Dünya böhran içində: Böyük dövlətlərə demokratiya maraqlı deyil - ARAŞDIRMA
Kapitalizm və demokratiyanın qüsurları dünyada böhranlı vəziyyət yaradıb. Qaynaqlar uğrunda mübarizə açıq müstəviyə keçib. Təsadüfi deyil ki, dünyanın demək olar hər yerindəki münaqişə ocaqları alovlanır, yeniləri yaranır və bu proses davam edəcək.
Hazırkı münaqişələrə baxdıqda qazananın olduğunu deyə bilmərik. Bunu İsrail-Fələstin, Rusiya-Ukrayna, Hindistan-Pakistan, Əfqanıstan-Pakistan, İran-İsrail və digərlərinin timsalında görə bilirik.
İsrail HƏMAS arasında toqquşma da bir neçə reallığı ortaya çıxardı. İsrail HƏMASın hücumuna cavab olaraq Qəzza zolağında sözün əsl mənasında daşı-daş üstündə qoymadı. Yəhudilərə insanlar daha çox Holokosta görə hörmət qoyurdu – soyqırıma məruz qalmış xalq. Ancaq soyqırıma məruz qalan xalq canlı yayımda soyqırım törədəndə bütün dünya buna etiraz etməyə başladı. Etirazların önündə gedənlərin bir çoxu da İsrail vətəndaşı olmayan yəhudilər idi. Bundan əlavə İspaniya, İtaliya, Fransa kimi dövlətlər də ortaya mövqe qoydu. Xüsusilə İspaniya xarakter nümayiş etdirdi. Məsələ hətta o həddə gəlib çıxdı ki, ABŞ prezidenti Donald Tramp İspaniyanı NATO-dan çıxarmaqla hədələdi. Bəhanəsi vəsait olsa da, reallıq İspaniyanın qoyduğu qadağalar idi. Yəhudilərin özlərinə verməli olduğu əsas sual “tarix boyu niyə ancaq bizi məhv etmək istəyiblər?” olmalıdır.
İsrail və onun dəstəkçiləri İranda türklərin sıxışdırılmasını daha çox qabardır. Baxırsan, İranda çoxlu sayda yəhudi yaşayır, onlar öz dinlərini də qoruyub saxlayırlar, milli kimliklərini də. Hətta 12 günlük toqquşmadan sonra belə İranda yəhudilərə qarşı hansısa neqativ addım atılmadı. Türklərin sözdə müdafiəsi kimlər üçünsə bəhanə, kimlər üçünsə artistlik mövzusundan başqa bir şey deyil.
Trampın ən çox istədiyi şey Nobel sülh mükafatı almaq idi. Bunun üçün dəridən qabıqdan çıxırdı. Kimsə çıxıb kənardan deyə bilər ki, bu da bir siyasət idi. Əgər bu siyasət idisə də, çox düşük bir siyasət idi. Nobel sülh mükafatı heç kimin tanımadığı, Venesuelalı Maria Corina Maçadoya verildi. Xeyli müddətdir dünyada demokratiya sözü demək olar unudulmuşdu. Qəflətən Nobel komitəsinin yadına Venesuela xalqının hüquqları düşür. Demokratiya uğrunda yorulmaz mübarizəsi, eləcə də ölkəsinin diktaturadan demokratiyaya ədalətli və dinc keçidinə nail olmaq cəhdlərinə görə də Maçadoya Nobel sülh mükafatı verir. Bu həm də o zaman yada düşür ki, ABŞ Venesuelanı hədəfə götürüb, böyük ehtimalla da Maduronu devirmək üçün müdaxilə edəcək. Maria Corina Maçado isə bildirir ki, Venesuelanın neft yataqları özəlləşdirilməlidir və ABŞ-yə verilməlidir. Ümumiyyətlə, uzun illərdir ki, mükafatlar ədalətli şəkildə verilmir, hətta “Qızıl top” mükafatı belə(!), hər bir mükafatın arxasında ciddi siyasi amillər dayanır.
Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə addımlar atılır. ABŞ-nin Ukraynaya “Tomaqavk” raketləri verəcəyi iddia olunurdu. Ancaq Tramp-Putin telefon danışığından sonra adı gedən raketlərin verilməyəcəyi iddia olundu. Qeyd edim ki, “Tomaqavk” raketləri Rusiya ilə ABŞ arasında bu günün yox, illər öncənin gərginliyidir. Gəmi və sualtı qayıqlardan atılan bu raketləri ABŞ qurudan da istifadə etmək niyyətini ortaya qoyanda Rusiya buna etiraz etməyə başlamışdı. Çünki 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri (INF) müqaviləsi 500–5500 km arası yerüstü raketlərin yerləşdirilməsini qadağan edirdi. Rusiya “Tomaqavk” raketlərinin “Aegis Ashore” sistemləri vasitəsilə quruya yerləşdirilməsini bu müqavilənin pozulması kimi qiymətləndirirdi. ABŞ bu sistemləri Rumıniyada və Polşada quraşdırıb. Rusiya “Aegis Ashore” sistemlərini Rusiyanın Avropadakı təhlükəsizlik balansına təhdid kimi görür. Yeri gəlmişkən ABŞ 2 avqust 2019-cu ildə Trampın zamanında, rəsmi olaraq INF (Orta Mənzilli Nüvə Qüvvələri) müqaviləsindən çıxıb. Hazırkı gərginlik təkcə Ukrayna müharibəsi ilə bağlı deyil. Hesab edirəm ki, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi müharibənin şiddətini daha da artıracaqdı. Ona görə də, ABŞ və Rusiya müəyyən mənada uzlaşmaya gedəcəklər.
Dünyada böyük dövlətlərə nə ukraynalılar, nə venesuelalılar, nə türklər, nə də fələstinlilər maraqlıdır. Demokratiya heç maraqlı deyil. Böyük dövlətlər açıq şəkildə qaynaqlar uğrunda mübarizə aparır. Qurban seçilmiş xalqlar dastanlar yazır, qarnını qəhrəmanlıq dastanları ilə doyurur, qurbanlıq edənlər isə o xalqları sümürür, yeyir və idarə edir.
Səxavət Məmməd