“İnsana bu qədər hörmətsiz yaşamaq olmaz”
Baş nazir Artur Rəsizadənin təqribən 20 dəqiqəlik hesabatından sonra müzakirələr başladı.
Deputat Fazil Mustafa ölkədə kiçik və orta sahibkaralara qarşı münasibətdə hökumətin tutduğu mövqeyə etiraz etdi.
Deputat öncə metrodakı satıcıların problemlərini qaldırdı: “Mən başa düşürəm, metronun giriş-çıxışı açıq olmalıdır. Amma Azərbaycanda sahibkar adi bir nöqtəni belə pulsuz əldə etmir, ancaq heç kimin əlində sənəd yoxdur. O cümlədən “Binə” və “Sədərək”də də eyni problem çıxır. Hamının obyekti var, amma heç kim onun hüquqi sahibi deyil. İnsan həyatını o obyektin üzərində qurub, bir günün içində onun həyatı dağılır. Bu insan dövlətdən necə razı qala bilər? Dövlət niyə maraqlı olmalıdır ki, onun çiynində yükə çevrilən adamların sayı artsın? Eynilə “Sovetski” ilə bağlı vəziyyət də onun kimi. Vətəndaşın haqqı var ki, normal bir ev tikilməsini və normal şəkildə köçürülməsini tələb etsin. Olmazmı ki, o ərazidə bir neçə yaşayış evi tikilsin və sakinlər ora köçürülsünlər? İnsana bu qədər hörmətsiz yaşamaq olmaz”. Səhiyyə, təhsildən danışan F.Mustafa Beynəlxalq Universitetin tələbələrinin taleyi ilə bağlı da məsələ qaldırdı, onların problemini həll etməyə çağırdı. Deputat Putinin Ukraynaya SSRİ-dən düzgün çıxmadığı barədə xəbərdarlığını xatırlatdı və dedi ki, bu, həm də Azərbaycana mesajdır. F.Mustafa idman komplekslərini ucuzlaşdırmağı, idman üçün meydanlar insanların üzünə açmağı da təklif etdi: “Elə bunun nəticəsidir ki, xəstəxanalar hamısı doludur, insanlar hamısı xəstədir”.
musavat.com