Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb.
Görüşə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti dövlət başçısı tərəfindən son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirib. Qeyd edib ki, “Swiss Re” şirkəti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.
“Swiss Re”nin əsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biri olduğunu deyən Veronika Skotti təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Dövlət başçısı ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacib olduğunu vurğulayıb.
Görüşdə bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən “Swiss Re” şirkəti ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub.
Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib. Bildirilib ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışıb.
Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb.
Söhbət zamanı bildirildi ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
www.yenicag.az