!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin dünyaya bəyan etdiyi MİLLİ PRİORİTETLƏR: Azərbaycan kiminlə birlikdədir?

!Reklam – Yazi

Qarabağda son həftələrdə hərbi gərginliyin artması fonunda prezident İlham Əliyevin CNN Türk-ə müsahibəsində toxunduğu məqamlar yaranan və cəmiyyətdə narahatlıq doğuran bir çox vacib suallara aydınlıq gətirilməsi baxımından çox əhəmiyyətli oldu.

Dövlət başçısı qeyd olunan müsahibəsində Azərbaycanın mövqeyini bir daha qəti şəkildə bəyan edərək, 44 günlük müharibənin nəticələrinin dəyişdirilməsinə yönəlik bütün cəhdlərin qarşısının alınacağını diqqətə çatdırdı.

Bu çərçivədə təbii ki, ən çox maraq doğuran detallar Qarabağda yerləşdirilmiş Rusiyanın sülhməramlı adlandırılan qüvvələrinin fəaliyyətsizliyi şəraitində ermənilərin atəşkəs rejimini müntəzəm pozmaları, regionun əsas ölkələri olan Türkiyə ilə Rusiyanın yeni düzənə uyğun davranışları və 10 noyabr bəyanatının məlum bəndlərinin icra vəziyyəti idi.

İlk olaraq bunu vurğulamaq lazım gəlir ki, İkinci Qarabağ müharibəsinin yekunlaşmasına rəğmən, ermənilərin yeni hərbi fəallığının qarşısının alınacağı və onlara növbəti dərsin veriləcəyi prezidentin fikirlərinin ana xəttini təşkil etdi. Yəni Rusiyanın araya girməsi ilə yüzfaizli darmadağından xilas olan ermənilərə yeni analoji fürsətin verilməyəcəyi ən açıq formada bildirildi.

Bununla belə, Rusiyanın və bu ölkənin Qarabağda yerləşdirilmiş hərbi kontingentinin Ermənistana, o cümlədən, separatçılara hərtərəfli dəstəyini artırması, xüsusilə, onların müharibədə sıradan çıxarılmış silah-sursat arsenalını ciddi-cəhdlə bərpa etməyə yönəlik səyləri hələ də narahatlıq doğurur.

Ancaq bu məqama da toxunan prezident İlham Əliyev müharibənin yenidən başlayacağı təqdirdə, Rusiyanın Ermənistana göndərdiyi silah və hərbi texnikanın son dayanacağının Bakıdakı Hərbi Qənimətlər Parkı olacağını dedi. Bu fikir mümkün müharibədə qələbənin anonsu olmaqla yanaşı, həm də “Rusiya faktoru”nun Azərbaycan üçün əhəmiyyət daşımayacağının konkret ifadəsi sayılmalıdır.

Əlbəttə, prezidentin müsahibəsində Türkiyənin 44 günlük müharibədə qazanılan zəfərdə Azərbaycana verdiyi böyük dəstək və iki qardaş ölkənin münasibətləri də geniş şərh olundu. Dövlət başçısı möhtəşəm qələbəmizdə Türkiyənin rolunu bəlkə də ilk dəfə bu qədər geniş və detallı təsvir etdi. İlham Əliyev əminliklə bildirdi ki, Türkiyənin dəstəyi olmasaydı, erməniləri müdafiə edən ölkələrin savaşa müdaxilə edəcəkləri şübhə doğurmurdu.

Prezident iki qardaş ölkə arasında müttəfiklik münasibətlərini yeni səviyyə və mərhələyə keçirən Şuşa Bəyannaməsinə də toxunaraq, həmin sənəddə əksini tapan müddəaların tamamilə həyata keçirilməsi üçün mümkün olan bütün addımların atıldığını diqqətə çatdırdı.

Əslində, prezident İlham Əliyevin CNN Türk-ə müsahibəsi Azərbaycanın bütün əsas istiqamətlər üzrə prioritetlərinin dünyaya bəyan olunması aksiyası hesab olunmalıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın sürətlə dəyişən dünyada hansı istiqamətə və kiminlə irəliləyəcəyi kimi həyati əhəmiyyətli suallara birmənalı cavabı idi. Diplomatik transkripsiyadan çıxarıldıqda, o cavabların məzmunu bundan ibarətdir ki, Azərbaycan hər nə qədər Rusiya faktorunu nəzərə alsa da, bütün məsələlərdə və hər zaman Türkiyə ilə birlikdə olacaq.

Yeri gəlmişkən, prezidentin bu müsahibəsi hakimiyyətin digər qollarının, xüsusilə, ali qanunvericilik hakimiyyəti təmsilçilərinin öz üzərlərinə düşən missiyanı daşımaq gücündə olmadıqlarını bir daha çılpaqlığı ilə ortaya çıxardı. Bəli, elə məsələlər var ki, onlar barəsində danışmaq prezidentin müstəsna səlahiyyətlərinə daxildir.

Lakin deputatların dövlət maraqlarının qorunması baxımından danışmalı olduqları, lakin sükut etdikləri mövzular da kifayət qədər çoxdur. Ancaq göründüyü qədər, “qanun istehsalçıları”nın əksəriyyəti ya öz statuslarının fərqində deyillər, yaxud da başları daha “vacib” məsələlərə qarışıb…

A.Zeynalov

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

 

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv