“Biz idmanı kütləviləşdirsək, idman müəssisələrinə bütün uşaqların əlçatanlığını təmin etsək, orta məktəbdə idman infrastrukturunu inkişaf etdirə bilsək, bu medalların sayı on qat artıq olar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında olimpiya və paralimpiyaçılarımızın Paris-2024-də qazandığı uğurlar və idman sahəsində görülməsi vacib olan işlər haqda danışan VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, idmançılarımızın Paris Olimpiadasında uğurlarına hamının sevindiyini deyib:
“Bu idmançıların müəyyən dərəcədə uğuru qazanması hamımızı həm də bir məsələ üzərində düşünməyə yönəldir. Təsəvvür edin, idmanı kütləviləşdirsək, idman müəssisələrinə bütün uşaqların əlçatanlığını təmin etsək, orta məktəbdə idman infrastrukturunu inkişaf etdirə bilsək, bu medalların sayı on qat artıq olar.
İdman infrastruktuna əlçatan uşaqların və gənclərin yetişdiyi bir şəraitdə əldə edə bilirik. İndi burada daha böyük nəticələr ola bilər. Bunun üçün də bu istiqamətdə ciddi dönüş yaradılmalıdır.
Azərbaycanda rayonlarda xeyli uşaqlar var ki, bu cür qabiliyyətə sahibdirlər, amma hər hansı bir maddi və digər imkanlar yoxdur. İdman obyektlərinin də müəyyən dərəcədə bahalı olması, əlçatan olmaması da öz təsirini göstərir. Ona görə də bu məsələyə hərtərəfli baxmalıyıq və elə etməliyik ki, bütövlükdə idman infrastrukturuna istənilən insan rahatlıqla qovuşa bilsin. Bu, olduqca vacibdir”.
F.Mustafa qeyd edib ki, Olimpiadada Özbəkistan nümunəsini də gördük:
“Bu ölkə niyə müəyyən uğur qazandı? Çünki son illərdə bu ölkədə əlçatan modelə üstünlük verilir və istənilən yerdə yaşayan uşaq yaxın ərazidə bir idman qurğusuna baş çəkə bilir. Bunun üçün sahibkarları stimullaşdırmaq lazımdır. Təsəvvür edin ki, idman obyektləri salınır və buna da müəyyən dərəcədə güzəştlə yanaşılır. O zaman görün, nələr baş verə bilər.
Təhsil ilə idmana xüsusi diqqət yetirmək lazımdır. Təhsilin özündə idmana laqeyd münasibət ortadan qalxmalıdır. Hər bina tikiləndə həyətində məcburi basketbol, voleybol meydançası, hər hansı bir futbol meydançası olarsa, həndbol, su polosu və başqa idman növləri inkişaf edərsə görün nə qədər məşğulluq imkanları yaranar və xeyli bizim bu sahədə boşluğumuz dolar. Yeni istedadlı idmançılarımız burada daha yüksək səviyyədə yetişə bilərlər. Bunla hamısı vacib məsələlərdir”.
İsmayıl Bakuvi
www.yenicag.az