İmişlidəki SSRİ bayrağı olayına partiya sədrindən SƏRT REAKSİYA: “Rusiyanın, Putinin təbliğatını aparırlar”

media-hightechnic-468x90

“Bütün bunlar həm rayon, həm də kənd rəhbərliyində təsadüfi insanların, dövlət idarəçiliyi anlayışı olmayan şəxslərin vəzifələrdə təmsil olunmasının göstəricisidir”.

Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.

O, İmişlinin Sarıxanlı kəndində 9 May – Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağının qaldırılmasına münasibət bildirib.

Xatırladaq ki, bayraq 2-ci dünya müharibəsinin xatirə kompleksinin üzərinə sancılıb. Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və digərlərinin sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” diqqət çəkib. Onlar sovet bayrağını qələbə rəmzi kimi istifadə ediblər.

Prosesləri şərh edən partiya rəhbəri qeyd edib ki, belə məsələlərin yaranması insanlarımız arasında iki səbəbdən qaynaqlana bilər:

“Bunlar ya bilərəkdən, ya da bilməyərəkdən olan hadisələrdir. Bu kadrları mən də gördüm. Düşünürəm ki, bilərəkdən olan haldırsa, deməli, hansısa qüvvələrə xidmət olunur. Yəni Rusiyanın, Putinin təbliğatını aparırlar. Azərbaycanın daxilində insanlar arasında Rusiya və Sovet İttifaqına qarşı yenidən sevgi yaratmağa çalışırlar. Bilməyərəkdən isə bu, tarixi bilməməzlikdən, savadsızlıqdan, rus telekanallarına baxıb, oradakı filmlərin təsirinə düşməkdən qaynaqlanır. Amma belə bayraqlarla tədbir keçirmək olmaz”.

T. Abbaslı əmindir ki, rayon rəhbərliyinin də kifayət qədər səhvləri var:

“Belə tədbirlər, adətən, protokol əsasında keçirilir. Burada atılan addımlar, dekorasiya, çıxışçılar, yürüş, şüarlar, bayraqlar və digər elementlər əvvəlcədən müəyyən edilir. Rayon icra hakimiyyətinin bununla bağlı hansısa toplantısı olubmu, göstəriş verilibmi, yoxsa bu, kənd rəhbərliyinin, yaxud Ağsaqqallar Şurasının sədrinin təşəbbüsüdürmü? Bu kimi suallar var.

Düzdür, bizim orada 300 min insanımız şəhid olub. Amma bu, o demək deyil ki, 70 il bizim qanımızı içən rejimin – Sovet rejiminin bayrağını qaldırmalıyıq. Nə üçün? Sadəcə olaraq, İkinci Dünya müharibəsində həmin bayraq olub deyə? Əbdürrəhman bəy Düdənginski Azərbaycan legionunun rəhbəri olmuşdu və Almaniya tərəfdən vuruşurdu. Belə çıxır ki, biri də gəlib svastika bayrağı qaldırıb “bizim orada insanlarımız vuruşub” deməlidir? Bu, tarixi savadsızlıqdan və biliksizlikdən doğur”.

“Aidiyyəti qurumların işə səhlənkar yanaşmasının nəticəsidir bu tədbir. Orqanlar bununla bağlı araşdırma aparmalıdır. Əgər bu bayraq bilərəkdən, qəsdən qaldırılıbsa, artıq bu məsələ Cinayət Məcəlləsinə aid olur. Yox, əgər bilməyərəkdən və tarixi savadsızlığın nəticəsidirsə, xəbərdarlıqla kifayətlənməlidir. Rayon rəhbərliyi belə günlərdən öncə kənd rəhbərliyini toplayıb bəzi məsələlərə aydınlıq gətirməli, protokolu izah etməli, tədbirlərin formatını, istifadə olunacaq bayraqları və şüarları əvvəlcədən müəyyən etməlidir. Bu, dövlət işlərinə biganə və laqeyd yanaşmanın təcəssümüdür. Bütün bunlar həm rayon, həm də kənd rəhbərliyində təsadüfi insanların, dövlət idarəçiliyi anlayışı olmayan şəxslərin vəzifələrdə təmsil olunmasının göstəricisidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600