Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli İlhamə Quliyevanın ötən gün verdiyi açıqlama müzakirəyə səbəb olub. Açıqlamasında Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil aldığını deyən 72 yaşındakı xalq artisti haqqında Yenicag.az sorğu keçirdi. Sorğuya qatılan ictimayyət nümayəndələrinin mövqeyi birmənalı deyil.
Pakizə Məmmədli: Düşünürəm Azərbaycanın belə gənc,savadlı kadrlara ehtiyacı var.
Çiçək Məmmədova: 72 yaşında boş-boş danışmaqdansa oxusa yaxşıdır.
Larisa Məmmədova: İstəyir hər gün dərsə gedib-gəlsin, lakin mən özümə onun kimi vəkil tutmaram.
Sevinc Müntəzim: Bu məsələyə münasibətsizəm.Bitdi münasibət,yoxdur baxa bilmirəm.
Orxan Əzim: Ümumiyyətlə dinindən, irqindən, milliyətindən asılı olmayaraq təhsil vacibdir. Fərq etməz hansı yaşda olsun. Təhsil də müəyyən kateqoriyalar üzrə bölünür. Var məktəbəqədər təhsil bir də var ali təhsil. Hər halda o xanım o yaşda ali təhsil alar.
Mirmehdi Ağaoğlu: Kaş bu qədər tələsməyəydi.
Hafiz Əhmədov: Təhsil almaq heç vaxt gec deyil. Ona görə də yaxşı baxıram. Amma şou biznes nümayəndəsinin bu yaşda hüquqi təhsil almasına heç də yaxşı baxmıram. Çünki hər adi bir anlaşmazlığa görə hüquq mühafizə orqanlarımızı və məhkəmələrimizi məşğul edəcəklər.
Tural Sahab: Elza millət vəkilliyinə namizəd olub deyə, bu da təhsil alır.
Cəlil Cavanşir : Yəqin çoxları təəccüb edəcək. Amma bu məsələnin arxasında daha ciddi mətləblər dayanır. İlhamə Quliyeva qoca yaşında ikinci təhsili qəfil bir vəzifə təklifi gözlədiyi üçün alır. Bu köhnə oyundur…
Şəbnəm Karslı: Hər yaşda insanın təhsil almaq hüququ var, məsələnin ictimiləşməsinin səbəbi adı çəkilən şəxsin medyatik sima olması ilə bağlıdır. İstənilən halda mövzu təhsildirsə, alqışlayıram.
Elgün Əhmədov : O təhsil filan almır, məqsəd kütləni onun indidən prokuror olacağına inandırmaq və reaksiyanın nə olacağından asılıdır. Təbii ki, biz də xalq olaraq reaksiya veririk…
Günel İbadova: Təhsili ilə cəmiyyətə xidmət edəcək gənclərin təhsilini maliyyələşdirsə, daha faydalı olardı.
Rüfət Muradlı: Məncə bu addım təhsilə deyil, görüntüyə və inada hesablanıb.
Elgün Dursunoğlu: Adam “yaşın nə fərqi var, sevirəm səni” deyə bilibsə əgər, bundan sonra oxumasına təəccüblənməmək lazım.Təhsil alması gözəldi, amma maraqlıdı, 4 ilə təhsil onu almasa yaxşıdı. Təhsil sevgiyə baxmır, 72 yaşından sonra bir insanın hələ də məqsədi varsa qibtə ediləcək haldır.
Müşfiq Xan: Məsələdən hali deyiləm. Ümumiyyətlə İlhamə Quliyeva baxış bucağımda “Neylərsən mənə” mahnısı qədərdi, qalan keçmiş, indiki və gələcək fəaliyyəti mənimçün maraqlı deyil. Əgər dediyiniz kimi edibsə, gülməli iş tutub. O yaşda yenidən ali təhsil aldığına görə yox, çünki dünya təhsilində belə nümunələr çoxdu. Ona görə ki, o İlhamə Quliyevadır və bura Gürcüstan deyil. Vəzifəyə hesablanmış addımdı, belə düşünürəm. Amma məsələyə daha tolerant yanaşanda, olsun da. İndi nə çox belə məmur. Biri də artıq olsa, dünya dağılmayacaq ki?! Primadonnanı, dəstəkləmək lazımdı!
Mehriban Zeynalova: Əla baxıram əgər bu doğrudan realdırsa niyə də yox? Dünya təcrübəsində bu cür hallar əksinə dəstəklənir və çox məqbul sayılır. Bu digərləri üçün də örnək ola bilər.Amma yenə də qeyd edirəm realdırsa.
Kənan Mustafayev : Öyrənmək heç vaxt gec deyil. “Amma qırxında öyrənən gorunda çalar”. İlhamə Quliyevaya hörmətlər.
Taleh İbadov: Oxumaq üçün heç vaxt gec deyil deyirlər, amma, deyəsən bir balaca gecikib.
Elnaz Eyvazlı: Düşünürəm ki, təhsil almaq hər kəsin şəxsi işidir. Neçə yaşında, harda nə təhsili almasını hər kəs özü bilər. Kütlənin düşdüyü vəziyyət, camaatın acınacaqlı halı, daha çox narahat edir, nəinki ayrı-ayrı adamların şəxsi həyatları. Məsələn, ətrafımda hər hansı banka kredit borcu olmayan adam yoxdur və ya məktəbli forması olmadığı üçün intihar edən məktəblinin faciəsi daha çox ürəyimi parçalayır, çünki bu, bir ailənin faciəsi deyil. İnsanların haqqı tapdanır, hüquqları pozulur, İlhamə Quliyevanın 72 yaşında təhsil alması bunların yanında nə dərəcədə önəmlidir?
Günel NAZİM
Yenicag.az
www.yenicag.az