İran İsrailin 7 rəsmisini HƏDƏF SEÇDİ: “Bu, daxili təlatümü gizlətmək üçün hesablanmış şoudur”
“İran İsrail rəsmilərinin fotosu ilə daxili auditoriyanı öz arxasına almağa çalışır”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Yenicag.az xəbər verir ki, İranın dövlət kanallarından biri İsrailin Baş naziri Benyamin Netanyahu, MOSSAD rəhbəri David Barnea, müdafiə naziri İsrael Kats, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eyal Zamir, Hərbi Hava Qüvvələrinin komandanı Tomer Bar, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Şlomi Binder və Müdafiə Qüvvələrinin Əməliyyatlar İdarəsinin rəisi Yitzhak Kohenin fotosunu hədəfə qoyaraq, “Əbabillərinizi gözləyin” başlıqlı görüntülər yayımlayıb.
Politoloq Z. Əmrəliyev bu cür kadrların dövlət kanalında yayımlanmasının pərdəarxası səbəblərini izah edib:
“İran bu cür addımlardan əsasən daxili auditoriya üçün istifadə edir. İran dövlət televiziyasında belə açıqlamaların əvvəllər də şahidi olmuşuq. Praktikada isə bu təhdidlərin heç birinin həyata keçirilməməsi göz önündədir. Əlbəttə, İran İsrailin dövlət rəsmilərinə qarşı belə bir hücum reallaşdırmağı çox istəyir. Çünki İranda İsrailə qarşı güclü qisas hissi var. İsrail İranın yüksək rütbəli şəxslərinə qarşı sui-qəsd planlarını dəqiqliklə icra etmişdi; onların öz evlərində zərərsizləşdirilməsi əməliyyatları yüksək peşəkarlıqla həyata keçirilmişdi. İran buna qarşılıqlı cavab vermək istəsə də, bir məqam var ki, İsrail kəşfiyyatı və yüksək rütbəli şəxslərin mühafizə xidməti olduqca güclüdür. İranın İsrail daxilində hansısa akt törətməsi inandırıcı görünmür.”
Politoloq İranın İsrailin yüksək rütbəli şəxslərinə qarşı sui-qəsd cəhdi etməsinin nəzəri olaraq mümkünlüyünü, lakin çətinliyini diqqətə çatdırıb:
“Doğrudur, İran tərəfi buna cəhd edə bilər və hansısa təhlükəsizlik boşluğu nəticəsində uğurlu cəhd də alına bilər, amma istənilən halda bunun gerçəkləşmə ehtimalı azdır. Bütün bunların fonunda İranın dövlət kanalında səsləndirilən iddialar daxili auditoriyaya hesablanıb. Çünki hazırda İran daxilində sosial-iqtisadi problemlərə görə ciddi təlatüm hökm sürür. Bir müddət əvvəl başlanan etiraz aksiyalarında insanlar məhz sosial-iqtisadi çətinliklərə görə küçələrə axışmışdılar; daha sonra bu aksiyalar siyasiləşdi.
Ona görə də dövlət rəsmiləri daxili auditoriyadakı narahatlıqdan ciddi şəkildə çəkinirlər. İran hazırda bu sosial narazılığın gündəmini dəyişərək onu ‘düşmənlərlə mübarizəyə’ yönəltməyə çalışır. Belə süjetlərlə əsas diqqəti daxildən xaricə yayındırmaq istəyirlər. Hökumət xalqı bu cür görüntülərlə düşmənlərə qarşı birləşməyə dəvət edir. İran kimi avtoritar rejimlərin mahiyyəti budur: daxili problemlərdən diqqəti yayındırmaq. Bu, təkcə İranda deyil, Rusiyada da belədir.”
Nurlan Cəfəri













