Tanınmış iqtisadçı Qubad İbadoğlu regionların sosial-iqtisadi inkişafına sərf olunmuş 10 milyardlarla manat vəsaitin səmərəsiz xərcləndiyini bildirib.
Yenicag.az xəbər verir ki, hazırda ölkə xaricində olan iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yerləşdirdiyi videomaterialda hökumətin 2004-cü ildən bu yana regionların sosial-iqtisadi inkişaf proqramlarını ətraflı təhlil edib.
İbadoğlunun sözlərinə görə, hökumətin 2003-2017-ci illərdə regionların sosial-iqtisadi inkişafı proqramlarına 62,8 milyard manat vəsait sərf etməsinə baxmayaraq, gözlənilən nəticə əldə olunmayıb:
“2004-17 illərdə regionların sosial-iqtisadi inkişafı üçün xərclənmiş vəsaitlərin ümumi məbləği 62 milyard 800 milyon manatdır. Söhbətin 13 illik dövrdən getdiyini nəzərə alsaq, bu, çox böyük vəsaitdir. Bu hesabla belə alınır ki, 13 ildə regionlara hər il təqribən 5 milyarda yaxın vəsait xərclənib.
Açıqladığım rəsmi rəqəmlərdir. Məlumata görə, 2004-13-cü illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı məqsədi ilə bütün mənbələrdən 50 milyard 700 milyon manat vəsait sərf olunub. Bu, manatın “hörmətli” vaxtında baş verib. O zaman 50 milyard manat 60 milyard dollara bərabər idi.
Regionların inkişafını sürətləndirmək üçün 2015-ci ildə əlavə olaraq 4,5 milyard, 2015-ci ildə 3,6 milyard, 2016-cı ildə isə 4 milyard manat xərclənib. Təbii, regionların inkişafını görsəydik, bunu sürətləndirə bilərdik.
Ancaq çox təəssüf ki, 62,8 milyard manat xərclənən regionların bugünkü iqtisadi vəziyyəti hər birimizi narahat edir. 62,8 milyard manat vəsait nə deməkdir? Bu, o deməkdir ki, hər bir rayona orta hesabla 1 milyard manat vəsait xərclənib. 1 milyard manat hansısa rayonun çiçəklənməsi və inkişafı üçün yetərli məbləğdir.
2018-ci ilin dövlət büdcəsində yerli gəlirlər 3, 23 faiz (650 milyon manat) təşkil edir. Bu məbləğ regionların inkişafına sərf olunmuş 62,8 milyard manatın 1,03 faizidir. Təsəvvür edin ki, 62 milyard manat həcmində sərmayə qoyulur və onun cəmi 1 faizi vergilər şəklində geri qayıdır. Əgər o sərmayə hesabına başqa bir dəyər formalaşardısa, bölgələrdə iş yerləri problemi həll olunardısa, biz bununla da razılaşardıq.
Məsələ ondadır ki, 2015-ci ildən etibarən, dövlət büdcəsində yerli vergilərin həcmi azalmaqdadır. Diqqət yetirsək, dövlət büdcəsinə 2015-ci ildə 834,5 milyon manat, 2016-cı ildə isə 766 milyon manat, 2017-ci ildə isə 620 milyon manat vergi daxil olub. 2018-ci ildə isə bu məbləğin 650 milyon manat olacağı proqnozlaşdırılır.
Bəs onda ildə bu qədər vəsait yatırılan rayonlardan niyə nə dövlət büdcəsi, nə vətəndaş, nə də iqtisadiyyat olaraq fayda görmürük? Mən hesab edirəm ki, bunun əsas səbəbi rayonlara ayrılan vəsaitlərin qeyri-məhsuldar istiqamətə yönəldilməsidir. Bu vəsaitlərin əsas hissəsi regionlarda məktəblərin (3 min yeni məktəb), səhiyyə obyektlərinin, Olimpiya komplekslərinin (40) və digər mərkəzlərin açılmasına xərclənib. Bu müəssisələr isə nəinki gəlir gətirmir, əksinə, onların saxlanmasına pul lazım olur”.
İbadoğlu yazısının yekununda qeyd edib ki, mövcud şəraitdə hökumətin regionların sosial-iqtisadi inkişafına əlavə 62 milyard manat xərcləmək imkanı yoxdur. Ona görə də bölgələrin inkişafı məqsədi ilə yerli potensialdan maksimum səmərəli istifadə olunmalıdır.
A. Zeynalov
www.yenicag.az