İnternet resurslarında və mediada ailədaxili münaqişələrin hüquqi tənzimlənməsi
Son illər sosial şəbəkələrdə və digər internet resurslarında ailə münaqişələri və bu müstəvidə baş verən hadisələrlə bağlı çoxsaylı xəbərlər yayılmaqdadır. Hətta bəzən sosial şəbəkələrdə olan bu tipli xəbərlərin media səhifələrində əksini tapması halları da müşahidə olunur.
Bu xəbərlər əsasən ailə münaqişələri, boşanma, məişət zorakılıqları, ailədə məişət müstəvisində baş vermiş münaqişə zəminində kriminal hadisələrin, əsasən də qətl hadisələrinin baş verməsi ilə bağlı olur. Bununla belə, bəzən hansısa şəxs və onun ailəsinə dair məlumatların da yayılması hallarına rast gəlinir. Qanunvericiliyə əsasən bu tipli xəbərlərin toplanılması və yayılması istər onu toplayan, istərsə də yayan fiziki və hüquqi şəxslər üçün hüquqi məsuliyyət yaradır. Azərbaycan Respublikasının qanunvericilik sistemində bununla bağlı müvafiq maddələr öz əksini tapıb.
Ailə münasibətlərinin hüquqi əsasları
Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6-cı maddəsinə vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur.
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.
əhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər.
Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri (onlardan birini) bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər.Uşağın yaxın qohumları, prokuror, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.
Şəxsi həyatın toxunulmazlığı hüquqi normadır
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən ( Şəxsi həyatın toxunulmazlığını pozma) şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması qadağandır. Bu əməli törədən şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, eləcə də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onu da qeyd edək ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda məişət zorakılığı olan hadisələrin qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub. Belə ki, qanunun 16-cı maddəsinə əsasən məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər nəzərdə tutulur. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:
– məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;
– məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;
– məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;
– əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;
– məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;
– məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;
– məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;
– məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi; məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.
Maarifləndirmə və profilaktik tədbirlərin istiqamətləri
Onu da qeyd edək ki, məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun məqsədi zorakılıqdan zərər çəkmiş şəxsin mühafizəsi ilə bərabər, habelə sağlam ailə münasibətlərinin bərpa edilməsinə yönəlibdir. 16-cı maddənin tələblərinə görə qabaqlayıcı tədbirlərin iki istiqamətdə aparılması nəzərdə tutulur. Birincisi, məişət zorakılığı halları törədilmiş ailələrdə, ikincisi, ümumilikdə əhali ilə aparılan maarifləndirmə prosesində. Qabaqlayıcı tədbirlərin birinci istiqamətinə aid etmək olar: məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması; məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi; məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi. İkinci qrup qabaqlayıcı tədbirlərə sorğunun keçirilməsi və əhalinin geniş mənada maarifləndirilməsi aid edilir. Məişət zorakılığı halları törədilmiş ailələrdə profilaktik tədbirlər məqsədyönlü şəkildə aparılır. Bu tədbirlər məişət zorakılığı hallarının təkrarlanmamasına xidmət edir. Tədbirlərin effektivliyi onların peşəkar şəkildə həyata keçirilməsindən asılıdır.
Ailə problemlərinin telekanallarda ictimailəşdirilməsinin sosial təsirləri
Onu da qeyd edək ki, istər fərdi, istərsə də ailə hüquqlarının qanunvericilik tərəfindən qorunması ilə bağlı bütün hüquqi bazanın olmasına rəğmən bugünkü günümüzdə ailə problemlərinin böyük auditoriyası olan telekanallarda sosial şou proqramlar adı altında cəmiyyətə təqdim olunması davam edir. Sosioloqlar hesab edirlər ki, ailə problemlərinin televiziyalar tərəfindən ictimailəşdirilməsi bir tərəfdən həmin kanalların özünə auditoriya toplaması və maddiyyatla bağlı olsa da, digər tərəfdən oraya çıxarılan insanların özhüquqlarını yetərincə bilməməsindən irəli gəlir. Həmin insanlar bilməyərəkdən televiziya kanallarındakı proqramlarda istifadə olunan vasitəyə çevrilirlər. Təbii ki onları bu proqramlara müxtəlif cəlbedici təkliflərlə də cəlb etmək mümkündür. Bununla belə sosioloqlar ailədaxili məsələlərin televiziyalar tərəfindən ictimailəşdirilməsinin cəmiyyətin ziyanına olduğunu və bu sahədə də vacib hüquqi tənzimləmənin aparılmasının zərurətə çevrildiyi qənaətindədirlər.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai BirliyininAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.