“Azərbaycanda ordunu qapalı quruma çeviriblər. Orduda ictimai nəzarətə ciddi ehtiyac var”.
Bu sözləri orduda ictimai nəzarətin olmaması, zabitlərin hüquqi yardım ala bilməməsi və ictimai təşkilatların fəaliyyətsizliyinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, ictimai təşkilatlardakıların hamısı lider olmaq istəyir:
“Ötən ilə qədər 20 faiz torpağımız işğal altında idi. 50-ə qədər veteran təşkilatı vardı. Bunları yaratmağın əsası var? Bir təşkilat varsa, onun rayon şöbələri də var.
Belə olan halda sonsuz sayda təşkilatların yaranmasının səbəbi nədir?
Deyirlər ki, azadlıqdır, kim istəsə təşkilat yarada bilər. Bunu da anlayıram. Bir neçə nəfər yığışıb bir yerə təşkilat yaradırsa, bizim bu qədər problemlərimiz olmalıdır? Özüm İsa Sadıqovun yaratdığı “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin idarə heyətinin üzvü olmuşam. Daha sonra o, ölkədən getdi, Yaşar Cəfərov təşkilatı idarə etdi. O təşkilat bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Həmin təşkilat olarkən, istər siyasi partiyaların, istər NATO-nun, istərsə də digər qurumların münasibəti yaxşı idi. İstər Müdafiə Nazirliyi, istər hökumət orduda ictimai nəzarətin həyata keçirilməsinə çox yaxından köməklik edirdilər. Hətta beynəlxalq tədbirlərin bir neçəsinə həmin təşkilat ev sahibliyi edib. Dəfələrlə o tədbirlərdə iştirak etmişəm. Son illərdə artıq orduda ictimai nəzarət yox səviyyəsinə gəlib çatıb.
Ordu həddindən artıq qapalı quruma çevrilib, ictimaiyyətlə təmasları kəsilib. Olsa da, bunlar formal şəkildədir.
Zabitlər birliyində olarkən nəinki ehtiyatda olan zabitlər, hətta xidmət edən zabitlər hüquqi yardım üçün müraciət edirdilər. Bir müddət sonra bunların ardı kəsildi. Hazırda veteran təşkilatlarının işi bayağı tədbirlər keçirib, medal satmaqdır”.
Hərbi ekspert orduda ictimai nəzarətin vacib olduğunu vurğulayıb:
“Bu gün orduya çox pul ayrılır. Bu o demək deyil ki, hər şey gözəldir. İnsan olan yerdə, kollektiv olan yerdə problem var, olacaq. Ordudan tərxis olunmaq istəyən varsa, onu zorla saxlamaq olmaz. Hazırda kadr ehtiyatı çoxdur, yenidən xidmətə qayıtmaq istəyənlər var. Kimsə getmək istəyirsə, buna imkan yaratmaq lazımdır.
Bütün dünyada ordulara ictimai nəzarət həyata keçirilir. Hər yerdə olduğu kimi bizdə də olmalıdır.
Təəssüf ki, bu gün orduda ictimai nəzarət yoxdur. Qələbədən sonra da, müəyyən komandirlərdə “qalib orduyuq”, “bizə kiminsə göstəriş verməsi düzgün deyil” kimi fikirlər formalaşıb. Düşünürəm ki, kollektiv olan yerdə mütləq ictimai nəzarət olmalıdır. İctimai nəzarətsiz heç bir ordu mövcud deyil. İctimai nəzarət kimisə tapıb, onu cəzalandırmalı deyil. Problemləri aşkar edib, onu aradan qaldırmağa kömək etməli, hüquqi yardımlar etməlidir.
Bu gün görülən işlər, xüsusən qələbədən sonrakı addımlar əvvəlkilərdən qat-qat yaxşıdır.
Bu o demək deyil ki, problem yoxdur. İctimaiyyətlə, ictimai təşkilatlarla ordu arasında ciddi iş aparılmalıdır. Son zamanlar bunun şahidi olmuruq”.
İctimai təşkilatlara təsadüfi adamların yox, yüksək rütbəli zabitlərin rəhbərlik etməsinin daha faydalı olduğunu deyən Tərlan Eyvazov sözlərini aşağıdakı kimi davam etdirib:
“Türkiyədə, Rusiyada da veteran təşkilatları var. O təşkilatların başında generallar durur. Orduda olduğu kimi həmin təşkilatlarda da, iyerarxiya sistemi ilə idarəçilik mövcuddur. Bizdə isə tam tərsinədir. 3-5 nəfər sözü bir yerə qoyub ictimai təşkilat yaradır. Həmin adamların nə ordudan, nə də hərbidən xəbəri var. Təbii ki, onları da ciddiyən alan olmur. Bu ciddiyəti olmayan təşilatların işi bayağı və medal satmaq olur. Bəzi təşkilatlar veteran vəsiqəsi satmaqla məşğuldur. Dövlət veteranlıq statusunu hələ verməyib, təşkilatlar vəsiqə satır.
Düşünürəm ki, indi ya yüksək səviyyəli təşkilat yaradılmalı və yaxud mövcud təşkilatların koalisiyası qurulmalıdır. Onun rəhbərliyinə isə hamının inandığı yüksək rütbəli zabitlər gətirilməlidir”.