donald Trampın “İxvan”  haqqında qərarından bəhs edən araşdırmasındandır.

Yazıda “İxvan”ın strukturu və ideoloji quruluşu Bəəs, kommunizm və ərəb millətçiliyi kimi hərəkatlara, o cümlədən onların sosialist və nasirizm kimi qollarına bənzədilir: “Bunların hamısı mövcud siyasi sistemlərlə ziddiyyət təşkil edən siyasi konsepsiyalara əsaslanır. Təəccüblü deyil ki, bu üç cərəyanın heç biri uğurlu ola bilmədi və hakimiyyətə gələnlər də uzun müddət davam gətirə bilmədilər”.

Yazıda qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp hamını təəccübləndirdi: O, Dövlət Departamenti və Maliyyə Nazirliyinə “İxvanul-Müslimin”lə əlaqələrin qadağan edilməsini və təşkilatın regiondakı bəzi qollarının izlənilməsi barədə hesabat hazırlamaq tapşırığını verdi. Böyük ehtimalla ilk hədəf qrup Misirdə, İordaniyada və Livanda olan təşkilat qollarıdır. Nazirliklərin qarşısında 45 günlük müddət qoyulub və bu müddətdən sonra təşkilat terrorçu qrup kimi təsnif oluna, rəhbərləri və fəalları qara siyahıya salına bilər. Bu, ciddi məsələdir, çünki “İxvan” ərəb dünyasındakı ən böyük və ən fəal siyasi hərəkatdır.

ABŞ-ın Texas ştatının qubernatoru isə Trampdan bir neçə gün əvvəl təşkilatı terrorçu qrup kimi elan etmişdi. Ştatdakı hərəkatın ölçüsü və fəaliyyəti barədə çox şey bilinmir, lakin bu qərar ABŞ daxilində onun izlənməsi üçün bir başlanğıc və sınaq sayıla bilər. Bu isə nadir haldır, çünki ABŞ Konstitusiyası fikir və inanc azadlığını, eləcə də siyasi təşkilatlanmanı təmin edir. Məsələn, kommunist partiyası yüz ildir mövcuddur və fəaliyyət göstərir; nasist hərəkatı da qanuni şəkildə fəaliyyət göstərir — Avropadan fərqli olaraq.

Lakin bu iki hərəkat bir məqamda fərqlənir: kommunizm və nasizm ABŞ-da kiçik və cəmiyyətdə rədd edilən ideologiyalardır. Halbuki “İxvan” bir hərəkat olaraq ABŞ-da geniş yayılıb və sürətlə böyüyən müsəlman icması daxilində artıq nəzərəçarpan təsir gücünə sahibdir. Onlar 1970-ci illərdən ABŞ-da olsalar da, əsl genişlənmə yalnız son on ildə baş verdi. Onlar həm Respublikaçılar, həm də Demokratlarla işləməyə açıq platformaya çevrildilər.

Onlar özlərini kommunizm kimi “əks-hərəkat” saymırlar, əksinə, ABŞ müsəlmanlarının davamı kimi təqdim edirlər necə ki, yəhudi təşkilatları və onların güclü siyasi qolu olan AIPAC fəaliyyət göstərir. Əlbəttə, gerçəkdə “İxvan”ın ideologiyası Qərbə qarşıdır, lakin bu, onların Qərb institutları ilə əməkdaşlıq etməsinə, həm maliyyə, həm də siyasi dəstək almasından heç vaxt mane olmayıb. Hərəkat öz proqramlarında guya qərb demokratik prinsiplərinə və hakimiyyətin sülh yolu ilə dəyişməsinə inandığını iddia edir. Bu isə nə ideoloji, nə də tarixi baxımdan doğru deyil.

Qəzet yazır ki, təşkilat hər zaman elastikliyi ilə seçilib  solçular, millətçilər, xomeynilər ilə işləyib və onun İraq qolu ABŞ işğalı dövründə amerikalılarla əməkdaşlıq edib, hətta həmin vaxt dövlət vəzifələrinə gətirilmişdi.

11 sentyabr 2001-ci il hücumlarından sonra “İxvan”ın qadağan olunması çağırışları artmışdı; səbəb onların terror qruplarına ideoloji məktəb kimi baxılması idi. Amma o vaxt nə Konqresdə, nə də Ağ Evdə bu təklif qarşılıq tapmadı. Bu gün isə vəziyyət fərqlidir… Niyə məhz indi?

Böyük ehtimalla səbəb “İxvan”ın beynəlxalq miqyasda 7 oktyabr 2023-də İsrailə qarşı həyata keçirilən hücumlara münasibəti və “Həmas”ın “İxvan”ın bir qolu olmasıdır. Bu, təşkilatın təqib edilməsinə şərait yaratdı. Buna əlavə olaraq ABŞ-da və ümumiyyətlə Qərbdə ictimai fikir siyasi islamın əleyhinədir və bu mövzuda qanunvericilər ciddi bir müqavimətlə qarşılaşmayacaqlar. Bu siyasət, Suriya prezidentinin “cihadçı” keçmişinə baxmayaraq, ABŞ tərəfindən qəbul edilməsinə zidd deyil, çünki ona bu təşkilatlardan “ayrı” bir fiqur kimi baxılır. Maraqlı ziddiyyətlərdən biri də budur ki, İsrail “İxvan”ın qolu olan “Həmas”la müharibə aparsa da, ölkə daxilində “İxvan”ın bir qoluna siyasi partiya kimi fəaliyyətə icazə verir. Həmçinin İsrail vətəndaşı olan fələstinlilərin Knessetdə deputat olmalarına və əvvəllər israilli hökumətlərdə iştirak etmələrinə də şərait yaradılıb.

“İxvan” milli dövlət anlayışına qarşı olan ümumbəşəri (ümmətçi) bir hərəkatdır. Onun fəaliyyətinin böyük hissəsi ərəb bölgəsindədir və burada az da olsa özünə geniş bir tərəfdar kütləsi malikdir hökumətlər bunu inkar etsələr belə. Müxalifətdə olduğu zaman özünü mövcud idarəetməyə alternativ kimi təqdim edir. Lakin hakimiyyətə gəldiyi azsaylı hallarda həm siyasi, həm də iqtisadi baxımdan zəif idarəçilik göstərir  istər Misirdə yalnız bir il hakimiyyətdə olduğu dövrdə, istərsə də Sudanda otuz illik idarəçiliyi zamanı.

Ümumiyyətlə, insanları və ya dövlətləri vahid bir sistem altında birləşdirməyi hədəfləyən “ümumdünya” (internasionalist) ideyası dünyada uğursuz olub; kommunizm və beynəlxalq sosializm kimi ən böyük nümunələr belə artıq tarix səhnəsindən silinib.

Trampın elan etdiyi qadağanın ümumi şəkildə “ABŞ-dakı “İxvan”a,  o cümlədən amerikalı adları altında qurulan təşkilatlara da şamil olunub-olunmayacağı hələ aydın deyil. Beynəlxalq səviyyədə onların maliyyə toplama və paylama şəbəkələri, eləcə də geniş yayılan media platformaları hədəfə alınacaq. ABŞ bu sahədə təcrübəyə malikdir: İranın xaricdə fəaliyyət göstərən təşkilatlarına qarşı tədbirlər həyata keçirmiş, onların maliyyələşməsini və pul transferlərini kəsmiş, çoxsaylı radio-televiziya kanallarını və rəqəmsal platformalarını bağlamışdı.

Bu qadağa ərəb ölkələrinin hökumətləri tərəfindən  hətta təşkilata siyasi fəaliyyət imkanı verənlər tərəfindən belə səssiz şəkildə alqışlanacaq. Çünki hərəkat milli dövlət üçün təhdid hesab olunur: o, özünü daxili alternativ kimi təqdim edən və onu xarici dəstək kanalları ilə gücləndirən transsərhəd əlaqələrə malikdir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa