Qarabağ”da oynamış bolqar futbolçu: “Hazırda MOİK-də klubdaxili problemlər var”
Qarabağ” ümumilikdə bu mərhələnin aşkar favoritidir”.
Yenicag.Az xəbər ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçev Avropa Liqasının II təsnifat mərhələsində ölkəsinin MOİK klubunun Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Vaxtilə “Qarabağ”ın formasını geyinmiş yarımmüdafiəçi keçmiş komandasının daha təcrübəli olduğunu qeyd edib:
“MOİK-in həqiqətən yaxşı potensialı var, amma hazırda “Qarabağ” daha təcrübəlidir. Onların artıq formalaşmış oyun üslubu var və məncə, favorit məhz Azərbaycan təmsilçisidir. Düşünürəm ki, “Qarabağ” qalib gələcək. Komandanın çox yaxşı yarımmüdafiə xətti var. Hücum xəttində isə müxtəlif tipli oyunçular yer alırlar. Bu, məşqçinin necə oynamaq istəməsindən asılıdır. Biri çox sürətlidir, digərinin mövqe seçimi yaxşıdır, üçüncüsü isə çox yaxşı hərəkət edir və daim qol vurmaq üçün fürsət axtarır. Sofiya klubuna gəlincə, müdafiə xətti, xüsusən də “dördlü” müdafiə tam formalaşmayıb. Çünki orada yeni oyunçular var və düşünürəm ki, arxa xətdə problemləri mövcuddur. Amma MOİK-in də güclü tərəfi məhz yarımmüdafiəçiləridir”.
Slavçevin sözlərinə görə, hazırda MOİK-də oyunçular, klub rəhbərliyi və baş məşqçi arasında müəyyən problemlər var: “Məşqçinin işdən çıxarılacağı ilə bağlı şayiələr dolaşır və komandada ciddi gərginlik hiss olunur. Yəni, orada sakit və rahat atmosfer yoxdur”.
32 yaşlı futbolçu hələ də “Qarabağ”ın oyunlarını yaxından izlədiyini bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – MOİK görüşü saat 20:00-da başlanacaq. Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.













