Bu gün “Boulevard Otel”də “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana yox deyək” adlı Dəyirmi Masa keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən və Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri – Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının təşkilatçılığı ilə baş tutan “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi Masada hüquq müdafiəçiləri, KİV rəhbərləri, QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər son dövrlərdə sosial şəbəkəlrədə, xüsusilə “Youtube” platformasında yayımlanan, heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir, böhtan xarakterli çıxışları pisləyiblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili Çingiz Qənizadə bildirib ki, bu gün ölkəmizdə “virtual vətəndaş müharibəsi” gedir:
“Sosial şəbəkələrdə ölkə iki yerə bölünüb və “vətəndaş müharubəsi” gedir. Sosial şəbəkələrdə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtanların sayı durmadan artır. Bu cür hallar cəmiyyətimizin əxlaqına mənfi təsir göstərir. Bugünki tədbirin keçirilməsində məqsədimiz belə halların qarşısının alınmasıdır.
Biz hamımız söz və mətbuat azadlığının tərəfdarıyıq, ancaq hər şey qanun çərçivəsində olmalıdır. Xaricdən ölkə rəhbərliyini söyənlərin hamısına “Dayanın!” deyirəm. Bu yol Azərbaycan kişisinə yaraşan hal deyil. Azərbaycan qanunvericiliyində bu cür hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Bunların qarşısının almağın vaxtı çoxdan çatıb. Azərbaycanın ziyalılarını, mətbuat nümayəndələrini bu cür hallara qarşı birləşməyə çağırıram”.
Təşkil edilmiş Dəyirmi Masaya hazırda xaricdə olan xalq artistləri Arif Babayev və Teymur Mustafayev də dəstək verərək, sosial şəbəkələrdə söyüş və təhqirlərin çoxalmasını pisləyiblər.
Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayev də çıxışında söyüş kompaniyasının yolverilməz olduğunu deyib:
“Aşura mərasimləri zamanı da söyüşlər yağdırdılar. Söyüş söyənlər deyirdilər ki, bu qanlar murdardı, virusludur. Hər kəsi söyüşsüz mübaruzəyə dəvət edirəm”.
Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev hər zaman söz azadlığının tərəfdarı olduğunu vurğulayıb:
“Sosial şəbəkələrdə söyüş söyənlər düşünmürlər ki, bura açıq məkandır? Bunu hər kəs oxuyur axı… Bunu sənin ailən, uşağın da oxuyur. Əgər sən küçədə söyüş söysəydin, bu xulianlıqdır. Ancaq sosial şəbəkədə bunu edəndə, deyirlər, söz azadlığıdır. Bununla qəti razı deyiləm.
Tərbiyəsiz adamı tərbiyələndirə bilməyəcəyik. Kimsə Azərbaycandan xaricə gedir, sonra öz ölkəsini söyməyə başlayır. Ermənilər mənə yazırlar ki, kitabımı oxuyurlar. Onlar mənə deyirlər ki, sizin kitabınız Xankəndində, İrəvanda satılır. Onlar mənə söymürlər, ancaq bizimkilər məni söyürlər”.
Dəyirmi Masada çıxış edən digər natiqlər də sosial şəbəkələrdə geniş yayılan söyüş kampaniyasının təcili dayandırılmasına, bütün müzakirələrin etik çərçivələrdə aparılmasına çağırıblar.
Dəyirmi Masanın sonunda bəyanat qəbul edilib. Bəyanatın mətnini təqdim edirik:
“Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “facebook” və “youtube” vasitəsilə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər. Milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və yolverilməzdir.
Biz, bu mətnə imza edənlər, respublikanın hüquq mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik.
Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.
Azərbaycanın hər bir vətəndaşını ziyalılarını və ağsaqqallarını, kütləvi informasiya vasitələrinin rəhbərlərini, hüquq müdafiəçilərini, QHT və ictimaiyyət nümayəndələrini susmamağa, bu cür hallara qarşı etiraz səslərini ucaltmağa, söyüş, təhqir və böhtanlara YOX deməyə çağırırıq!!!”
Samirə Əliyeva
www.yenicag.az