Təhsil səviyyəsinin nikbinlik yaratmadığı ölkənin Çempionlar Liqasında yeganə təmsilçisi olan “Qarabağ” bu dəfə imtahandan keçə bilmədi. Sınaqlardan yüksək bal toplayan ağdamlılar, bu dəfə BATE sualı qarşısında aciz qaldı.
Əslində, “Qarabağ”ı qınamıram. Dərin və geniş fikirləşəndə buna haqqım çatmadığını düşünürəm.
Çünki sən burada sınaq imtahanlarında “Kəpəz”, “Səbail”, “Sumqayıt” kimi asan “suallar”a rahatlıqla cavab verirsən, ciddi imtahan olanda da qarşına BATE çıxır, PSV çıxır.
Və belə durumda səhv etməyə məcbur qalırsan. Əslində, bunun bir səhv olduğunu da düşünmürəm. Mənə görə, “Qarabağ”ın futbolçuları həm əllərindən, həm də ayaqlarından gələni etdilər. Sadəcə, BATE sualına verilən cavab imtahandan keçmək üçün yetərli olmadı.
Əslində, vəziyyət bu qədər sadədir. Lakin nədənsə, “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırması böyük bir faciə kimi qəbul olunur. Deyirlər ki, Qurban Qurbanov heyətlə bağlı düzgün seçim etmədi, Rəşad Sadıqov iki səhvə yol verdi və bununla da uduzduq.
Təbii ki, həyatda ideal insan yoxdur. Hər bir insan, hətta böyük təcrübəyə malik olan kapitan Rəşad Sadıqov da, dünya ulduzları da səhv edə bilərlər. Amma əniməm ki, Rəşadın səhvləri bilərəkdən deyildi, sadəcə, şanssızlıq idi. Əgər bizə böyük qələbə sevincləri bəxş etmiş, Çempionlar Liqasının himninə canlı qulaq asmağımıza səbəb olmuş Qurban Qurbanovda səhv axtarırıqsa, bu barədə bir qədər geniş düşünməyimizdə fayda var.
“Görəsən, Qurbanov Sadıqovla bağlı niyə bu qədər israr etdi” sualını vermək əvəzinə, “niyə bu neçə ildə Rəşadı əvəzləyəcək bir futbolçumuzun yetişməyib?” deyə, düşünməliyik. Hər dəfə AFFA rəsmi məlumat yayaraq, 90, 100 mininci futbolçunun qeydiyyatdan keçdiyini bəyan edir. Bəs, onlar haradadır? Bu neçə ildə uşaq futboluna yatırılan sərmayənin nəticəsi hanı? Xərclənən milyonların qarşılığında niyə biz Dmitri Nazarova, Riçard Almeydaya möhtac qalmışıq?
Bəlkə də siz xəyal dünyasında yaşayırsınız. Bəlkə də Azərbaycan futbolunun reallığından xəbəriniz yoxdur. Və bəlkə də “Qarabağ”ın 8 komandalı çempionatın çempionu olduğunu unudursunuz. Bəlkə də fərqində belə deyilsiniz ki, “Qarabağ”ın çempion olduğu ölkənin 3 təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində uduzaraq, boynubükük vətənə qayıdıb.
Unutmayın ki, bura nə İtaliyadır, nə İspaniya, nə də İngiltərə. Bura heç bombardiri Bal Liqasına yollanan Türkiyə də deyil. Bura, bərbad çempionatı olan, hər il 2-3 klubu dəfn olunan Azərbaycandır, Azərbaycan!
Bura çempionuna bir qəpik belə verilməyən ölkədir. Bura çempionat oyunlarına 300-500 azarkeşin getdiyi məmləkətdir. Bura bir klub prezidentinin mövsümün gedişində başqa bir kluba prezident təyin edildiyi yerdir. Bura çempionatın başlamasına 1 həftə qalmış reqlamentin dəyişdiyi məkandır. Bəli, bura Azərbaycandır!
Azərbaycanda qəbul imtahanlarında isə iki yox, 4 səhv bir düzü aparır. Yaxşı, tutaq ki, iki səhvi Rəşad elədi, bəs digərləri?…
Emin Səfərov