Xamenei üçün Moskva REYSİ: ABŞ-dan İran liderinə şok "qaçış" PROQNOZU
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Keyt Self İranda davam edən etiraz aksiyaları haqqında danışarkən, “İran xalqı bu dəfə qətiyyətlidir, ayətullah rejimini devirəcək”, – deyə bildirib.
ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Flinn də o fikirdədir ki, baş verənlər İranda hakimiyyət dəyişikliyi ilə nəticələnəcək. Flinn etirazların sonunda İranın Ali rəhbəri Əli Xameneinin Rusiyaya qaçacağını proqnozlaşdırıb: “Moskvaya son səfərinizi etməyin vaxtıdır”.
Belçika parlamentinin iranəsilli üzvü Dərya Səfai isə deyib ki, İran xalqı on gündən çoxdur Rza Pəhləvinin İrana qayıtmasını ucadan tələb edir: “Xalq inanır ki, dini rejimdən demokratiya və dünyəviliyə keçidi həyata keçirə biləcək yeganə şəxs odur”.
Bəs, bu iddialar nə dərəcədə doğrudur və İrandakı proseslər nə vəd edir?
Prosesi şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında bildirib ki, İranda baş verənlər Tehranın ənənəvi siyasətində nümayiş etdirdiyi prinsipiallığın nəticəsidir. Onun fikrincə, vəziyyətin bu həddə çatmaması üçün prezident Pezeşkianın İranın xarici siyasətində, eyni zamanda daxildə təcili və köklü islahatlara gedilməsi ilə bağlı çağırışlarına diqqətlə yanaşmaq lazım idi:

“Amma SEPAH nə etdi? Özünə yaxın mətbuat orqanlarında Pezeşkiana qarşı qara piar kampaniyası başladaraq, ona ciddi şəkildə təzyiq etdi. Hər vəchlə islahatçıları təmsil edən Pezeşkianın addımları əngəlləndi, nəticədə İranın normallaşma prosesi gecikdi. Pezeşkian açıq şəkildə bildirirdi ki, islahatlara gedilməsə, İrana qarşı kənar təhdidlər daha da artacaq, daxildəki sosial vəziyyət isə xaosa səbəb olacaq. Bununla da İranın parçalanma perspektivi yaranacaqdı. Amma dövlət maraqlarını deyil, öz maraqlarını prioritet sayan SEPAH buna getmədi; prezidentin Qərb və qonşu dövlətlərlə normallaşma siyasətinə qarşı çıxdı. Bəllidir ki, Pezeşkian bu siyasətini reallaşdıra bilsəydi, SEPAH-ı hakim mövqedə saxlayan daimi ‘xarici düşmən’ amili aradan qalxacaqdı. Nəticədə hökumət ölkədə həlledici gücə çevriləcək, SEPAH-ın dayaqları isə sarsılacaqdı. Ona görə də müşahidə olunan mənzərə gözlənilməz deyil”.
Əli Zülfüqaroğlu bildirib ki, ABŞ və müxtəlif Qərb siyasətçilərinin verdiyi açıqlamaların tamamilə reallığa söykəndiyini qəbul etmək doğru olmaz:
“Əlbəttə, bu açıqlamalar İranın daxili vəziyyətinin daha da gərginləşdirilməsinə və etiraz dalğasının alovlanmasına hesablanıb. Xüsusilə belçikalı deputatın Pəhləvi ilə bağlı yanaşması reallığı əks etdirmir. Çünki Pəhləvilərin İranda ciddi nüfuzu yoxdur; eyni zamanda, bu prosesdə azərbaycanlıların görməzdən gəlinməsinin məqsədi sirr deyil. Baş verən sosial etirazlarda getdikcə fərqli motivlər müşahidə olunur. Buradan anlaşılır ki, ABŞ yaxud Avropa, İranda insanların sosial rifahını və ya demokratikləşməsini deyil, Pəhləvi kimi öz maraqlarına xidmət edəcək marionetləri dəstəkləməklə xalqın iradəsini yox, öz məqsədlərini reallaşdırmağa çalışırlar. Bu da əlbəttə, Azərbaycan türklərinin maraqlarına uyğun deyil və bölgə üçün müsbət perspektiv vəd etmir”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, İranın müqəddəratını yalnız İran xalqı müəyyən etməlidir:
“İranın parçalanmamasının və normallaşmasının yeganə yolu Pezeşkianın tezislərinin diqqətə alınmasıdır. Doğrudur, SEPAH-ın dini lider üzərində ciddi basqıları var. Amma Pezeşkian da cəsarətli lider olaraq geri çəkilmir və dini liderə təsir edə bilir. Hesab edirəm ki, İranda dövlət idarəetməsi tez bir zamanda hökumətə verilərsə və Pezeşkian kabineti həm xarici siyasətdə, həm də daxili islahatlarda əsas səlahiyyət sahibi olarsa, təhdidlər tədricən aradan qaldırıla bilər. Yox əgər, dini rejim buna imkan verməsə və zorakılığa rəvac verərsə, vəziyyət geridönüşü mümkün olmayan prosesə çevrilə bilər. Ona görə də İranın inkişafında tarixi bazası olan Azərbaycan türklərinin haqları və potensialı mütləq şəkildə nəzərə alınmalıdır”.
Nurlan Cəfəri












