“Suriya rejimindəki dəyişikliklər, Dəməşqdə yeni liderlərin İsraillə münasibətləri normallaşdırması və Bəəs doktrinasından tamamilə qopması regional dinamikanı dəyişdirə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Suriyada yeni hökumətin İsraillə münasibətləri necə quracağından danışan Yaxın Şərq regionu üzrə ekspert Sara Zaimi deyib.
Onun sözlərinə görə, Bəəs Partiyasının altmış bir ildən artıq müddətdəki hakimiyyəti və Dərada baş verən qiyamın alovlanmasından on üç il keçdikdən sonra Suriyanın yaşadığı iztirablar nəticə etibarilə zirvəyə çatdı.
“Suriyalılar, nəhayət, öz siyasi gələcəkləri barədə səlahiyyətləri geri aldılar. Digər “Ərəb baharı” ölkələri zalım liderləri devirmək və rejimləri dəyişdirməkdə müvəffəq olsalar da, suriyalılar xarici güclərin müdaxiləsi və hesablamalarının fonunda bunu etdilər. Bəşər Əsədin uğursuz siyasi sistemin nəticəsində 14 milyondan çox insan məcburi köçkünə çevrilib.
Üsyançı liderlərdən olan Əbu Məhəmməd əl-Qolani beynəlxalq terrorizmə dair şübhəli keçmişi ilə tanınır. Suriyalılar öz suverenliyini təyin etməli və ölkələrinə dair gələcək siyasi keçidi beynəlxalq qəyyumluq olmadan həyata keçirməlidirlər. Bu proses, həmçinin qonşu ölkələrlə münasibətlərə dair bir sıra ekzistensial sualların həllini də tələb edir”.
“Hələlik üsyançılar milli birliyə, hakimiyyətin dinc yolla keçidinə çağıran geniş və əhatəli diskursu davam etdirirlər. Həmçinin azlıqların mədəni irs obyektlərinin təhqir edilməməsi və qarşıdurmaların azaldılması barədə ciddi göstərişlər veriblər. Suriya rejimindəki dəyişikliklər, Dəməşqdə yeni liderlərin İsraillə münasibətləri normallaşdırması və Bəəs doktrinasından tamamilə qopması regional dinamikanı dəyişdirə bilər. Yeni siyasi güclərin ortaya çıxdığı dövrdə Suriyanın gələcəyi ilə bağlı ciddi danışıqların aparılacağı gözlənilir. Yəni ümidlər yüksəkdir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az