!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev və daha müstəqil Azərbaycan paradiqması - ANALİZ

!Reklam – Yazi

Əvvəlki məqalədə dediyimiz kimi,Azərbaycanın müstəqillik qazandıqdan sonra Heydər Əliyev və İlham Əliyevin liderliyi ilə ölkəmizin qüdrətinin artması regional balansı gündən-günə dəyişdirirdi. Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həlli və ərazi bütövlüyünün bərpası ilə qarşımızdakı ən böyük tarixi tapşırıq icra olundu. Nəticədə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar meydana çıxdı və iki əsrlik tarixi paradiqma kökündən dəyişdi.

Yeni paradiqmanın ilk xüsusiyyəti Azərbaycanın regional güc mərkəzi olması, Cənubi Qafqazda liderlik mövqeyini mübahisəsiz bir şəkildə təsbit etməsidir. Bu liderlik müxtəlif strateji sahələrdə- iqtisadi, hərbi və diplomatik- qazanılmış uğurlara əsaslanır.

Heç kimə sir deyil ki, ölkəmiz iqtisadi inkişafında əsas rol təbii sərvətlərə- neft və qaz amilinə bağlıdır. Azərbaycan enerji ehtiyyatlarından iki istiqamətdə ustalıqla istifadə etdi.

Əvvəla, Xəzər dənizindəki neft yataqlarının istismarında Qərb şirkətlərinə üstünlük verildi, nəticədə TAP, TANAP kimi layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaratdı.

İkincisi, neft gəlirlərindən əldə olunan resurslar Azərbaycanın strateji infrastrukturunu modernizasiya etməyə, yollar, limanlar, aeroportlar və logistika şəbəkələrini inkişaf etdirməyə imkan verdi. Bu, Azərbaycanı regionda ticarət və nəqliyyat qovşağına çevirdi.

Azərbaycan təkcə neft sektoruna bağlı qalmayıb, iqtisadiyyatını müxtəlif sahələrdə inkişaf etdirmək üçün addımlar atdı. Sənaye, kənd təsərrüfatı və turizm sektorlarının inkişafını hədəfləyən dövlət proqramları Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və dayanıqlığını artırmağa xidmət edir.

Nəhayət, Azərbaycan iqtisadi gücünü hərbi sahəyə çox böyük məharətlər transformasiya etdi. Azərbaycan hərbi potensialına görə, bölgədəki digər dövlətlərdən- Rusiya, İran və Türkiyədən geridə olsa da, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ilə savaşın kitabını yenidən yazdırmağa qadir olduğunu bütün dünyaya isbatlayıb. Bu, prezident İlham Əliyevin rəhbərliyi altında orduda aparılan islahatların və Silahlı Qüvvələrin modernizasiyasının nəticəsidir. Beləliklə, Azərbaycanın güclü iqtisadiyyatı və hərbi qüdrəti ona bölgədə sülhün və sabitliyin təminatçısı kimi çıxış etməyə imkan verir. Rəsmi Bakı məhz bu mükəlləfiyyətinin fərqində olaraq bölgədəki diplomatik rolunu yenidən funksionallaşdırır.

Azərbaycanın bu sahədə tarixdən ciddi asılılığı var. Cənub qonşumuz İran Cənubi Qafqazı iki yüz il öncə Rusiyaya qapdırıb, ancaq hələ də revanş üçün məqam gözləyir. İran teokratları Rusiyanın zəifləyərək bölgədən çəkiləcəyi təqdirdə, regionu öz nüfuz dairəsinə salmaq üçün Azərbaycana və Gürcüstandakı azərbaycanlılara dini ideologiya ixrac edir, Ermənistanı isə himayə və Azərbaycana qarşı düşmənçiliyi davam etdirməyə təhrik edir.

Rusiya daha praqmatikdir. Kreml İkinci Dünya Savaşından sonra formalaşmasında iştirak etdiyi dünyanın təhlükəsizlik arxitekturasının çökdüyünü hiss edərək yeni dövrdə öz yerini və rolunu Ukraynaya hücum etməklə gücləndirmək- ən azı yenidən ikiqütblü dünya yaratmaq istəyir. Fəqət bu strateji hədəf üçün Cənubi Qafqazda yaranmış reallığı da əsasən nəzərə alır. Putin administrasiyası Ermənistanın geopolitik əhəmiyyətinin qalmadığını, tam əksinə, bu kvazi “diaspora dövləti”nin sürətlə dəyişən dünyada Rusiya üçün “ayaq bağı” olduğunu təsbit edərək Cənubi Qafqaza yeni strategiya ilə yaxınlaşdı. Bununla belə, Azərbaycan öz müstəqilliyini Rusiyanın müstəmləkəçiliyindən çıxaraq qazanıb və ona görə də hər zaman şimal qonşusu ilə münasibətlərdə ən azı ehtiyyatı əldən buraxmamağa xüsusi diqqət göstərir.

Azərbaycan bir respublika olaraq öz quruluş fəlsəfəsinə görə, çağdaşlaşmanı hədəfləyir. Bu hədəfi reallaşdıracaq mexanizm isə Qərbə inteqrasiyadır. Ancaq Ukrayna, Gürcüstan və Ermənistan təcrübəsi göstərir ki, kollektiv Qərb “inteqrasiya” dedikdə post-sovet xristian ölkələrini Rusiyaya qarşı alət kimi istifadə etməyi düşünür. Azərbaycanı isə türk və müsəlman ölkəsi olaraq öz sıralarında görməyi arzulamır da. Türkiyə vaxtilə NATO-ya Avropanı SSRİ-dən qorumaq üçün “bufer zona” kimi daxil edilmişdi, Avropa Birliyi isə onu həm də ABŞ-ın təsirində olan dövlət sayaraq özünə yaxın buraxmaq istəmir. Beləliklə, Azərbaycanın Qərblə münasibətlərində ontoloji ziddiyyyətlər meydana çıxır. Azərbaycan bir tərəfdən çağdaşlaşmalı, digər tərəfdən isə özünü İran və Rusiya kimi, Qərbdən də qorumalıdır.

Qoruyucu refleksləri və yeni tarixi paradiqması Azərbaycanı Türk Dünyası ilə inteqrasiya yönündəki fəaliyyətlərini sürətləndirməyə sövq edir. Daha açıq desək, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini digər türk dövlətləri ilə münasibətlərinə daşımaq istəyir.

Bu strategiya Azərbaycan üçün həm də yeni beynəlxalq balansı öz lehinə dəyişmək üçün lazımdır. Məsələnin qısa məğzi belədir: Azərbaycanın İkinci Qarabağ Savaşında qazandığı zəfər beynəlxalq güclərin regiona olan yanaşmasını dəyişib. Ölkə beynəlxalq arenaya təkcə iqtisadi və hərbi uğurlarla yox, eyni zamanda öz iradəsi olan aktor kimi çıxır.

Azərbaycanın regional və beynəlxalq mövqeləri gücləndikcə, Ermənistan daha çox “oyundankənar” vəziyyətə düşür. Azərbaycanın strateji üstünlükləri və diplomatik uğurları fonunda Ermənistan dünya nizamının yenidən müəyyənləşməsi prosesində öz mövqeyini itirib və yenidən müəyyənləşdirə bilmir. Hər şeydən öncə, Ermənistan artıq Azərbaycanla müharibə şəraitində üstünlük qazana bilməyəcəyini qəbul etmək məcburiyyətindədir.

Bu isə öz növbəsində ölkənin həm daxili siyasətində, həm də xarici münasibətlərində ciddi böhrana səbəb olur. 44 günlük müharibədən sonra üzləşdiyi daxili siyasi böhranlar və iqtisadi çətinliklər onun beynəlxalq münasibətlərdə daha çox asılı və qeyri-stabil ölkəyə çevirir. Bu gün Ermənistanın iqtisadi və siyasi sistemi Rusiyadan, hakim elitası isə Qərbdən asılıdır. Belə bir vəziyyətdə İrəvan müstəqil siyasət yürütmək qabiliyyətini itirir və daxili çəkişmələrə sürükləyir. Hakim elitanın bu böhrandan və çəkişmələrdən uğurla çıxması üçün Avropaya fiziki-coğrafi çıxış əldə etməsi lazımdır. Bu marşurut isə Ermənistanın ərazi iddiası və “genosid” ittihamı ünvaanladığı Türkiyədən keçir. Azərbaycan və Türkiyə strateji alyans kimi bu marşrutun qarşılığında Ermənistanı Zəngəzur dəhlizini açmağa vadar edir. Bu kontekstdə Ermənistanda revanşizm tendensiyasını nəzərdən keçirək.

Ermənistanda revanşizm tarixi məğlubiyyətə uğramış və regional proseslərdən təcrid olunmuş bir ölkənin siyasi və sosial dinamikasının əsas parametrlərindən biridir. Çox açıq görsənir ki, Ermənistan cəmiyyətində və siyasətində müəyyən qruplar Qarabağ məğlubiyyətindən sonra revanşist ritorikanı gücləndirməyə çalışırlar. Bu qruplar arasında müharibənin son nəticələrini qəbul etməyən və “Artsaxı yenidən qurmaq” kimi illüziyalara qapılan daşnakların və onların ideologiyasından qidalanan kollektiv şüura xitab edən siyasi təşkilatlardır. Ermənistanın daxili siyasi arenasında bəzi partiyalar, xüsusilə də keçmiş hakimiyyətə yaxın qüvvələr Qarabağın yenidən işğalı və ya münaqişənin yenidən başladılması yönündə açıqlamalar verirlər. Bu partiyalar öz mövqelərini revanşist ideyalara əsaslandıraraq xalqı yenidən müharibəyə hazırlayırlar. Onların səyləri ordudan da dəstək alır. Ermənistanın hərbi rəhbərliyində və istefaya çıxmış generalları arasında revanşist ideyalar geniş yayılıb. Belə bir şəraitdə revanşist ideyalar Ermənistanda siyasi istismar mexanizminə çevrilir.

Bir tərəfdən hakim elita- Paşinyan iqtidarı daxildəki sosial və iqtisadi problemləri həll etməkdə aciz olduğundan cəmiyyətdəki narazılığı dolayı yollarla revanşist gündəmə istiqamətləndirir. Qoy, cəmiyyət iqtisadi inkişaf və rifah toplumu əvəzinə Paşinyandan Qarabağ tələb etsin- bu mövzu saqqız kimi çeynəməyə və uzatmağa xeyli imkan var. Üstəlik bütün bunlar Azərbaycanı qalib görmək istəməyən beynəlxalq güclərdən Paşinyanın iqtisadi, siyasi və hərbi dəstək almasını da şərtləndirir.

Digər yandan, müxalif revanşist qruplar son müharibədəki məğlubiyyəti baş nazir Nikol Paşinyanın üzərinə ataraq onun hakimiyyətini zəiflətməyə çalışırlar. Onların yanaşmasına görə, “Təslimçi Nikol” hakimiyyətdən gedərsə, Ermənistan ordusunu yenidən qurmaq və Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq mümkündür. Bu ideyanın əsas tərəfdarları Qarabağın sərvətlərini, azərbaycanlı əhalinin mal-mülkünü talan eləmiş və hazırda qanunsuz gəlir mənbələrindən məhrum olmuş “işğal iqtisadiyyatı”nın nümayəndələridir.

Rəsmi Bakı bu müstəvidə İrəvana daha konseptual baxış təklif edir. Prezident İlham Əliyev hər fürsətdə erməni cəmiyyətinə izah etməyə çalışır ki, yeni müharibə arzusu və digər revanşist xülyalar ermənilər üçün müsbət heç bir nəticə verməyəcək. Daha yaxşısı budur ki, Ermənistan regional inkişaf proseslərinə qatılsın və qonşu ölkələrlə sülh şəraitində yaşayaraq regionun tərəqqisi önündə əngələ çevrilməsin.

Bu təhlili ümumiləşdirsək, yeni tarixi paradiqmanın əsas məğzini və hədəfini belə ifadə etmək olar: DAHA MÜSTƏQİL AZƏRBAYCAN!

Bu paradiqmanın uğurla gerçəkləşməsi üçün ən böyük inamı Azərbaycanın lideri- İlham Əliyev yaradır. Obrazlı şəkildə desək, İlham Əliyevin Azərbaycanın müstəqillik arxitekturasının əsas sütunudur. Onun liderliyi ölkənin xarici və daxili siyasətdə müstəqil qərarlar verməsini təmin edir və Azərbaycanı daha güclü bir dövlətə çevirir. Əliyevin bu rolunu bir neçə amil səciyyələndirir.

İlham Əliyev ilk növbədə Azərbaycanın müstəqilliyinin daxili dinamikasını formalaşdırır.

İkincisi, İlham Əliyev Azərbaycanın xarici siyasətində çoxvektorluq prinsipini əsas götürərək ölkənin iradəsini və qərarlarını beynəlxalq səviyyədə qəbul etdirir.

Üçüncüsü, İlham Əliyev Azərbaycan xalqının və dövlətinin tarixdən neqativ asılılıqlarını aradan qaldırır.

Dördüncüsü, İlham Əliyev özündə Azərbaycan dövlətinin institutsional yaddaşını ehtiva edir.

Beşincisi, İlham Əliyev Azərbaycanın gələcək modelinin qarantı kimi çıxış edir.

Taleh Şahsuvarlı

AzNews.az analitik-informasiya portalının baş redaktoru

COP29

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv