!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntihar etdiyi deyilən 3 ayın gəlininin anasından şok sözlər: "Əri döyüb öldürüb" - VİDEO

!Reklam – Yazi

Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən riyaziyyat müəlliməsi Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir. Mərhumun valideynləri qızlarının hərbçi həyat yoldaşı Ruzi Axundov tərəfindən döyülərək öldürüldüyünü düşünürlər.

Yenicag.az xəbər verir ki, qızının həyat yoldaşı tərəfindən qətlə yetirildiyini düşünən və qızının ölümünün əsl səbəbini bilmək istəyən ana ATV-nin “Bizimləsən” proqramına üz tutub.

Nisə xanım qızı Afətin heç bir maddi çətinliyinin olmadığını deyib: “Müəllimə işləyirdi, 500-600 manat maaş alırdı. Özünə maşın da almaq istəyirdi. Atası kömək edəcəkdi. Ruzini də sevirdi. Burada başqa səbəblər var. Qızım özünü öldürə bilməzdi. Ruzi yasa da gəlmədi. Düzdür, biz onları dəfn mərasiminə və məclislərə buraxmadıq.

Buna da əsasımız var. Afət ölən günü həyat yoldaşım ondan soruşub ki, qızım niyə belə etdi. Cavab vermək əvəzinə qaçıb gedib. Qapının ağzında hərbi maşına oturub qaçıb. O gündən onu görməmişik. Günahı yox idisə, bizdən qaçmamalıydı.

Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruzi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Biz Afətin əşyalarını gətirməyə gedəndə divanın üstündə, divarda qan ləkələri var idi. Masanın üstündə yarıyadək içilmiş araq şüşəsi vardı, yanında da stəkanı. Həmin gün Ruzi içkili olub. Qızımı döyüb öldürüb. Sonra da hamını aldatmaq üçün götürüb asıb”.

Afətlə yaxın münasibətdə olan qonşu qadın “Bizimləsən” proqramına zəng edərək Afətin əri Ruzinin çox qısqanc olduğunu, hətta onun 12 yaşlı oğluna belə qısqandığını deyib.

Afətin anası proqramda onu da açıqladı ki, Ruzi özünə 2017-ci ilin oktyabr ayında, daha sonra 2018-ci ildə toy etmək üçün onun qabaq qızının adına fərqli tarixlərdə 8 500 və 3 500 manat kredit götürüb.

Afət Şahverdiyevanın atası Valeh Şahverdiyev da qızının intihar etmədiyini düşünür:

“Fevralın 8-də qızımın əri Ruzi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib. Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət “papa, məni evə apar” dedi, o an da keçindi. Onun cəsədi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruzi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və “Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz”.

8 fevral 2019 tarixində ölən Afət 12 noyabr 2018-ci ildə ailə həyatı qurmuşdu.

Mərhumun valideynləri tərəfindən ittiham olunan Afətin həyat yoldaşı Ruzi Axundov deyib ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri onu da qeyd edib ki, hadisədən əvvəl onlar deyib-gülüblər.

Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir. Meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.

www.yenicag.az

7956
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv