“Prezidentin siyasi görüşləri və maraqları parlamentin qanunvericilik səlahiyyətlərini inkar etməməlidir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Moldovada yaranan siyasi böhranın səbəblərindən danışan bu ölkənin sabiq ombudsmanı, hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib.
– İqor Dodonun prezident səlahiyyətlərindən məhrum edilməsi barədə nə deyə bilərsiz? Bəzi ekspertlər bundan sonra Rusiyanın Moldovada müəyyən təxribatlar törədəcəyini proqnozlaşdırırlar…
– Bu artıq prezident Dodonun səlahiyyətlərinin məhdudlaşdırılmasına dair dördüncü haldır. O, tarixə yəqin ki “ən məhdudlaşdırılmış prezident” kimi düşəcək. Dodon bundan əvvəl nazirlərin namizədliyini təsdiq etməkdən və xarici təbliğat haqqında qanunu açıqlamaqdan boyun qaçıranda da Konstitusiya Məhkəməsi onun səlahiyyətlərinin məhdudlaşdırılması haqda qərar çıxarmışdı.
Demokratik ölkələrdə prezidentlə parlamentin mövqeyi uyğun gəlməyə bilər, ancaq o zaman siyasi böhranın yaranmaması üçün qanunvericilikdə əks olunmuş mexanizmlər işə düşməlidir. Prezidentin siyasi görüşləri və maraqları parlamentin qanunvericilik səlahiyyətlərini inkar etməməli, ölkədə siyasi böhrana səbəb olmamalıdır.
Unutmaq olmaz ki, Moldovadakı prezident üsul-idarəsi digər ölkələrin analoji institutlarından fərqlidir. Moldova parlament respublikasıdır və bütün səlahiyyətlər məhz qanunverici orqana məxsusdur. İcra hakimiyyəti isə hökumətə məxsusdur. Moldovada prezident vəzifəsi daha çox təmsilçilik xarakteri daşıyır. Onun səlahiyyət çərçivəsi deputat olanda Dodonun özünün də səs verdiyi qanunla xeyli məhdudlaşdırılıb.
– Moldovanın Avropaya inteqrasiya məsələsi gündəmə gələndə Rusiya mediasında “moldovalı qeyri-leqallar”, viza rejiminin tətbiqi, Qaqauziyanın müstəqilliyinin tanınması və digər məsələlər qabardılır. Dnestryanı bölgəni işğal etmiş Rusiya bu addımı ata bilər?
– Çox təəssüf ki, müasir dünyada şantaj, təhdid və sanksiyalardan çox fəal şəkildə istifadə olunur. Bu mənada Rusiya da istisna təşkil etmir.
– Bu günlərdə Moldovanın baş naziri Rusiya qoşunlarının ölkədən çıxarılmasına çağırış etdi. Moldovadakı Rusiyayönümlü qüvvələr ölkənin milli maraqlarına zidd olan bu mövqelərini necə əsaslandırırlar?
– Baş nazir Pavel Filipin Rusiya qoşunlarının Moldovadan çıxarılmasına BMT tribunasından çağırış etməsi əsaslıdır və beynəlxalq hüquq normalarına tam uyğundur. Burada başa düşülməlidir ki, söhbət sülhməramlı qüvvələrdən deyil, suveren Moldovanın ərazisində yerləşdirilmiş Rusiya qoşunlarından gedir.
Moldovadakı Rusiyapərəst qüvvələrə gəldikdə isə – prezident Dodon da o sıradadır – onlar Dnestryanı bölgənin liderini “prezident seçilməsi” münasibətilə asanlıqla təbrik edə bilirlər və başqa ölkənin maraqlarına söykənərək, bunu “seçicilərin mənafeləri” ilə “əsaslandırmağa” çalışırlar.
Belə bir situasiyanı heç bir halda təsəvvürə gətirə bilmərəm ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ separatçılarının liderini işğal olunmuş ərazilərdə “prezident seçilməsi” münasibətilə təbrik etsin.
Lakin bizim prezident bunu edir. Baxmayaraq ki, iqtisadi tərəfdaşımız olan Rusiyaya hörmətlə yanaşsaq da, o ölkənin bizim dövlətdə hərbi qüvvə saxlaması və qanunsuz hərbi birləşmələri bəsləməsi qəbuledilməzdir.
Söhbətləşdi Qafqaz Ömərov
www.yenicag.az