Hökumətin YENİ İSTİQAMƏTİ: Deputatın təklifi ixtisaslı kadrların regionlara QAYITMASINI TƏMİN EDƏCƏK
“Bütün dövlət qurumları bu istiqamətdə səfərbər olmalı və Prezident İlham Əliyevin vurğuladığı problemin həlli ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görməlidirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə regionlarda iş və həyat fəaliyyətinin yüksəldilməsi istiqamətində atılan addımların paytaxta köçə təsiri barədə fikirlərini səsləndirib.
Deputat bildirib ki, uzun illərdir Azərbaycan regionların iqtisadi və sosial inkişafı ilə bağlı dövlət proqramlarını həyata keçirir.
“Bu proqramlar həqiqətən də regionların inkişafına çox böyük töhfə verib. Böyük şəhərlərin və rayon mərkəzlərinin baş planlarına və ümumi görkəminə diqqət yetirdikdə, bir daha əmin oluruq ki, doğrudan da çox böyük işlər görülüb, yeni iş yerləri yaradılıb. Nəticə etibarilə həmin şəhərlərin və rayon mərkəzlərinin müasir dövrün tələblərinə cavab verməsinin şahidiyik.
Hazırda qlobal problemlə üz-üzəyik. Kəndlərdən qəsəbələrə, rayon mərkəzlərinə və şəhərlərə köç getdikcə sürətlənir. Xüsusilə son dövrlərdə informasiya texnologiyalarının inkişafı, media və internet vasitəsilə gənclərin yenilikləri daha sürətlə mənimsəməsi onların birbaşa şəhərlərə üz tutmasına səbəb olub. Problemin yaranmasına kəndlərlə şəhərlər arasında sosial fərqlərin artması da təsir edir.
Eyni zamanda etiraf etməliyik ki, kəndlərdə gənclərin sosial həyatını təmin edən imkanlar o qədər də çox deyil. Buna görə də onlar ilk fürsətdə rayon mərkəzlərinə, qəsəbələrə və şəhərlərə üz tuturlar. Belə qlobal problemin həlli üçün bir çox dövlətlər müxtəlif proqramlar həyata keçirirlər.
Qarşılaşdığımız əsas məsələ gənclərimizin əksəriyyətinin birbaşa Bakıya üz tutmasıdır. Problemin həlli ilə bağlı xüsusi tədbirlər görülməlidir. Elə şərait yaradılmalıdır ki, hər kəs yalnız Bakıya deyil, misal üçün qərb bölgəsinin vətəndaşları Gəncəyə və Şəmkirə, cənub bölgəsi Lənkəran və Masallıya, şimal bölgəsi Şəki və Zaqatalaya üz tutsunlar. Yəni prosesi balanslı şəkildə nəzarətdə saxlamaq vacibdir.
Həm də Bakıya miqrasiyanın artması regionların potensialını azaldır. Nəticədə həmin ərazilərdə ixtisaslı kadr çatışmazlığı yaranır. Buna görə də bölgələrdə yeni müəssisələrin yaradılması çox vacibdir. Xüsusilə regionlarda texnoparkların yaradılması zəruridir. Çünki texnoparklarda vergi güzəştləri mövcuddur, startaplar dəstəklənir, sahibkarlar üçün xüsusi şərait yaradılır. Belə olduğu təqdirdə gənclər öz işlərini yalnız Bakıda deyil, həm də Bakıdan kənarda yerləşən böyük şəhər və qəsəbələrdə qura biləcəklər.
Eyni zamanda kəndlərdən miqrasiyanın qarşısını almaq üçün kənd yerlərində yetişən gənclərin, xüsusilə də aqrar profilli universitet və kolleclərdə təhsil alanların öz ixtisaslarına uyğun şəkildə kəndlərinə və ya regionlarına qayıdıb fəaliyyət göstərmələri üçün xüsusi yanaşmalar tətbiq edilməlidir.
Bu istiqamətdə yeni konsepsiya hazırlanmalı və yaranan yeni təhdidin, yəni kəndlərdən kütləvi köç prosesinin qarşısını almaq üçün aidiyyəti qurumlar sistemli və məqsədyönlü tədbirlər həyata keçirməlidirlər. Bütün dövlət qurumları bu istiqamətdə səfərbər olmalı və Prezident İlham Əliyevin vurğuladığı problemin həlli ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görməlidirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli












